Xocalının bu tarixi kəndində Qayıdış həyəcanı
Xocalıya – rayonun Ballıca kəndinə növbəti köç var. Daha 21 ailə məcburi köçkünlüklə əbədi olaraq vidalaşır, 119 nəfər Böyük Qayıdışın həyəcanını yaşayır. Bu insanlar 32 ildə ilk dəfədir ki, köçdükləri üçün bu qədər sevinirlər. Ev köçürmək, yeni yerdə məskunlaşmaq asan deyil axı.
Can Qarabağ, bitdi həsrət acısı...
Bu dəfə istiqamət Vətən içində Vətənə – Xocalıyadır. İllərin həsrəti, nisgili sona çatır, çoxdan gözlənilən vüsal anı yetişib. Ona görə də köç karvanına qoşulan hər kəs bir-birinə gözaydınlığı verir, yeni yurdda xöşbəxtlik diləyir. Hamı kimin evinin hansı nömrəli olması, kəndin harasında yerləşməsi ilə maraqlanır...
Mən budəfəki köçdə təkcə peşə vəzifəsini yerinə yetirən, hər qayıdış zamanı sevincdən qürurlanan, gözləri yaşaran qarabağlı jurnalist kimi iştirak etmirəm. Bu gün həm də Vətən yolunda bir oğul şəhid vermiş anamın, 10 yaşından bu günün xəyalları ilə yaşayan qardaşımın və ailəsinin sözlə ifadə edilməsi asan olmayan hisslərini, həyəcanlarını onlarla birgə yaşayıram. Maşınlar yüklənir, illərlə bizə qucaq açmış əziz Gəncəylə sağollaşıb, onun gözəl insanlarına minnətdarlıq duyğusu ilə yola düşürük. Azərbaycanın müxtəlif bölgələrindən geri qayıdan xocalılılarla Ağdamın girişində görüşüb oradan birlikdə əbədi ünvana üz tutacağıq.
Hər dəfə doğma yurd həsrəti bitən, daimi məskunlaşmaq üçün Qarabağda, Şərqi Zəngəzurda yenidən tikilmiş, bərpa edilmiş evlərinə qayıdan keçmiş məcburi köçkünlərdən hansı hisslər keçirdiklərini soruşanda əksərən həyəcandan fikirlərini ifadə etməkdə şətinlik çəkdiklərini bildiriblər. Bax, indi onları elə gözəl başa düşürəm ki!
Dilimizdə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarına dualar səslənir, bizə bu xoşbəxt anları yaşadan möhtərəm Prezidentimizə, müzəffər Ali Baş Komandanımıza uzun ömür, cansağlığı, qazilərimizə şəfalar diləyirik. Ürəyimdən misra-misra duyğular axır:
Can Qarabağ, bitdi həsrət acısı...
Vüsalından kam almağa gəlirik!
Köçkün “QAZ 53”...
Hamı toplaşandan sonra köç karvanımız hərəkətə başlayır. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı zamanı təçkilatçılıq yüksək səviyyədə təşkil edilir, bütün lazımi tədbirlər görülür. Fərdi olaraq hərbir şəxsin qayğıları diqqətdə saxlanmaqla yanaşı, insanların ləyaqətlə, hörmətlə qayıdışı təmin olunur. Hər zamankı kimi, bu dəfə də köş karvanını polis və təcili tibbi yardım maşınları müşayiət edir.
Ard-arda düzülmüş minik və yük avtomobillərinin içərisində biri hamının marağına səbəb olur. Üstündə ev əşyaları, kabininin böyründə üçrəngli bayrağımız dalğalanan bu köhnə “QAZ 53”-ü də, sahibi Əliev Vidadini də yaxşı tanıyıram. Kəndlimizdir. 1992-ci ildə erməni vəhşilərinin amansız hücumlarından canını götürüb qaçmağa məcbur olanda ailəsi ilə birlikdə Qarabağı bu avtomobildə tərk etmişdi. Mənzil başına çatanda əlüstü söhbət edirik. Bildirir ki, elə bu maşınla da doğma yurda qayıtmaq ən böyük arzusu olub:
– Uzun illər ümidimi itirmədən bu günün gələcəyini gözləmişəm. Əmin idim ki, bu, nə vaxtsa baş verəcək. Dövlətimiz var olsun, dedilər, yük maşını verək köçmək üçün. Cavab verdim ki, lazım deyil, “QAZ 53”-üm də mənim kimi, 32 il əvvəl gəldiyi yolları geri dönməyi gözləyir. Köhnəlsə də, “qocalsa” da, o da mənim kimi arzusuna çatdı!
Yeni dövranın açarları
Ballıcada bayram əhval-ruhiyyəsi hakimdir. “Qaçqınkom”un, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, qeyd edilən ərazilər üzrə Bərpa, Tikinti və İdarətmə Xidmətinin əməkdaşları, bir neçə gün əvvəl buraya ilk köç etmiş 152 nəfər (27 ailə) yeni gələn sakinləri qarşılamaq üçün kəndin mərkəzinə toplaşıblar.
Sevinc-sevincə qarışıb, uzun illərdir respublikamızın müxtəlif ərazilərində məskunlaşmış qohumlar burada qucaqlaşıb görüşür, hal-əhval tutur, bir-birilərini təbrik edirlər. Hamısı üçün həm Vətən, həm qohum həsrəti başa çatır. Daha bundan sonra onlar abadlaşan, yenidən qurulan Ballıcada illər əvvəl olduğu kimi birlikdə yaşayacaqlar, tez-tez bir-birilərinə qonaq gedib-gələcəklər.
