Qeyri-neft ixracı – 3,1 milyard dollar gəlir

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın dekabr ayı üçün ilkin rəqəmlərini təqdim edib. İcmala əsasən, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsulları 12,3 faiz artaraq 923 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4 faiz (37,5 milyon dollar), pambıq lifi 52,6 faiz (170 milyon dollar), bitki mənşəli yağlar və piylər 32 faiz (25,5 milyon dollar), qiymətli metallar 29 faiz (189,8 milyon dollar), kimya sənayesi məhsulları 19,6 faiz (265,6 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlar isə 1,5 faiz (182,7 milyon dollar) artıb. Hesabat dövrü ərzində aqrar məhsullar 4,4 faiz (701,7 milyon dollar), aqrar-sənaye məhsulları 58,3faiz (287,3 milyon dollar) çoxalıb. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz artaraq 988,9 milyon dolları təşkil edib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu sahədə ən yüksək gəlir pambıq mahlıcı ixracından əldə olunub. Belə ki, son bir ildə bu növ məhsulun ixrac dəyəri 63,3 faiz artaraq 160,4 milyon ABŞ dolları təşkil edib. Nazirliyin məlumatında qeyd olunur ki, aqrar məhsulların ixrac həcmi artdıqca ixracın coğrafiyası da genişlənir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan kənd təsərrüfatı məhsulları, əsasən, ənənəvi bazarlara – Rusiya, Belarus və digər MDB ölkələrinə ixrac olunsa da, ixrac coğrafiyasına yeni ölkələr də daxil olmaqdadır.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın Avropaya qaz ixracında da müsbət dinamika qeydə alınıb. Energetika Nazirliyindən aldığımız məlumata görə, bu ilin yanvar–noyabr aylarında ölkədə 45,8 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə Dövlət Neft Şirkəti üzrə hasil olunub. Keçən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 1,8 milyard kubmetr artım qeydə alınıb.

Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya 11,7 milyard kubmetr (7,8 faiz çox), Türkiyəyə 9 milyard kubmetr (3,4 faiz çox), Gürcüstana isə 2,2 milyard kubmetr (12 faiz az) qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il dekabrın 1-dək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 600,1 milyon ton neft, 228,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qaz ixraca nəql edilib.

Qeyri-neft sektorunda ixrac əməliyyatları ilə bağlı uğurlu göstəriciləri bir sıra amillər şərtləndirir. Belə ki, son illər respublikada ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.

Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.

Bütün bunlarla bərabər, respublikamızda prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti aparılır, makroiqtisadi və büdcə dayanıqlığının reallaşdırılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə xüsusi əhəmiyyət verilir. Məhz bütün bunların nəticəsidir ki, hazırda qeyri–neft–qaz sənayesində artım neft–qaz sektorundakı artımı üstələyir. Mövcud sahədə əlavə dəyərin 7 faizə yaxın artması, ümumi halda isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunması, həmçinin 2003-cü ildən başlayaraq, ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərcinin, təqribən, 4 dəfə, ixracın 15,6 dəfə yüksəlməsi, iqtisadiyyatın orta artım tempinin dünya üzrə orta səviyyədən 4 faiz çox olması bunun parlaq ifadəsidir.

Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə güclənməsi də xarici ticarət dövriyyəsinin əhatə dairəsinin böyüməsinə təkan verib. Məhz bunun nəticəsidir ki, ölkəmizin xarici ticarət əlaqələrinin coğrafiyası ildən – ilə genişlənib.

Bütün bunlar hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşdığını deməyə əsas verir. Bu istiqamətlər isə idxaldan asılılığın azaldılması, qeyri–neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri–neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı” səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.

 

İqtisadiyyat