“SOCAR Türkiyə” regionun əsas enerji oyunçusuna çevrilir
“SOCAR Türkiyə”nin dəvəti ilə Azərbaycanın media nümayəndələrindən ibarət geniş heyətin İstanbula səfərinin proqramı əvvəlcədən bəlli idi: regionun enerji sektorunda mühüm rol oynayan şirkətin 2024-cü il iqtisadi göstəriciləri və ilin maliyyə yekunları ilə bağlı hesabat xarakterli geniş mətbuat konfransı. Ənənəvi görüşə çevrilmiş bu tədbir 2 ildən artıq idi ki, keçirilmirdi, amma jurnalistlərin öyrənmək istədikləri istənilən məsələyə şirkət müasir texnologiyalar üzərindən dərhal cavab verirdi. Belə əlaqələr isə təbii ki, birbaşa ünsiyyəti əsla əvəz edə bilməzdi.
Qardaş ölkənin ana şəhərində bu mətbuat konfransında Azərbaycan media nümayəndələrini “SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Elçin İbadov və "SOCAR Türkiyə"nin emal və neft-kimya biznes vahidinin rəhbəri, PETKİM-in baş direktoru Kənan Mirzəyev salamladı.
Şirkətin baş direktoru Elçin İbadovun verdiyi statistik məlumatlar və şərhlərdən aydın olan ilk fikir ondan ibarət idi ki, “SOCAR Türkiyə” 2024-cü ili yüksək maliyyə nəticələri ilə başa vuraraq Türkiyənin enerji sektorunda son illərdə sahib olduğu strateji oyunçu və regional əməkdaşlıqda əsas tərəfdaş statusunu daha da gücləndirib.
Elçin İbadov başa çatan 2024-cü ildə "SOCAR Türkiyə"nin əldə etdiyi nəticələrin Türkiyəyə və regionun enerji sektoruna verdiyi mühüm töhfələrdən bəhs edərkən qeyd etdi ki, şirkət sabit gəlir artımını təmin edərək, neft, qaz və neft-kimya sənayesində öz mövqeyini möhkəmləndirməkdə davam etmişdir. Türkiyənin ən böyük xarici investoru olan SOCAR Türkiyəyə 17 il ərzində, ümumilikdə, 18,5 milyard ABŞ dolları sərmayə yatırmışdır. Təsadüfi deyil ki, Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu "SOCAR Türkiyə", eyni zamanda, Əliağa yarımadasındakı bütün törəmə müəssisələrini əhatə edən ərazisi üçün Türkiyədə "Xüsusi Sənaye Zonası" adını alan ilk şirkətdir. Şirkətin qardaş ölkənin sosial-iqtisadi həyatında oynadığı strateji rolu göstərən faktlardan biri də ondan ibarətdir ki, “SOCAR Türkiyə” Türkiyənin ən böyük işəgötürənlərindən biridir və hazırda bu şirkətdə çalışan işçilərin sayı, təxminən, 5 min 600 nəfərdir. Podratçı şirkətlərin işçiləri də daxil olmaqla "SOCAR Türkiyə"nin əməliyyatlarında 10 min nəfərdən artıq insan çalışır.
Əsas nailiyyətlərə gəldikdə isə, dünyanın ən müasir neft emalı müəssisəsi olan STAR NEZ emal və neft-kimya inteqrasiyasını uğurla təmin edir və Türkiyədə tək nöqtəyə edilən ən böyük real sektor investisiyasıdır. Bu xidmətinə görə STAR NEZ Türkiyənin ilk “Strateji İnvestisiya Təşviqi” sertifikatına sahibdir. 2023-cü ildən dünyanın enerji sektorundakı qlobal problemlərə baxmayaraq, STAR Neft Emalı Zavodunun ilk planlı 2 aylıq dayandırılması uğurla tamamlanıb və yenilənmə layihəsinə 56 milyon ABŞ dolları həcmində investisiya yatırılıdıqdan sonra xam neftin emal həcmini 2,5 faiz artıraraq 13 milyon tona çatdırıb. 2023-cü ildə istehsal gücündən istifadə əmsalı 117,1 faiz təşkil edib. Beləliklə, zavod regionun ən səmərəli neft emalı zavodlarından biri statusunu təsdiqləyərək, hələ 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsulları ehtiyacının 18 faizini təmin edib. Bu məhsullara dizel yanacağı, nafta, aviasiya yanacağı və LPG kimi müxtəlif neft məhsulları daxildir. Bunun sayəsində STAR NEZ-in istehsal etdiyi illik nafta ilə ‘‘Petkim’’in xammal ehtiyacı demək olar ki, tam ödənilir.
