Azərbaycanda “Yaşıl və dayanıqlı şəhər” konsepsiyası çərçivəsində birgə layihələrin perspektivləri barədə Dünya Bankı ilə ətraflı fikir mübadiləsi aparılıb.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stalmayster ilə məhsuldar görüşümüz reallaşdı. Paytaxt Bakının Baş Planı və şəhərin dayanıqlı inkişaf istiqamətləri, habelə Azərbaycanda “Yaşıl və dayanıqlı şəhər” konsepsiyası çərçivəsində birgə layihələrin perspektivləri barədə ətraflı fikir mübadiləsi apardıq”, - A. Quliyev qeyd edib.
Xatırladaq ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Baş nazir Əli Əsədovun 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilib. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalibi olan Almaniyanın “AS+P Albert Speer + Partner Gmbh” şirkəti tərəfindən hazırlanıb. Onun hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.
Baş planın icrasına, ümumilikdə, 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Sənədə əsasən, bunun 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək. Qeyd edilən dövrədək ərazi inkişafı üzrə 47,6 milyard manat vəsait xərclənəcək və bunun 30,9 milyard manatı özəl sektorun, 16,7 milyard manatı dövlət sektorun payına düşəcək.