MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər əsasında apardığı təhlilə görə, 2024-cü ilin I yarısında işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait 2 milyard manatı ötüb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3% və ya 390,6 milyon manat çox olub. Bu da o deməkdir ki, ötən ilin I yarısında işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə 1,67 milyard manat vəsait sərf olunub.
Xatırladaq ki, 2023-cü ildə işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə 2022-ci il ilə müqayisədə 53,9% və ya 2,1 milyard manat çox vəsait xərclənib. Daha dəqiq desək isə 5,98 milyard manat vəsait sərf edilib.
Əlavə məlumat üçün bildirək ki, 44 günlük Müharibə 2020-ci ilin noyabr ayında başa çatıb və həmin ilin son iki ayında işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 114,1 milyon manat vəsait sərf olunub.
Aparılan təhlilə əsasən, cari ilin ilk yarısında işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 37,46%-ni təşkil edib. 2023-cü ilin I yarısında bu göstərici 33,2%, hesabat ilinin yekununda isə 41,3%-ə çatıb.
Son iki ilin ilk yarımilləri üzrə göstəricilərin müqayisəsi göstərir ki, 2024-cü ilin sonunda işğaldan azad olunmuş ərazilərin yenidənqurmasına sərf edilən vəsaitin həcmi 2023-cü ilə nəzərən daha yüksək olacaq.
Xatırladaq ki, Zəfərdən sonrakı dövrdən ilin sonuna kimi (2020-ci il noyabr və dekabr ayları) işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait ümumi respublika üzrə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin 3,1%-ni təşkil edib.
Müharibədən sonrakı dövrdə ölkə üzrə tikinti-quraşdırma işlərinə ümumilikdə 48,2 milyard manat vəsait sərf edilib və bunun 29,3%-i və ya 14,1 milyard manatı işğaldan azad olunmuş ərazilərin payına düşüb. Bu dövrdə digər bölgələrə sərf edilən vəsaitin həcmi 34 milyard manat olub. Həmin bölgələr arasında paytaxt Bakı şəhəri isə ilk sırada yer alıb.
2020-ci ilin noyabrın 1-dən cari ilin iyul ayınadək işğaldan azad olunan ərazilər arasında ən çox vəsait Füzuli rayonuna ayrılıb ki, onun həcmi 2 161 108 600 manat təşkil edib. Bu, Füzuli şəhərində yaradılan yaşayış kompleksi və Füzuli Beynəlxalq Hava Limanının tikinti-quraşdırma işləri ilə bağlı olub.
İkinci sırada isə 2 161 055 700 manat ilə Laçın rayonu yer alıb. Füzulidən az məbləğ ilə geri qalan Laçın rayonunda çox sayda yaşayış məntəqələri tikilib və əhalinin işlə təmin olunması üçün “Aqro və Sənaye Parkı” inşa edilib. Həmçinin Laçında Beynəlxalq Hava Limanının tikintisi davam edir və 2025-cü ildə təhvil verilməsi planlaşdırılır.
Kəlbəcər rayonu isə 1 907 889 800 manat ilə üçüncü pillədə qərarlaşıb.
Təhlil zamanı Azərbaycanda və Ermənistanda tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin müqayisəsi aparılıb və hər iki ölkənin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi rəqəmlər göstərir ki, 2024-cü ilin I yarısında Azərbaycanda tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi Ermənistandan dəfələrlə çox olub. Hətta işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə ayrılan vəsait ( 1,21 mlrd $ ) Ermənistanda ümumi tikinti-quraşdırma işlərinə ayrılan vəsaitdən daha çoxdur.
Qeyd edək ki, cari ilin I yarısında Azərbaycanda tikinti quraşdırma işlərinə sərf olunan vəsait 3,2 milyard dollar, Ermənistanda isə 480,9 milyon dollar təşkil edib. Bu göstərici üzrə Azərbaycan Ermənistanı 6,7 dəfə qabaqlayıb. İşğaldan azad olunmuş ərazilərə sərf olunan vəsait isə Ermənistanın ümumi göstəricisindən 2,5 dəfə çox olub.