TAP: “Köhnə qitə”nin yeni qaz marşrutu

post-img

Azərbaycanın “mavi” yanacaq ixrac etdiyi 12 ölkənin 10-u Avropada yerləşir

Azərbaycanı Avropanın mötəbər enerji tərəfdaşına çevirən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsindən 4 il ötür. “Köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən bu nəhəng ixrac marşrutu getdikcə daha çox aktuallıq kəsb edir. Bu da təsadüfi deyil. Çünki “mavi yanacağ”a tələbatın artdığı indiki şəraitdə Avropa istehlakçıları ölkəmizi potensial qaz tədarükçüsü kimi görürlər. Elə hazırda Azərbaycanın qaz ixrac etdiyi 12 ölkənin 10-nun Avropada yerləşməsi də bunun əyani sübutudur.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin həyata vəsiqə alması Azərbaycanın enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi qazandığı yüksək inam və etimadın nəticəsi idi. Məhz bu səbəbdən Avropa Birliyi tərəddüd etmədən üzünü qaz ehtiyatları ilə zəngin, mühüm tədarükçü rolunda gördüyü Azərbaycana tərəf çevirdi. Nəticədə, XXI əsrdə Avropanın enerji xəritəsini zənginləşdirəcək yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı zəmin yarandı.

Trans–Adriatik Boru Kəməri Azərbaycan qazının böyük bazarlara çıxarılmasını təmin edən infrastrukturdur. TAP-ın ərsəyə gəlməsində ölkəmizin çox böyük rolu olub. Təsadüfi deyil ki, 2013-cü ildə boru kəmərinin tikintisi ilə bağlı imzalanmış müqavilənin iştirakçıları olan təsisçi şirkətlərin 60 faizi məhz Azərbaycandakı hasilatçılar idi. Bunlar, əsasən, hər biri 20 faiz iştirak payına malik SOCAR, BP və Statoyl şirkətləri idi. Yəni, TAP-ın ərsəyə gəlməsinə sərf olunan əziyyətin, çəkilən xərcin yarıdan çoxu Azərbaycan və tərəfdaşlarının payına düşür.

Trans–Adriatik Qaz Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının 2-ci işlənmə mərhələsi çərçivəsində hasil edilən təbii qazın TAP kəməri vasitəsilə Avropaya nəqlinə isə həmin il dekabrın 31-də başlanılıb. Həmin gün kəmərlə 10,7 milyon kubmetr Azərbaycan qazının Avropaya ixracı qeydə alınıb. Bununla da, ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağa nail olub. 2021-ci ildə ölkəmizdən “köhnə qitə”yə 8 milyard 150 milyon kubmetr təbii qaz ixrac olunub. Bu ilin yanvar-noyabr aylarında isə Trans-Adriatik Boru Kəməri ilə Azərbaycandan Avropaya ixrac edilən “mavi yanacağ”ın həcmi 11,7 milyard kubmetr təşkil edib. Bütövlükdə isə, ötən 4 il ərzində Cənub Qaz Dəhlizinin tamamlayıcı hissəsi olan TAP vasitəsilə Avropadakı enerji tərəfdaşlarımıza 43 milyard kubmetrə yaxın təbii qaz göndərilib.

Trans–Adriatik Qaz Boru Kəmərinin ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

Yeri gəlmişkən, dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan, həm də öz ixrac imkanlarını şaxələndirmək imkanı əldə edib. Elə Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəqli olunması da məhz ixrac infrastrukturunun şaxələndirilməsinin nəticəsidir. Yeri gəlmişkən, Bolqarıstana “mavi yanacağ”ın nəqli TAP-a birləşdirilən Yunanıstan–Bolqarıstan interkonnektoru (birləşdirici kəmər) vasitəsilə həyata keçirilir. Ümumi uzunluğu 182 kilometr olan interkonnektorun 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Yaxın gələcəkdə boru kəmərinin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetrə çatdırılacağı gözlənilir. Hələlik isə “Bulgargaz EAD” dövlət şirkəti ilə Şahdəniz konsorsiumu arasında imzalanmış müqaviləyə əsasən Bolqarıstan ölkəmizdən ildə 1 milyard kubmetr qaz alır.

Qarşıdakı illərdə Avropanın Azərbaycan qazına tələbatın artması ilə əlaqədar TAP-ın mövcud nəqletmə gücünün iki dəfəyədək artırılması, eləcə də Avropa ölkələlərinin qaz şəbəkələrini sözügedən kəmərlə əlaqələndirən yeni interkonnektorların inşası gözlənilir. Məlum olduğu kimi, illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edən TAP-ın yeni borular çəkməyə ehtiyac olmadan mərhələli şəkildə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Hazırda isə TAP konsorsiumu tərəfindən kəmərin genişləndirmənin birinci mərhələsi üzrə işlər davam etdirilir.

Yeri gəlmişkən, Trans–Adriatik Qaz Boru Kəməri “yaşıl” hidrogen nəqli üçün də potensial imkanlara malikdir. TAP-ın icraçı direktoru Luka Skyeppati deyib ki, 2021-ci ildə aparılan ilkin tədqiqat TAP-ın gələcəkdə təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki potensialını təsdiqləyib. Bu isə boru kəmərinin enerji keçidinin tələblərinə uyğunlaşdırılması üçün əlavə perspektivlər açıb. Onun sözlərinə görə, TAP konsorsuiumu özünü Paris Sazişinin məqsədlərinin həyata keçirilməsində mühüm tərəfdaş kimi görür. Bu marşrutun potensial olaraq Avropa İttifaqını hidrogen və biometan kimi karbon neytral enerji mənbələri ilə təmin edə biləcəyini vurğulayan icraçı direktor qeyd edib ki, TAP Balkan regionunda əlavə enerji mənbəyi kimi xidmət edə bilər.

Konsorsiumun adı çəkilən boru kəmərini hidrogen nəqli üçün uyğunlaşdırmağı hədəflədiyini bildirən direktoru Luka Skyeppatinin sözlərinə görə, qurum mövcud infrastrukturun təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki baxımdan nə dərəcədə mümkün olduğunu yüksək qiymətləndirir. O deyib ki, bunun üçün orta və uzunmüddətli perspektivdə belə qarışıqların, o cümlədən digər bərpaolunan qaz növlərinin nəqlinə hazırlığı təmin edəcək yol xəritəsi hazırlanıb: “Hazırda boru kəmərinin materiallarının beynəlxalq laboratoriyada sınaqları keçirilir. Bu məlumatlara əsasən, TAP nəticələri qiymətləndirəcək və 2025-ci ildə əlavə sınaqların zəruriliyini müəyyənləşdirəcək. Bununla yanaşı, bu il yerüstü qurğular üçün boşluq analizinə başlanılıb və bu işlər gələn il də davam etdiriləcək”.

 

İqtisadiyyat