Azərbaycan neft haslilatı öhdəliklərinə sadiqdir

post-img

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb. Bu barədə məlumat qurumun aylıq hesabatında yer alıb.

Hesabata əsasən, noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 483 min barel səviyyəsində olub ki, bu da oktyabr ayının göstərici ilə müqayisədə 3 min barel azdır. Sənəddə qeyd olunur ki, Azərbaycanda gündəlik neft hasilatı cari ilin avqust ayında 482 min barel, sentyabrda 488 min barel, oktyabrda isə 486 min barel təşkil edib. Bu ilin üçüncü rübündə ölkədə ortalama gündəlik neft hasilatı 486 min barel, ikinci rübündə 475 min barel, birinci rübündə isə 477 min barel təşkil edib. Ümumilikdə isə, cari ilin noyabr ayında Azərbaycanda gün ərzində orta hesabla 80 min 771 ton neft və kondensat hasil olunub. Bunun da 65 min 885 tonunu xam neft, 14 min 886 tonunu isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Bu baxımdan ölkəmiz noyabr ayında “OPEC plus” çərçivəsində razılaşdırılmış kvotasından 68 min barel geridə qalıb. Bu da ölkəmizin “OPEC plus” çərçivəsində gündəlik neft hasilatı ilə bağlı öhdəliklərinə sadiqliyini bir daha sübut edir.

Yeri gəlmişkən, OPEC-in baş katibi Heysəm əl-Qays bu ilin sentyabr ayında qurumun Azərbaycanın COP29-da əməkdaşlıq ruhunu tam dəstəklədiyini, eləcə ölkəmizlə əlaqələrindən məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan 2017-ci ilin əvvəlində Əməkdaşlıq Bəyannaməsi imzalanandan bəri OPEC və qeyri-OPEC istehsalçıları arasında dəyərli tərəfdaşdır. Ölkə təkcə neft bazarının sabitliyinin təşviqində və enerji təhlükəsizliyinin təmin edilməsində deyil, həm də tullantıların azaldılması kimi mühüm məqsədə nail olmaqda əsas oyunçudur”.

Neft İxrac Edən Ölkələr Təşkilatı 2024–2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb. OPEC-in hesabatında yer almış məlumata əsasən, gələn il sözügedən göstərici 105,27 milyon barel səviyyəsində proqnozaşdırılır ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,45 milyon barel çoxdur. Xatırladaq ki, qurum bu il üçün ortalama gündəlik neft hasilatı proqnozunu öncədən 105,57 milyon barel səviyyəsində müəyyən etmişdi.

OPEC bu il üçün qlobal neft tələbatının 103,82 milyon barel (öncəki proqnoz 104,03 milyon barel idi) səviyyəsində olacağını proqnozlaşdırır. Bu isə 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,61 milyon barel artım deməkdir. Qurumun hesabatına əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 milyon barel səviyyəsində olub ki, bu da illik müqayisədə 2,55 milyon barel artım deməkdir. Qeyd edək ki, OPEC-in məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 milyon barel səviyyəsində olub. Göründüyü kimi, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 milyon barel təşkil edib.

Neft İxrac Edən Ölkələr Təşkilatı özünün son aylıq hesabatında 2024–2025-ci illər üçün “OPEC plus” razılaşmasına daxil olmayan ölkələrdə də ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib. Hesabata əsasən, cari il “OPEC plus” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 53,12 milyon barel olacağı ehtimal edilir. Bu isə 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,28 milyon barel çoxdur. Məlumat üçün bildiririk ki, qurumun bu ölkələrlə bağlı öncəki proqnozu 53,07 milyon barel olub.

“OPEC plus”a daxil olmayan ölkələrin 2025-ci il üzrə gündəlik neft hasilatına gəldikdə isə, qurum bu göstəricinin 54,23 milyon barel səviyyəsində proqnozlaşdırıb. Bu da 2024-cü il üçün müəyyənləşdirilmiş 54,17 milyonluq həcmdən 1,11 milyon barel artıqdır. Hesabata əsasən, ötən il bu ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 51,84 milyon barel səviyyəsində olub.

Qeyd edək ki, “OPEC plus” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Hazırda Azərbaycan “OPEC plus” formatında Neft İxrac Edən Ölkələr Təşkilatı ilə sıx əməkdaşlıq edir. Ölkəmizin OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə fəallaşıb. 2016-cı ilin yanvar ayında Davos Dünya İqtisadi Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neftin qiymətinin sabitliyinə nail olmaq üçün OPEC-ə üzv olan və olmayan ölkələrin bir araya gələrək yeni beynəlxalq enerji formatının yaradılması ilə bağlı təşəbbüs irəli sürmüş, nəticədə “OPEC plus” formatı təsis edilmişdir.

“OPEC plus”un iştirakçıları isə Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudandır. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

 

İqtisadiyyat