ÜDM 4 faizdən çox artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 11 ayında ölkədə 113 milyard 282 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb. ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət, 7,1 faizi nəqliyyat, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, 2,5 faizi ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 104 manata bərabər olub.

Yeri gəlmişkən, hesabat dövründə ÜDM-in artımını qeyri-neft-qaz sektorunun inkişafı şərtləndirib. Başqa sözlə, respublikada artımın əsas mənbəyini qeyri- neft-qaz sektoru və qeyri-neft-qaz idxalı təşkil edib. Şübhəsiz ki, bu məsələdə xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici ölkələrdən birinə çevirib.

İqtisadiyyat