Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar və Texnologiya universitetlərinin birgə tərəfdaşlığı ilə Bakıda “3-cü Aqrar İnnovasiya və Startaplar Forumu keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, forum aqrar startapçıların innovativ həll və texnologiyalarının nümayişindən ibarət sərgi bölməsindən və rəsmi hissədən ibarət olub. Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider
Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Forumu giriş nitqi ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sektorun inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Qeyd olunub ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Nazirin sözlərinə görə, innovasiyaların tətbiqi aqrar sahədə torpaq və su resurslarını qorumağa və onlardan səmərəli istifadə etməyə əlverişli imkan yaradır, məhsuldarlığı artırır, ətraf mühitin mühafizəsi işinə mühüm töhfələr verir.
Diqqətə çatdırılıb ki, ölkədə aqrar sahənin inkişafı ilə bağlı aparılmış ardıcıl və sistemli islahatların davamı olaraq Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə startapların xarici bazarlara çıxışını asanlaşdırmaq üçün müxtəlif layihələr icra olunur, aqrar startapçıların iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnologiyalar, nəmlikqoruyucu innovativ yeniliklər ağıllı həllərin beynəlxalq və yerli şirkətlərə, sahibkarlara və geniş kütləyə nümayiş etdirilməsinə şərait yaradılır. Bununla yanaşı, aqrar innovasiyaların gənclər arasında təbliği və təşviqi məqsədilə müsabiqə, yarışma və hakatonlar təşkil olunur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, aqrar startaplar kənd təsərrüfatında rəqabət qabiliyyətini artırmaq üçün böyük potensiala malikdir. Onun sözlərinə görə, startaplar texnologiyaları və kreativ həlləri ilə aqrar sektorun inkişafına töhfə verirlər. O, KOBİA-nın aqrobiznesi prioritet sahə kimi diqqətdə saxladığını, bu sahənin nümayəndələri üçün müasir çağırışlara uyğun təlimlərin təşkil olunduğunu, məsləhət xidmətləri göstərildiyini, agentlik tərəfindən onlara “Startap” şəhadətnaməsinin verildiyini və qrant dəstəyi göstərildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ölkəmizdə aqrar startap ekosisteminin inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Natiqlər aqrar startapçılar və inkubasiya, akselerasiya mərkəzləri arasında əlaqələndirici rol oynayan forumun startapların əhatə dairəsinin və xarici bazarlara çıxış imkanlarının artırılmasına birbaşa təsirinin olacağını vurğulayıblar.
Aqrar startaplar haqqında videoçarxlar nümayişindən sonra forum öz işini panel müzakirələrlə davam etdirib. Panellərdə “Aqrar startaplar ekosisteminin inkişafı”, “Aqrar sektorda tətbiq olunan mütərrəqi texnologiyalar”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı uğur qazanmış startaplar” mövzularında fikir mübadiləsi aparılıb.
Forumun sərgi hissəsində müxtəlif müsabiqə və yarışların qalibləri olan startapçılar tərəfindən plastik tullantıların təkrar emalından hazırlanmış səki daşları, alternativ enerji mənbələrindən alınan bioqaz, hidrogen qazı, ağıllı istixanalar üçün idarəetmə sistemi, lazer sistemi vasitəsilə sahələri alaq otlarından təmizləyən aqrorobot, iqlim stansiyaları, süni intellekt tətbiq olunmuş suvarmanı idarəetmə sensorları, heyvandarlıq təsərrüfatları üçün ağıllı tasma, cərgəarası aqrorobot, eləcə də ziyanvericiləri zərəsizləşdirən və qəza mərhələsini müəyyən edən cihazlar sərgilənib. Bununla yanaşı, yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları şirkətlərin innovativ fəaliyyətləri barədə təqdimatlar keçirilib.