Cari ilin 8 ayında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 725 milyon manat təşkil edib.
Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz və ya 350 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 2,5 milyard manat olub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 133,5 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 14,6 faiz artaraq 100,8 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 659,4 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 9,4 faiz artaraq 468,4 milyon manat olub.