Hələ 2021-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasına qoşulan ilk neft emalı zavodu STAR NEZ Egey Zonası Sənaye Palatasının (EBSO) 2023-cü il üzrə 100 ən böyük şirkəti siyahısında birinci yerdə qərarlaşıb.
Şirkətin baş direktorunun verdiyi məlumatlar, sözün əsl mənasında, qürurverici idi. Məsələn, 2024-cü ildə ayrı-ayrı sahələrə yatırılan investisiyalardan bəhs edərkən qeyd olundu ki, “Petkim’’ Liman Modernizasiya Layihəsinə 70 milyon dollar, ‘‘Petkim’’ Tullantı Su Qurğusunun İnkişafı Layihəsinə 20 milyon ABŞ dolları investisiya yatırılıb. Aparılan modernləşdirmədən sonra ‘‘Petkim‘‘ (“Petkim’’ Liman) hazırda regionda ən yüksək məhsuldarlığa sahib bir limana çevrilmiş və 18 min TEU tutumu olan ən son nəsil gəmiləri qəbul etmək qabiliyyətinə malikdir. Bununla paralel olaraq SOCAR Terminal Egey dənizi regionunun ən böyük konteyner terminalına çevrilmişdir və hazırkı nəzəri gücü 1,5 milyon TEU-dur. Cari faktiki gücü isə 600 min TEU təşkil edir. 2024-cü ildə SOCAR Terminalda 550 min TEU ilə konteyner yükləmə rekordu yenilənib ki, bu da çıx yüksək bir göstərici hesab edilir.
Təkcə Türkiyənin deyil, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) fəaliyyəti barədə də ayrıca danışmağa ehtiyac var. Çünki TANAP-da 7 faiz paya sahib olmasına baxmayaraq, “SOCAR Türkiye” şirkətin idarə olunmasında aktiv şəkildə iştirak edir. TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3 min 500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir. TANAP Avropa və Türkiyənin təbii qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı, Türkiyəni “Enerji Herkese Açık & Kişisel Veri İçermez” dəhlizinə çevirmək istiqamətində bugünə qədər atılmış ən strateji addımlardan biridir. Layihə ilə nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetri Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur, 10 milyard kubmetr təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır.
Ötən il TANAP vasitəsilə nəql olunan qazın həcmi artırılıb və bu boru kəməri vasitəsilə Azərbaycandan Türkiyə və Avropaya təbii qaz nəqli davam etdirilib. Belə ki, 2024-cü ildə nəql olunan qazın həcmi 2023-cü illə müqayisədə 15 faiz artıb.
Türkiyə–Yunanıstan sərhədində TAP ilə birləşəndən sonra Azərbaycan qazını Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya çatdıran TANAP-ın 16 milyard kubmetrlik ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Regionun ən uzun və ən böyük diametrli təbii qaz kəməri olan TANAP ilə 31 dekabr 2024-cü il tarixinə nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetr olub. 2018-ci ilin 30 iyunundan etibarən Türkiyəyə çatdırılan kommersiya qazının ümumi həcmi 30,80 milyard kubmetr, 2020-ci il dekabrın 31-dən etibarən Avropa üçün nəql edilən kommersiya qazının ümumi həcmi isə 42,74 milyard kubmetr təşkil edib.
“SOCAR Türkiyə”nin Türkiyədə və onun hüdudlarından kənarda mövqeyini gücləndirməsini göstərən əhəmiyyətli addımlardan biri də ötən il Azərbaycan qazının Bolqarıstana tədarükü ilə bağlı BOTAŞ dövlət şirkəti ilə müqavilənin imzalanması oldu və bu addım ″SOCAR Türkiyə″ni Avropanın enerji infrastrukturunda strateji tərəfdaş kimi yenidən təsdiq etdi. Çünki bu müqavilə şirkətin enerji təchizatında Şərq və Qərb arasında körpü kimi mövqeyini gücləndirməyə xidmət edəcək.
İstanbul səfərində media nümayəndələrinə Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi ‘‘Petkim’’in fəaliyyəti və iqdisadi göstəriciləri haqqında da geniş məlumat verildi. Hələ ötən səfərlərimizdən fəaliyyəti ilə yaxından tanış olduğumuz "Petkim"in hazırda “ESG” reytinqi üzrə dünyada 206 neft-kimya şirkəti arasında 8-ci yeri tutduğunu biləndə müəssənin uğurları ilə daha ətraflı maraqlanmalı olduq.
