“Qoca” avtomobillər yola salınır

post-img

Belə avtomobillərə görə ödənişlərə başlandı

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq üçün “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində www.nvu.gov.az elektron portalı hazırlanıb. Köhnə nəqliyyat vasitələrinin utilizasiyasının təşviq edilməsi, medianın və ictimaiyyətin məlumatlandırılması məqsədilə yeni yaradılan elektron portal ictimaiyyətə təqdim olunub.

Müxtəlif dövlət qurumlarının, media nümayəndələrinin və nəqliyyat üzrə ekspertlərin iştirak etdikləri tədbirdə qeyd olunub ki, mövcud tələblərə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar yeni istifadəyə verilmiş portala daxil edilməklə nəqliyyat vasitəsi utilizasiyaya təqdim olunur. Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim olunur. Həmin sənəd əsasında yerli istehsal olan yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür.

“Təmiz Şəhər” ASC-nin məlumatına görə, hazırda bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda ölkə üzrə istismarda olan hər 5 avtomobildən 1-i ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.

Ümumilikdə isə, ölkəmizdə istismarda olan avtomobillərin 80 faizinin yaşı 10 ildən çoxdur. Bunu nəzərə alaraq “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar, ümumilikdə, 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.

“Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı 2024-cü ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün lazımi tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb.

Qurumun məlumatına əsasən, ötən dövrdə 35 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Bu zaman birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib. Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi isə könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır.

Xatırladaq ki, “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” ölkə Prezidentinin 2024-cü il 27 yanvar tarixli sərəncamı ilə təsis edilib. Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə təsisatı olan fond utilizasiya haqqı, kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Fondun vəsaitləri nəqliyyat vasitələrini utilizasiyaya vermiş şəxslərə birdəfəlik ödənişlərin verilməsi, yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd əsasında satıcılar tərəfindən güzəştlə satıldıqda həmin endirim məbləğinin satıcılara geri ödənilməsi, həmçinin nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı qanunla nəzərdə tutulmuş funksiyaların icrasının təşkili və təmin edilməsi kimi məqsədlər üçün istifadə oluna bilər.

Yeri gəlmişkən, 2024-cü il fevralın 1-dən ölkə daxilində olan avtomobillərdən texniki baxış zamanı, xaricdən gətirilənlərdən isə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınır. İdxal edilən avtomobillərin utilizasiya haqqı istehsal tarixi 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir.

 

İqtisadiyyat