Fermerlərə dövlət himayəsi artır

post-img

Giləmeyvə yetişdirənlər də aqrar subsidiyadan bəhrələnəcəklər

Ölkəmizdə aqrar sektora göstərilən dövlət dəstəyini meyvə və giləmeyvə yetişdirilməsi sahəsində fəaliyyət göstərən fermerlər də getdikcə daha çox hiss edirlər. Artıq giləmeyvə istehsalının da subsidiyalaşdırılmasına başlanması bunu təsdiq edir. İndən belə moruq bağları salan fermerlərə də birdəfəlik əkin subsidiyası veriləcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni təsərrüfat ilində ölkəmizdə giləmeyvə yetişdirilməsinə dəstək məqsədilə subsidiyalar veriləcək. Belə ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək ölkənin istənilən bölgəsində salınmış intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiya hər hektarda ən azı 4700 tingin əkildiyi, damcı sulama sistemi ilə təchiz olunmuş intensiv moruq bağlarına şamil ediləcək.

Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarınaa görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub. Aqrar Subsidiya Şurasının qərarına əsasən, birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv moruq bağları üzrə hər hektara görə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə 250 manat subsidiya veriləcək.

Dövlətin subsidiya mexanizmindən kivi yetişdirən fermerlər də faydalana biləcəklər. Xatırladaq ki, hazırda ölkəmizdə kivi, əsasən, Lənkəran-Astara iqtisadi rayonunda yetişdirilir. Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Lənkəran, Astara, Masallı rayonlarında, eyni zamanda Lerik rayonunun dəniz səviyyəsindən 300 metr yüksəklikdən aşağıda yerləşən ərazilərdə intensiv kivi bağları salan fermerlərə hər hektara görə 9 min 600 manat əkin subsidiyası veriləcək.

Bu subsidiya damcı suvarma sistemi ilə təchiz olunmuş, hər hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarına şamil olunacaq. Qeyd olunan subsidiyalaşma mexanizmi fermerin intensiv kivi bağları salmaq üçün çəkdiyi xərclərin bir hissəsini qarşılamağa imkan verir. Daxili bazarda tələbat, xarici bazarlara ixrac imkanları, dövlət dəstəyi mexanizmlərinin mövcudluğu intensiv üsulla kivi bağları salınmasını stimullaşdırır.

Bununla yanaşı, 2025-ci ildən başlayaraq, Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə də dövlət tərəfindən subsidiyalar ayrılacaq. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran–Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hər hektarına görə fermerlərə 15 min manat birdəfəlik əkin subsidiyası veriləcək. Bu subsidiya mexanizmi isə hər hektarda ən azı 3400 tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına şamil olunur.

Xatırladaq ki, intensiv giləmeyvə bağlarının salınmasının dəstəkləməkdə məqsəd ixrac potensialı yüksək məhsul istehsalına nail olmaq, fermerlərin gəlirlərini artırmaq, su və torpaq resurslarından daha səmərəli istifadəyə nail olmaqdır.

 

İqtisadiyyat