Azərbaycandan hava nəqliyyatı ilə tranzit daşınan sərnişinlərin sayı 1,4 dəfəyədək artıb

post-img

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakını 80-dən çox beynəlxalq istiqamətlə birləşdirərək, Azərbaycanı qlobal səyahət mərkəzi kimi dünyaya təqdim edir. Avropanın London, Paris və Roma kimi əsas şəhərlərindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyaya qədər geniş marşrut şəbəkəsi sərnişinlərə müxtəlif istiqamətlərdə səyahət üçün geniş seçim imkanları yaradır.

Bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum mövcud əlaqələri gücləndirməklə sərnişinlərə rahat və keyfiyyətli səyahət təcrübəsi təklif edir.

“Məqsədimiz Bakını həm tranzit, həm də təyinat nöqtəsi kimi qlobal səyahətçilər üçün cəlbedici mərkəzə çevirməkdir. Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 631 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir. Həmin ay ərzində ümumilikdə 4779 uçuş yerinə yetirilib. Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 51,1 faizi xarici aviadaşıyıcıların payına düşüb. Xüsusilə, tranzit sərnişinlərin sayı 137 faiz artaraq 33 minə çatıb. Bu da Bakının beynəlxalq tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir”, - deyə aeroportunun direktoru vurğulayıb.

T.Həsənov qeyd edib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 39 aviaşirkət fəaliyyət göstərir ki, bu da sərnişinlərə daha çox iqtisadi seçim imkanı yaradır.

İqtisadiyyat