Dünya Bankı Azərbaycanla bağlı qiymətləndirmə aparacaq

post-img

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qrupun iclasında bu ilin sonundan etibarən, Dünya Bankının “Business Ready” hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlanacağını bildirib.

Onun sözlərinə görə, bu proses çərçivəsində sahibkarlara, ekspert qruplarına və dövlət orqanlarına müvafiq sorğular göndərilməsində əsas məqsəd onlardan düzgün və hərtərəfli məlumatlar almaqdır. S. Musayeva vurğulayıb ki, Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatında rəqəmsal yeniliklər tətbiq edilib: “Onların təsisçilərinin xarici fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, elektron qaydada dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar yaradılıb. Xarici hüquqi şəxslərin qeydiyyat prosesi tamamilə yerli hüquqi şəxslərin qeydiyyat proseduruna uyğunlaşdırılıb və bu sahədə mövcud fərqlər aradan qaldırılıb. Sahibkarlıq mühitinin inkişafı istiqamətində də bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Bununla da həm sahibkarlıq fəaliyyətinə başlamağa, həm də biznesin sonrakı mərhələlərdə səmərəli idarə olunmasına əlverişli şərait yaradılıb. Eyni zamanda, Dünya Bankının “Business Ready” hesabatı əsasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib”.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev isə bildirib ki, Azərbaycanın “Business Ready” hesabatına 2025-ci ilin sentyabrında daxil ediləcəyi gözlənilir. O, Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatının metodologiyası və qarşıda duran prioritetlər barədə məlumat verib:” Hesabat dünya ölkələrində biznes mühitini özəl sektorun inkişafı kontekstində qiymətləndirir. Layihə ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə, özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə əsaslanır”.

Qeyd edək ki, bu ilin oktyabr ayında 50 ölkənin daxil olduğu yeni hesabatın ilk buraxılışı dərc edilib. Bu hesabat dərci dayandırılan “Doing Business” hesabatını əvəz edəcək və gələn ildən daha çox ölkə iqtisadiyyatlarının əhatə olunacağı gözlənilir.

“Business Ready” hesabatı şirkətlərin fəaliyyətinin başlanması, davam etdirilməsi, bağlanması və ya yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzunu–biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazar rəqabəti, mübahisələrin həlli və müflisləşməni əhatə edəcək.

 

İqtisadiyyat