15 əsas istehsal müəssisəsinin 3,6 milyon ton istehsal gücünə malik ‘‘Petkim’’də bu gün 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur. İstehsal nəhənginin region üçün xüsusi əhəmiyyəti ondadır ki, onun müəssisələri Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının, təxminən, 10,8 faizini qarşılayır. Amma ‘‘Petkim’’in imkanları bununla məhdudlaşmır. Şirkət məhsul çeşidini genişləndirərək, xüsusilə Avropa İttifaqına ixracını artırıb. Hazırda bu müəssisələrdə istehsal edilən məhsullar dünyanın 48 ölkəsinə ixrac edilir.
2 il əvvəl, 2022-ci ilin sonunda ‘‘Petkim’’ 6,5 milyard TL ilə 58 illik tarixinin xalis mənfəət rekordunu yeniləmişdi. Bu uğurlarını davam etdirən ‘‘Petkim’’ 2023-cü ildə Egey Zonası Sənaye Palatasının (EBSO) “100 Ən Böyük Şirkət” siyahısında üçüncü və İstanbul Sənaye Palatasının (İSO) hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023" siyahısında istehsaldan satışa görə 35,9 milyardlıq satışla 30-cu sırada yer alıb.
“SOCAR Türkiyə” Emal və Neft-Kimya Biznes Vahidi”nin rəhbəri və ‘‘Petkim’’in Baş direktoru Kənan Mirzəyev bu uğurları sadalayarkən əlavə etdi ki, dünya bazarlarının eniş dövründə olmasına, marjaların daralmasına və bir çox oyunçunun neft-kimya müəssisələrini bağlamasına baxmayaraq, ‘‘Petkim’’ son 5 ildə orta hesabla 2,6 milyon ton ümumi məhsul əldə etmişdir. 2022-ci ildə həyata keçirilən planlı əsaslı təmirlə bağlı “Xlor Alkali & VCM” qurğularının müvəqqəti dayandırılmasına baxmayaraq, ‘‘Petkim’’ 2022-2024-cü illər arasında hər il orta hesabla 2,2 milyon ton məhsul istehsal edib. Ayrılıqda 2024-cü ildə istehsal həcmi 2 milyon tona çatıb. ‘‘Petkim’’ bu yüksək istehsal həcmini ‘‘Değer Benim’’ kimi dəyər yaratma platformaları, rəqəmsallaşma və neft emalı, neft-kimya inteqrasiyası kimi əsas elementlər sayəsində əldə edib.
Elçin Mirzəyevin açıqlamalarına görə, neft-kimya sənayesinin eniş dövrü 2030-dan sonra başa çatacaq və məhz bundan sonra qlobal etilen istifadəsinin artacağı proqnozlaşdırılır. Eyni zamanda, qlobal dəyər bazasının da orta və uzun müddətdə COVID-dən əvvəlki səviyyələrə qayıtması gözlənilir. Avropada köhnəlmiş neft-kimya müəssisələrinin bağlanmasına baxmayaraq, qlobal miqyasda istehsal gücündən istifadənin artımı müşahidə olunur. Bütün bu amillər nəzərə alındıqda, ‘‘Master Plan’’ layihəsinin zaman planı ‘‘Petkim’’in neft-kimyanın yüksək dövrünə hazır olmasına imkan yaradacaqdır.
Baş direktor bütün bunlardan çıxış edərək bildirdi ki, ‘‘Petkim’’ yüksək inkişaf potensialı və tələbat səbəbindən Etilen, PP (Polipropilen) və YSPE/LASPE (Yüksək Sıxlıqlı Polietilen / Linear Aşağı Sıxlıqlı Polietilen) zavodlarına sərmayə yatırmağı hədəfləyir. Çünki Türkiyənin neft-kimya bazarında, xüsusilə, polimerlərə olan tələbatın yaxın gələcəkdə artmağa davam edəcəyi proqnozlaşdırılır. ‘‘Petkim’’i bu prosesə hazırlamaq məqsədilə “SOCAR Türkiyə” 2022-ci ildən etibarən müxtəlif məsləhətçi şirkətlərlə birlikdə alternativ seçimləri təhlil etmişdir. “Wood Mackenzie” tərəfindən həyata keçirilən, texnologiyaya çıxış, bazar strukturu, iqtisadi potensial və strateji uyğunluq kimi amilləri qiymətləndirən çoxşaxəli araşdırmalar etilen istehsalı və polimerləşmənin ən yüksək potensiala malik sahələr olduğunu göstərib. Bu istiqamətdə “Master Plan” tələbatın sürətlə artdığı termoplastik məhsullara, xüsusilə PP və YSPE/LASPE məhsullarına fokuslanacaq.
