Ötən rüb AÇG üzrə əməliyyat və əsaslı məsrəflərə xərclənən vəsait açıqlanıb

post-img

Cari ilin ilk üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslı məsrəflər xərclənib ki, bu da ötən il ilə müqayisədə müvafiq olaraq 10,1 faiz artım və 12,7 faiz azalma deməkdir.

Bu barədə bp-nin cari ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib.

Hesabata görə, bu il AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb, hazırda əldə olunan seysmik məlumatların emalı davam edir.

Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olunub.

ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda iki quyudan gündə təxminən 19 min barel neft hasil olunur. Bu ilin sonuna kimi daha bir hasilat quyusunun istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.

Qeyd edək ki, ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.

ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.

İqtisadiyyat