Kəndlərin çoxunda müasir şəbəkə qurulub
“Azərişıq” ASC-dən XQ-yə bildirilib ki, 2024-cü ilin son ayları və yeni ilin ilk günlərində də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri davam etdirilib. Kəlbəcər rayonu ərazisində 5 istiqamətdə iki və beş dövrəli kabel xətlərinin çəkilişinə start verilib. Artıq Alagöllərdə strateji obyektlərin elektrikenerjisi ilə təminatı reallaşıb, Milli, Çaykənd, Qamışlı kəndləri istiqamətində xətlərin çəkilişi yekunlaşdırılıb.
Hazırda 110/35 kV-luq İstisu
yarımstansiyasından mineral su zavoduna çəkilən ikidövrəli kabel xəttinin çəkilişi davam etdirilir. Dayaqların quraşdırılması yekunlaşdırılıb, kabellərin montaj işləri aparılır. Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə “İstisu” yarımstansiyası istifadəyə verilib.
Laçında da dağıdılmış elektrik təsərrüfatının yenidən qurulması işləri davam edir. Minkənddə 35 kV-luq yarımstansiyanın və şəhər daxilində Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşır. Quşçu kəndində kabel hava xəttinin çəkilişi tamamlanıb, transformatorlar quraşdırılıb, gərginlik verilib. Kürdhacı, Ərikli, Şəlvə, Güləbird və Qorçu kəndlərində elektrik xətləri çəkilişi davam edir. İkidövrəli hava kabel xətləri çəkilir.
Xatırladaq ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun digər rayonlarında da dağıdılmış elektrik şəbəkələri tamamilə yenidən qurulur. Yeni salınan şəhər və qəsəbələrin işıqlandırılması üçün ən müasir avadanlıqlardan istifadə edilməklə yeni güc mərkəzləri yaradılır. Görülən bütün işlər Baş plana əsasən aparılır.