Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Mərasimdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, “FiberHome Telecommunication Technologies Co., Ltd”nin baş icraçı direktoru Hai Lan iştirak ediblər.
Toplantıda 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib. Sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd edilib. Eyni zamanda, respublikamızda “ağıllı” texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulduğu və mühüm layihələrin icra edildiyi bildirilib.
Qeyd edilib ki, telekommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan şirkətlə imzalanan sənədin icrası tərəflərin “ağıllı” infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları istiqamətlərində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və ölkəmizdə qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək.
Xatırladaq ki, “FiberHome Telecommunication Technologies Co., Ltd.” Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, İP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.