KBR tərəfindən həyata keçirilən Texniki-İqtisadi Əsaslandırma və Texniki Tətbiq Olunma İşlərinin nəticələrinə əsasən, yekun investisiya qərarı veriləcəyi təqdirdə ‘‘Petkim’’ yeni bir Etilen Zavodu (1,2 MTA), PP Zavodu (550 KTA) və YSPE/LASPE Zavodu (827 KTA) tikintisini planlaşdırır. Bu sərmayələr reallaşacağı təqdirdə əlavə dəyərli etilen zəncirinə fokuslanaraq Türkiyənin neft-kimya istehsal potensialını əhəmiyyətli dərəcədə artırmaq proqnozlaşdırılır.
Əlbəttə, bütün bunlar “SOCAR Türkiyə”nin ətraf mühitin mühafizəsi təşəbbüslərini arxa plana keçirmir. Əksinə, “SOCAR Türkiyə” ekoloji layihələrə, o cümlədən müəssisələrdə karbon emissiyalarının azaldılması proqramlarına da fəal şəkildə sərmayə qoyub. Bu gün şirkətin obyektlərindən birində bərpaolunan enerji mənbələrindən istifadə üzrə pilot layihəyə start verilib.
Bütün bunlarla yanaşı, “SOCAR Türkiyə” regionda və dünyada baş verənləri diqqətdə saxlamaqla bərabər çağırışlar və gələcək üçün planlar hazırlayıb. Məsələn, 2024-cü ildə qeyri-sabit enerji qiymətləri və maye qaz bazarında rəqabət səbəbindən “SOCAR Türkiyə” təzyiqlə üzləşdi. Lakin şirkət bu şərtlərə uğurla uyğunlaşdı. Ona görə də şirkət 2025-ci il üçün bir çox strateji hədəflər müəyyənləşdirib: STAR neft emalı zavodunun gücünün genişləndirilməsi, maliyyə sabitliyi və artım, “yaşıl” enerji və karbon neytrallığına yeni investisiyalar, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi, müəssisələrdən karbon emissiyalarının azaldılması. Əlbəttə bu, “SOCAR Türkiyə”nin davamlı inkişaf və yaşıl enerji sahəsində qlobal tendensiyalarla ayaqlaşmaq istəyini aydın əks etdirir.
Yekun olaraq belə nəticəyə gəlmək olar ki, “SOCAR Türkiyə” enerji bazarlarında qlobal qeyri-sabitliklə bağlı problemlərə baxmayaraq, 2024-cü ili güclü maliyyə göstəriciləri ilə başa vurub. STAR NEZ və ‘‘Petkim’’ neft-kimya zavodlarının məhsullarının satışı sabit səviyyədə saxlanılıb ki, bu da şirkətə daxili və xarici bazarlarda uğurla rəqabət aparmağa imkan verib. Bunlar da şirkətin davamlılığını və bazar şərtlərinə uyğunlaşma qabiliyyətini nümayiş etdirir.
Beləliklə, 2024-cü ilin strateji nəticəsi ondan ibarətdir ki, Türkiyənin və regionun enerji bazarında aparıcı oyunçulardan biri kimi “SOCAR Türkiyə”nin mövqeyi uğurla möhkəmlənməkdə davam edir. Bu isə, bütövlükdə, Azərbaycanın regionda nüfuzunun güclənməsi və enerji bazarında etibarlı portnyor rolunun daha da möhkəmlənməsi deməkdir.
P.S. Media nümayəndələrinin İstanbul səfərinə rəng qatan hadisələrdən biri də “Xalq qəzeti“nin və onun təmsilçisi İlqar Rüstəmovun ümummilli lider Heydər Əliyevin 100 illiyinə töhfəsi olan və 2023-cü ildə işıq üzü görən “Heydər Əliyev xatirələr işığında“ kitabının “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadova təqdim edilməsi oldu. Kitabın müəllifi vurğuladı ki, “SOCAR Türkiyə”nin bu mətbuat konfransında səslənən qürurverici faktları ulu öndər Heydər Əliyevin 1994-cü ildə “Əsrin müqaviləsi“ ilə əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən neft strategiyasının parlaq təzahürüdür.
İlqar RÜSTƏMOV
XQ
Bakı–İstanbul–Bakı