İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın dekabr sayına əsasən, 2024-cü ilin yanvar–noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsullarının ixracı 12,3 faiz çoxalaraq 923 milyon dollara bərabər olub.
Cari ilin 11 ayı ərzində ixraca yönəldilən şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4 faiz artaraq 37,5 milyon dollar, pambıq lifi 52,6 faiz artaraq 170 milyon dollar, bitki mənşəli yağlar və piylər 32 faiz artaraq 25,5 milyon dollar, qiymətli metallar 29 faiz artaraq 189,8 milyon dollar, kimya sənayesi məhsulları 19,6 faiz artaraq 265,6 milyon dollar təşkil edib.
Hesabat dövründə aqrar məhsulların ixracı 4,4 faiz artaraq 701,7 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı 58,3 faiz artaraq 287,3 milyon dollara yüksəlib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz çoxalaraq 989 milyon dollar olub. Qeyri-neft sektoruna aid malların siyahısında isə qızıl (186,6 milyon dollar) birinci olub. Bu siyahıda pambıq mahlıcı (168,9 milyon dollar) ikinci, tomat (155,4 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Rusiya Federasiyasına 1,1 milyard, Türkiyəyə 507,1 milyon, Gürcüstana 252,9 milyon, İsveçrəyə 193,6 milyon, ABŞ-yə isə 129,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2024-cü ilin noyabr ayında ixraca yönəldilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (33,6 milyon dollar) birinci, qızıl (23,2 milyon dollar) ikinci, meşə fındığı (18,9 milyon dollar) üçüncü olub.
Cari ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (111,2 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (30,1 milyon dollar) ikinci, İsveçrə (24,7 milyon ABŞ dolları) üçüncü sırada yer alıb.
İİTKM-in məlumatında hesabat dövründə “Azərkosmos” tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub. Qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil edib. 2024-cü ilin noyabr ayında isə “Azərkosmos”un dünyanın 40 ölkəsinə ixrac dəyəri 1,5 milyon dollara yüksəlib.
2024-cü ilin 11 ayı ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 5,4 milyon dollar ilə Birləşmiş Krallıq, 3,5 milyon dollar ilə Lüksemburq, 826,1 min dollar ilə BƏƏ, 639,5 min dollar ilə Pakistan, 600,4 min dollar ilə Türkiyə qərarlaşıb.