Hər əməliyyat 20 dəqiqəyə bitir
“Azərbaycan Dəmir Yolları” ötən il Şimal – Cənub və Şərq – Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərindəki ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib.
ADY-dən “XQ”yə verilən məlumata görə, hazırda “ADY smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün proseslər real vaxt rejimində izlənilir. Başqa sözlə, əvvəllər saatlarla davam edən yük əməliyyatlarının müddəti indi 20 dəqiqə çəkir ki, bu da rəqəmsal iş icazəsi (naryad) sistemi ilə gerçəkləşir. Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY smart”la elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa həyata keçirmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir.
Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi, qonşu ölkələrin mövcud IT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini gerçəkləşdirir. Bütövlükdə, bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, xarici dövlətlərin Azərbaycan ərazisinə daxil olan, Azərbaycan ərazisindən tranzit keçən və Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələri, oxlarının sayından, ölkə ərazisində qaldığı müddətdən və yüklə birlikdə ümumi çəkisindən asılı olaraq, müəyyən edilmiş dərəcələrlə yol vergisinə cəlb edilir.