Azərbaycan 2025-ci ilə də yüksəlişlə qovuşdu

post-img

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2024-cü ilin uğurla yekunlaşdığını, bu dövrdə qarşıya qoyulan bütün məsələlərin həllini tapdığını, ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadiyyatda davamlı inkişafın, hərbi gücümüzün artdığını bildirib. 

Hazırda dünyada cərəyan edən hadisələrin hamımızın gözünün qarşısında baş verdiyini, yeni müharibələrin, qarşıdurmaların, münaqişələrin alovlandığını, dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların səngimədiyini vurğulayan dövlət başçısı belə bir şəraitdə Azərbaycanda təhlükəsizliyin hökm sürdüyünü, bundan sonra da sabitlik və əmin-amanlığın əbədi olacağını əminliklə diqqətə çatdırıb.  

Müraciətdə 2024-cü ilin ən önəmli hadisələri sırasında Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin bir güllə atılmadan, siyasi yollarla işğaldan azad edilməsinin, müstəqillik tariximizin ən böyük beynəlxalq tədbirinin, dünya müstəvisində mötəbər beynəlxalq konfransın – COP29-un keçirilməsinin mühüm önəm daşıdığı da xüsusi vurğulanıb. Bunlardan birincisinin ərazimizin bütövlüyü, ikincisinin isə ölkəmizin dünyada nüfuzlu dövlətlərdən birinə çevrilməsinin təsdiqi baxımından uğur salnaməmizdə yer aldığı qeyd olunub.    

Yeri gəlmişkən, COP29-da qeydiyyatdan keçən 76 min iştirakçı Azərbaycan potensialının şahidi oldu. 197 ölkənin, 80 dövlət və hökumət başçısı və vitse-prezidentin iştirak etdiyi konfrans respublikamızı müasir beynəlxalq münasibətlər sistemində bir daha etibarlı tərəfdaş kimi tanıtdı. Azərbaycan, eyni zamanda, COP29-a ev sahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliklə bağlı beynəlxalq aləmə böyük töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoydu. Başqa sözlə, respublikamız  “yaşıl” enerji  iqtisadiyyatını əməli fəaliyyəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını qətiləşdirdi. Belə ki, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəflədi.  

Bu məqamda xatırlatmaq istərdik ki, hazırda Azərbaycan dünyada bərpaolunan enerji potensialının zənginliyi ilə diqqət çəkir. Bu, mövcud sahədə aparılan hesablamalardan da aydın görünür. Belə ki, tədqiqatlara əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavat, dağ çaylarının potensialı 520 meqavatdır. 

Prezident İlham Əliyevin müraciətində ölkəmizin ərazi bütövlüyü ilə bağlı uğurun 2025-ci ildə daha da möhkəmləndiriləcəyi diqqətə çatdırılır və Ermənistanın kütləvi surətdə silahlanması nəzərə alınaraq hərbi büdcəmizin əhəmiyyətli dərəcədə artırılması zəruriliyinin nəzərə alındığı da bildirilir. “...Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı, yarısı digər sahələrə istiqamətləndiriləcəkdi – Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”,– deyə ölkə rəhbəri müraciətində vurğulayır.

Müraciətində Qarabağın və Şərqi Zəngəzurun bərpasının uğurla davam etdirildiyini, artıq 30 mindən çox keçmiş məcburi köçkünün bu torpaqlara qayıtdığını, həmin bölgələrdə yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində çalışdığını qeyd edən dövlət başçısı 2025-ci ildə, təbii ki, onların sayının böyük dərəcədə artacağını da diqqətə çatdırıb. Prezident 2021-ci ildən indiyədək Azərbaycanın Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrıldığını və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsinin prioritet məsələ olacağını bildirib. Qeyd edək ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə şəhərlərin və kəndlərin bərpası kimi nəhəng layihələri öz imkanları hesabına həyata keçirir. Bu, ölkəmizin ildən-ilə artan iqtisadi gücü sayəsində gerçəkləşir.     

Prezident İlham Əliyevin müraciətində vurğuladığı kimi, əlbəttə, bütün bu işlərin reallaşdırılması üçün iqtisadiyyatın inkişafı daim diqqətdə sax­lanılıb. Elə təkcə keçən il ümumi daxili məhsul istehsalında (ÜDM) 4 faizdən, qeyri-neft sektorunda 6 faizdən, qeyri-neft sənayesi sahəsində isə 7 faizdən çox artım əldə edilib. Valyuta ehtiyatları da artaraq 72 milyard dollardan çox olub. Eyni zamanda, xarici borc azaldılaraq 5,2 milyard dollara endirilib, başqa sözlə, Azərbaycanın valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələyib. Dünyanın hər hansı bir inkişaf etmiş ölkəsində bu cür göstərici qeydə alınmayıb. 

Sosial sahədə də yüksək nəticələr qazanılıb. Bu ildən başlayaraq minimum əməkhaqqının 345 manatdan 400 manata, minimum pensiyanın isə 280 manatdan 320 manata qaldırılacağı proqnozlaşdırılıb. Hazırda artım, təxminən, 14-15 faiz həddində qərarlaşıb. Böyük investisiya qoyuluşu layihələrinin (Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücün artırılması və s.) icrasına baxmayaraq, sosial sahənin inkişafı, insanların güzəranının daha da yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılması prioritet istiqamət kimi müəyyənləşdirilib.    

Ümumiyyətlə, 2019-cu ildən indiyədək 4 sosial paket layihəsi (proqramı) icra edilib. 2025-ci ildə beşinci paketin reallaşdırılması qərara alınıb. Bu paketin gerçəkləşdirilməsinə isə 7,5 milyard manatın ayrılacağı nəzərdə tutulub.  

İqtisadiyyat