Böyük Qayıdışın ən həyəcanlı anlarından biri evlərin açarlarının təqdimedilmə mərasimidir. Bu dəfə mərasim torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizlə yanaşı, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin qəzaya uğraması nəticəsində facilə şəkildə həlak olmuş vətəndaşların xatirələrinin ehtiramla yad edilməsi ilə başladı.
Yeni sakinləri salamlayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli onları təbrik edərək, Ballıca kəndində xoşbəxt və firavan həyat sürmələrini arzuladı. Bildirdi ki, dövlətimiz bundan sonra da öz yurdlarına qayıtmış sakinlərin yanında olacaq, onların bütün qayğıları, həmçinin məşğulluq məsələləri diqqətdə saxlanılacaq. Daha sonra mənzillərin açarları kiçik qırmızı qutularda ailələrə təqdim edildi. Yeni dövrana qapı açan bu açarlar 21 ailə tərəfindən daimi ünvanlarının simvolu kimi sevinc hissi ilə qarşılandı.
Yeni ballıcalılar yerləşmək üçün təmirli, rahat evlərinə üz tutmağa başladılar. Bir məqamı da qeyd edim ki, Xidmət tərəfindən yükərinin boşaldılmasına yardım etmək, yeni mənzilində yerləşməsinə kömək göstərmək, mümkün xırda çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə hər ailəyə bir nəfər xüsusi nümayəndə təyin edilmişdi. Evlərinə çatar-çatmaz uzaq yoldan gəlmiş sakinlərə isti yeməklər də çatdırıldı. Göründüyü kimi, hər şey incəliyinə qədər nəzərə alınıb.
Yeni ünvanımız – 15-ci ev!
Ballıcada gündən-günə həyat canlanmaqdadır. Böyük Qayıdışla bağlı burada bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və yüksəksürətli internetlə təmin olunub.
Ailəmizə verilmiş evə çatırıq. Qırmızı qutunun içindəki açar yeni ünvanımızın – 15-ci evin qapısını açır, mənzillə tanışlıq başlayır. Otaqları gəzdikcə anamın üzündəki sevinc, razılıq ifadəsi daha aydın hiss olunur. “Necədir?”, - deyə, soruşuram. Bir az da kövrəklik dolu notlarla cavab verir:
– Hər şey çox gözəldir. Özün bilirsən, biz otuz iki il çox əziyyətlər çəkdik. Məcburi köçkün kimi Gəncə ətrafında məskunlaşmışdıq. Ora ilə bağlı acılı-şirinli çox xatirələrimiz var. Sağ olsunlar, Gəncə camaatı bizə qarşı həmişə mehriban olub, dövlətimizin də ki, dəstəyini hər an hiss etmişik. Ancaq Qarabağa qayıtmaq istəyimizi həmişə ürəyimizdə yaşatmışıq. Bu gün şəhid Arazımın da, Birinci Qarabağ müharibəsində ağır döyüşlərdə iştirak etmiş rəhmətlik atanın da ruhları şaddır. Çünki onlar da bu günləri arzulayırdılar. Allah Prezidentimizi qorusun! Onun sayəsində bütün şəhidlərimizin qisası alındı, torpaqlarımız düşmən tapdağından azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin! Bütün geri qayıdanların gözü aydın olsun! Bütün keçmiş məcburi köçkünlər tezliklə bu xoşbəxtliyi yaşasın, inşallah!
Bu gözəl dualara qoşularaq mən də yüklərin yerbəyer edilməsinə yardım etməyə başlayıram. Belə məqamlarda hərə mütləq bir işin qulpundan yapışmalıdır. Həm də mən özüm də bir müddət bu evdə yaşayacam, “Xalq Qəzeti”nin bölgə müxbiri kimi buradan işləyəcəm axı...
Dirçələn Xocalının qanadlı duyğuları
İlk dəfədir ki, Xocalıdan yazıram. Haqqında deyil, məhz Xocalıdan, Ballıca kəndinin özündən. Yaza-yaza da düşünürəm ki, ermənisiz Qarabağa, Şərqi Zəngəzura qayıdan insanların sevincini bölüşmək, o hədsiz sevincdən dadmaq, bu azad yurd yerlərimizdə həvəslə, qürurla işləyənlərin, bu yerləri yenidən cənnətə çevirənlərin qısa müddətdə yaratdıqları möcüzələri izləmək, bu qədər möhtəşəm tarixi hadisələrin şahidi olmaq böyük xoşbəxtlikdir. Həm böyük xoşbəxtlikdir, həm də böyük məsuliyyət.
Bütün qeyd etdiklərimin sevincindən pay düşdüyü kimi, məsuliyyətindən də hamımıza pay düşür. Biz xalq, millət olaraq Vətən müharibəsində mənfur düşmənə, ermənilərin havadarlarına dövlətimizin, möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməyimiz sayəsində qalib gəldik. İndi isə Qarabağı, Şərqi Zəngəzuru yenə birliyimizlə bərpa edəcəyik, abadlaşdıracağıq.
Dünya bu dəfə də Azərbaycan xalqının birliyi, iradəsi qarşısında heyrətlənəcək. Dostlar sevinəcək, düşmənlərin bağırları partlayacaq. Bu gün Ballıcada olduğu kimi, bütün kəndlərimizdə, şəhərlərimizdə həyat canlanacaq, bu gün biz Ballıcaya qayıtdığımız kimi, bütün keçmiş məcburi köçkünlər də öz doğma ata-baba ocaqlarına dönəcəklər. Özü də tezliklə!
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı–XankəndiBallıcalılar