Yola saldığımız 2024-cü ilin 11 ayı ərzində müxtəlif səbəbdən zərərlə üzləşən fermerlərə 5 milyon 642 min manat sığorta ödənişi edilib. Sığorta ödənişlərinin 4 milyon 659 min manatı meyvə bağları və əkin sahələri, 983 min manatı isə heyvandarlıq üzrə olub. Bu barədə XQ-yə Aqrar Sığorta Fondundan məlumat verilib.
Bildirilib ki, ötən il 2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2 dəfə, o cümlədən meyvə bağları və əkin sahələri üzrə ödənişlər 2,3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 40 faiz çoxalıb. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Aqrar Sığorta Fondu fermerlərə, ümumilikdə, 2 milyon 741 min manat sığorta ödənişi edib. Həmin məbləğin 2 milyon 43 min manatı meyvə bağları və əkin sahələri, 698 min manatı isə heyvandarlıq üzrə olub.
2024-cü ilin 11 ayında bitkiçilik sığortası üzrə ən çox sığorta ödənişləri fırtına, dolu, şaxtavurma və subasma hadisələri üzrə həyata keçirilib. Heyvandarlıq sığortasında isə ödənişlərin böyük hissəsi yoluxucu xəstəliklər və ot-yemdən zəhərlənmə hallarına aid olub. Bu dövrdə Aqrar Sığorta Fondu, ümumilikdə, 410 min 561 hektar əkin sahəsini sığortalayıb. Fond əkin sahələrinə 462 milyon manatlıq sığorta təminatı verib.
Hesabat dövründə ölkə üzrə 3 min 169 heyvan sığorta edilib, 19 milyon 554 min manat sığorta təminatı verilib. Eyni zamanda, 12 milyon 829 min manat sığorta haqqı toplanıb. Bitkiçilik üzrə ödənilən sığorta haqları 10 milyon 934 min manat, heyvandarlıq sahəsi üzrə isə 1 milyon 895 min manat təşkil edib. Ən çox sığortalanan əkin sahələri isə taxıl və pambıq bitkiləri ilə yanaşı, nar, şaftalı, nektarin, fındıq, üzüm və zeytun bağları, çəltik, şəkər çuğunduru sahələri olub.
Yeri gəlmişkən, sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə, fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.