Bölgədə 10 önəmli özəl layihəyə 21,6 milyon manat güzəştli kredit verilib
Son illər respublikamızda özəl sektorun inkişafı məqsədilə mühüm layihələr həyata keçirilir, investisiya təşviqi mexanizminin tətbiqi uğurla davam etdirilir, iş adamlarının xərclərinin azalması üçün onlara prioritet sahələr üzrə güzəştli kreditlərin ayrılması diqqətdə saxlanılır.
Güzəştli kreditlər qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı, anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü layihələrin icrasına yönəldilir. Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Osman Xaliyevin sözlərinə görə, qurum 2002-ci ildən indiyədək 49 min 500 layihəyə, ümumilikdə, 3,2 milyard manat məbləğində güzəştli kredit verib, 2022-ci ildən isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya layihələri həyata keçirən sahibkarlara 10 layihə üzrə 21,6 milyon manat güzəştli kredit ayırıb.
Azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri vəsaitin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi qərara alınıb. Bu kreditlər üçün 15 faiz dərəcəsi həddi müəyyənləşdirilib. Bunun da 10 faizinin fondda subsidiyalaşdırılması nəzərdə tutulub. Eyni zamanda, ayrılan kreditə 36 aya qədər güzəşt müddəti tətbiq edilib.
Fond Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra ediləcək layihələr üçün kommersiya bankından alınan kreditə dövlət zəmanətini də reallaşdırır. Bu cür layihələr üzrə 3 il ərzində faiz subsidiyalarının ödənilməsini gerçəkləşdirir. Məsələn, belə layihələr sırasında minatəmizləmə qurğularının istehsalı və işğaldan azad edilmiş ərazilərdə istifadəsi nəzərdə tutulur. Bu həm ətraf mühit, həm də sosial məsuliyyət baxımından mühüm önəm daşıyır.
Sahibkarlığın İnkişafı Fondu artıq cari il fevralın 1-dən bu mexanizm əsasında fəaliyyət göstərir və proses elektron platforma vasitəsilə həyata keçirilir. Yəni həm sahibkar, həm bank, həm də fond bütün müraciətlərin baxılması və cavablandırılması, zəmanətin təmin edilməsi, hesabatlılığın təşkil olunması kimi məsələlər elektron platforma ilə gerçəkləşdirilir.
Qurum fəaliyyətində ətraf mühit, sosial və korporativ meyarlara diqqət yetirən müəssisələrlə əməkdaşlığı dərinləşdirməyi hədəfləyir. Eyni zamanda, prioritet istiqamətlər sırasında “yaşıl layihə”lərin maliyyələşdirilməsini də diqqətdə saxlayır. Bu isə fondun fəaliyyətində həm dəstək mexanizmlərinin şaxələndirilməsindən, həm də ümumi iqtisadiyyatda baş verən trendlərlə uzlaşmanın gerçəkləşdirilməsindən xəbər verir. Məsələn, son 2 ildə ətraf mühitinin mühafizəsi, emissiya tullantılarının atmosferə buraxılmasının azaldılması, “yaşıl” texnologiyalara dair layihələrə daha çox diqqət yetirilməsi məhz belə bir yanaşmanın əyani nümunəsidir.
Xatırladaq ki, fond indiyədək istehsal müəssisələrində günəş panellərinin quraşdırılması, elektrik doldurma stansiyalarının yaradılması kimi 5 “yaşıl” layihəyə 3,6 milyon manat dəyərində güzəştli kredit verib.