8 aylıq inflyasiya 1,3 faiz olub

post-img

Cari ilin 8 ayında ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,3 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,1 faiz, qeyri-qida məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin bu barə­də məlumatına görə, cari ilin avqsut ayın­da istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz olub.

Ötən ay istehlak qiymətləri indeksi əv­vəlki aya nisbətən 100,4 faiz təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulat­ları üzrə istehlak qiymətləri indeksi əvvəl­ki aya nisbətən 100 faiz olub.

Ötən ay qeyri-qida malları üzrə isteh­lak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz olub. Qeyri-qida mallarından daha çox artım kəsilmiş taxtanın, kərpi­cin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə edilib. Digər qey­ri-qida mallarının qiymətlərində ciddi də­yişikliklər baş verməyib.

Avqust ayında əhaliyə göstərilmiş ödə­nişli xidmətlər üzrə istehlak qiymətləri in­deksi isə əvvəlki aya nisbətən 101,3 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən xalçaların yu­yulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəq­liyyatı ilə digər ölkələrə beynəlxalq sərni­şindaşıma xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərin­də müşahidə olunub. 

Xatırladaq ki, inflyasiyanın azalması cari ilin əvvəlindən davamlı prosesə çev­rilib. Belə ki, cari ilin yanvar ayında ölkə­də illik inflyasiya 1,7 faiz təşkil edib. Bu göstərici 2023-cü və ondan əvvəlki illərin yanvar aylarında müvafiq olaraq 12,5 faiz və 13,6 faiz olub. Həmin vaxt ölkədə illik inflyasiyanın kəskin enmə səbəbi ilə bağlı İqtisadiyyat Nazirliyinin məlumatında bil­dirilirdi ki, 2023-cü il ərzində respublika­mızda inflyasiyada əvvəlki illə müqayisə­də azalma davam edib. Belə ki, ötən ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya əvvəlki ilin müvafiq göstəricisinə nəzərən 12,3 faiz bəndi azala­raq 2,1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflya­siya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyada səngimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1,7 faizə enib.

Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarla­rında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında taraz­lığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstə­rib.

Həmin vaxt Maliyyə Nazirliyinin mə­lumatında isə qeyd olundu ki, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir. Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşması­nı qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Ka­binetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqın­da”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətin­də əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiyanın azalmasını şərtləndirir.

İqtisadiyyat