2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının artımı 3 faiz, 2026-cı ildə isə 2,4 faiz təşkil edəcək. Bu barədə məlumat “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin ölkəmizin kredit reytinqinin təsdiqlənməsinə dair hesabatında yer alıb. Agentliyin hesabatına əsasən, 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,7 faiz təşkil edəcək.
Sənəddə qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda ÜDM artımı ölkədə neft hasilatının daha yavaş azalması və Qarabağın bərpasının iqtisadi səmərəliliyi fonunda 4,1 faizə qədər sürətlənib. Bu da əvvəlki ildə qeydə alınmış 1,1 faizlik göstəricidən xeyli yüksəkdir. “Biz artımın 2025-ci ildə 3 faizə, 2026-cı ildə isə 2,4 faizə qədər yavaşlayacağını gözləyirik, lakin artım yenə də dövlət investisiyaları ilə dəstəklənəcək”, – deyə agentlik bildirir. Bununla yanaşı, nüfuzlu reytinq agentliyi Azərbaycanda neft hasilatının azalma tempinin yavaşlaması tendensiyasının davam edəcəyini və qaz hasilatının artımı ilə müşayiət olunacağını gözləyir.
Yeri gəlmişkən, Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə ÜDM-in 3,5 faiz, 2026-cı ildə isə 2,8 faiz artacağını proqnozlaşdırır.