2025-ci ildə də ölkənin maliyyə sabitliyi qorunacaq

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində 2024-cü ildə də ölkədə makroiqtisadi sabitlik qorunub və iqtisadi artım davam edib. Bu sahədə əldə olunan nəticələr gələn ilin makroiqtisadi sabitliyi üçün də zəmin yaradır.

Mərkəzi Bankın 2025-ci ilin pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bununla bağlı bildirilir ki, maliyyə qurumu cari il qiymət sabitliyinə yönələn uğurlu pul siyasəti həyata keçirib. Bu istiqamətdə qərarlar inflyasiyanın risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Bunun nəticəsidir ki, 2024-cü ildə illik inflyasiyanın hədəf diapazonu proqnozlaşdırılan səviyyədə (4±2%) olub. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və bununla faiz kanalının ötürücülüyünün gücləndirilməsi üzrə islahatlar davam etdirilib.

Mərkəzi Bankın gələn il üçün nəzərdə tutulan pul siyasəti də inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılmasına yönəldiləcək. Pul siyasəti qərarları yenilənən makroiqtisadi proqnozlar, inflyasiyanın ortamüddətli dövrdə xarici və daxili amilləri üzrə risk balansının dəyişimi əsasında veriləcək.

Bəyanatda bununla bağlı həm də bildirilir ki, 2024-cü ildə pul siyasəti maliyyə bazarlarının göstəriciləri olan faiz, məzənnə və s. vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilib, bu siyasətin kənar təsirlərdən qorunması diqqətdə saxlanılıb. Bu fikir Dövlət Statistika Komitəsinin müvafiq göstəriciləri ilə təsdiqini tapıb. Belə ki, 2024-cü ilin noyabrında 12 aylıq inflyasiya 4,4 faiz olub, ərzaq məhsulları üzrə illik 4,4 faizlik inflyasiya qeydə alınıb, qeyri-ərzaq məhsulları 2,2 faiz bahalaşıb. İllik xidmət inflyasiyası isə bu dövrdə 6 faiz təşkil edib. Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan illik baza inflyasiyası noyabrda 3,9 faiz olub.

İllik inflyasiyaya cari ildə bir sıra xarici və daxili amillər təsir göstərib. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın pik səviyyələrlə müqayisədə düşməsi, eləcə də manatın nominal səmərəli məzənnəsinin möhkəmlənməsi inflyasiyaya azaldıcı təsir edib. Bu ilin 11 ayında manatın qeyri-neft ticarət çəkili məzənnəsi 7,1 faiz bahalaşıb. İnflyasiyanın azalmasına hökumətin və Mərkəzi Bankın qiymətlər sabitliyinin reallaşdırılması istiqamətində son illər həyata keçirdiyi siyasət də öz töhfəsini verib.

Cari ildə valyuta bazarında da sabitlik olub, Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 87 hərrac reallaşıb. Bu hərraclarda bazarın xarici valyutaya tələbatı tam ödənilib. 2024-cü ildə Mərkəzi Bankın valyuta bazarında satışlar əsasən, dövlət layihələrindən və xarici valyutada öhdəliklərin azaldılmasından irəli gələn strateji əhəmiyyətli dövlət xərclərinin icrasına dəstək məqsədilə həyata keçirilib.

Mərkəzi Bankın 2025-ci ildə pul siyasəti, əsasən, qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyənləşdirilən hədəf daxilində sabitləşməsinə yönəldiləcək. Bu siyasət çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı proqnozlaşdırılan səviyyədə (4±2 faiz) saxlamaqdan ibarət olacaq. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi əsasında hesablanacaq.

Mərkəzi Bankın maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi kimi prioritetləri də pul siyasətinin səmərəliyinə müsbət təsir edən amillər sırasında olacaq. Monetar siyasətdə iqlim dəyişikliyindən və eləcə də “yaşıl” keçiddən qaynaqlanan inflyasiyanın təsirləri üzrə təhlillər davam etdiriləcək. COP29 ərəfəsində Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Yaşıl taksonomiya” perspektivdə zəruri hallarda “yaşıl” keçidə pul siyasəti ilə dəstək verəcək.

Azərbaycan iqtisadiyyatının real sektorunda gələn il ərzində də artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın 2024-cü ilin oktyabr proqnozlarına görə, 2025-ci ildə real iqtisadi artım tempinin 3,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 5,1 faiz olacağı gözlənilir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir.

 

İqtisadiyyat