“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in həyata keçirilməsi məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” Səhmdar Cəmiyyəti arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin Bakı şəhərində yaradılmasını nəzərdə tutan “Təsis müqaviləsi” imzalanıb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Özbəkistanın energetika nazirinin müavini Umid Mamadaminovun iştirakı ilə hibrid formatda keçirilən mərasimdə sənəd “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin idarə heyətinin sədri Nabi Aytjanov və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin idarə heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb.
Xatırladaq ki, “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsi “yaşıl” enerjinin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı (“Mərkəzi Asiya –Azərbaycan Yaşıl Enerji Dəhlizi”) layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasından irəli gələn zəruri tədbirləri həyata keçirəcək. Müəssisə regionda bərpaolunan enerji layihələrinin, dayanıqlı enerji sistemlərinin və beynəlxalq enerji dəhlizlərinin inkişafını gücləndirmək istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.
Birgə müəssisənin idarəetmə sistemi şirkətin ali idarəetmə orqanı kimi ümumi yığıncaq vasitəsilə tənzimlənəcək. Onun fəaliyyətinə rəhbərlik isə baş direktor tərəfindən həyata keçiriləcək. Bu vəzifə hər üç ildən bir tərəflər arasında bərabər rotasiya əsasında dəyişdiriləcək.
İmzalanma mərasimində çıxış edən nazirlər layihənin ölkələrimizin enerji təhlükəsizliyinin, “yaşıl” enerji tərəfdaşlığının möhkəmləndirilməsinə və Orta Dəhlizin inkişafına mühüm töhfə verməklə yanaşı, Avropaya təmiz enerjinin tədarükü üçün imkanlar yaradacaq.
Yeri gəlmişkən, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən bu il noyabrın 13-də COP29 çərçivəsində imzalanıb.