İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC Azərbaycanda ilk dəfə olaraq püstə bağı salacaq. Bunu MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.
Bu ilin noyabr ayında aqroparkın ərazisində ABŞ-dən alınan “UCB-1” calaqaltısı üzərinə püstə tinglərinin əkiləcəyini bildirən direktorun sözlərinə görə, bu üsulla daha qısa zaman ərzində məhsul əldə etmək mümkün olacaq. Belə ki, adi halda püstə tingləri 9-10 ildən sonra meyvə verdiyi halda, “UCB-1” calaqaltısı üzərinə əkilən tinglər 3 ildən sonra meyvə verməyə başlayır.
“Hazırda 10 min ədəd hazır püstə tingi var ki, onları da 30 hektara yaxın ərazidə əkmək mümkündür. Bu il aqroparkın 20 hektar ərazisində həmin tinglər hesabına yeni püstə bağı salınacaq, qalan 10 hektarlıq ərazi üçün nəzərdə tutulan tinglər isə digər fermerlərə satılacaq”– deyə o əlavə edib.
S.Xeyirbəyov onu da bildirib ki, hazırda yerli istehsal olmadığından Azərbaycan bahalı məhsul sayılan püstəni idxal edir. Bağın məhsulu isə gələcəkdə daxili tələbatı ödəməklə yanaşı, ixrac da edilə bilər.