“Startap”çı  KOB-ların sayı artır

post-img

Ötən il Azərbaycanda 65 kiçik və orta biznes (KOB) subyektinə “Startap” şəhadətnaməsi verilib. Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, il ərzində 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün quruma, ümumilikdə, 109 müraciət daxil olub. Ekspertlər şurası “Startapın müəyyən olunması meyarları”na əsasən həmin müraciətlərə baxıb və seçim edib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla 62-si mikro və 3-ü kiçik sahibkardır. Onların layihələri kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.

Xatırladaq ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və yaxud gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Qərara əsasən “Startap” şəhadətnaməsini 2021-ci ilin may ayından  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi verir.

İqtisadiyyat