I məqalə
Biz qorxunun yolumuza çıxmasına imkan verməməliyik.
Nelson Mandela
Strateji inkişafın milli prioritetləri
Azərbaycanın strateji inkişaf kursunun həyata keçirilməsi ardıcıllıqla davam edir. Bu kursda inkişaf paradiqması ifadə olunmuşdur. Onun başlıca faktorları müəyyən edilmişdir. Həmin faktorlar “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə təsbit edilmişdir. Milli prioritetlər orada aşağıdakı kimi müəyyən edilmişidir:
1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”.
Göründüyü kimi, Azərbaycanın 2030-cu ilə qədər strateji inkişaf kursu iki məqamı özündə birləşdirir.
Birincisi, milli maraqları ciddi surətdə nəzərə almaqla dünyanın ən inkişaf etmiş ölkələri sırasına yüksəlmək.
İkincisi, inkişafda BMT-nin qəbul etdiyi 17 stratej inkişaf istiqaməti ilə uyğunluğa nail olmaq.
Bu iki məqamın sintezi Azərbaycanın milli, müstəqil, demokratik güclü dövlət olmasını, inkişaf etmiş vətəndaş cəmiyyətinə çevrilməsi və güclü yaradıcılıq (kreativlik) qabiliyyəti olan millət formalaşmasını təmin etməlidir (burada “millət formalaşması” ifadəsi hər hansı etnik və mədəni mənsubluqdakı dəyişiklik yox, dünyada yaradıcılıq qabiliyyəti ilə seçilən topluma keçid nəzərdə tutulur).
2030-cu il üçün qarşıya qoyulan strateji inkişaf məqsədinin ilk mərhələsi digər strateji sənəddə də konkret məzmun almışdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda start ili kimi 2020-ci il götürülmüşdür. 2022-2025-ci illər isə “aralıq illəri” adlandırılır. Əsas inkişaf parametrləri məhz aralıq illərində nəzərdə tutulan hədəfə çatmağa bütün əsasları yaratmalıdır. Son məqsəd isə 2030-cu ilə “Qüdrətli dövlət, yüksək rifah cəmiyyəti”ni yaratmaqdan ibarətdir.
Strateji inkişaf sənədləri və milli təhlükəsizlik
“Milli təhlükəsizlik haqqında” Qanun strateji sənədlərdən əvvəl qəbul edilmişdir. Qanunda yazılır ki, o, “Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı”na xidmət edir. Yəni milli təhlükəsizliyi təmin etməyin strateji məqsədi hər anda dövlətin inkişafının reallaşmasına yardım etməkdən ibarətdir.
Belə alınır ki, hər bir müasir müstəqil dövlətdə olduğu kimi, Azərbaycan Respublikasında da milli təhlükəsizlik strateji inkişaf kursu ilə sıx bağlıdır. Onu da vurğulayaq ki, hətta beynəlxalq elm təşkilatları fəaliyyətlərində sosial-iqtisadi inkişafın elmi əsasını milli təhlükəsizliyin təminatı ilə sıx əlaqədə araşdırırlar (məsələn, Beynəlxalq Elmi Şurada (İSC)). Bundan başqa, məlumdur ki, dünyada enerji təhlükəsizliyini milli təhlükəsizliyin tərkib hissəsi kimi qəbul edirlər. Bu bağlantının aktuallığı haqqında dünya siyasətçiləri dəfələrlə fikir söyləmişlər. Azərbaycan Prezideni İlham Əliyev də ölkənin enerji strategiyasında enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin təminatı arasında sıx bağlantının olduğu haqqında bir neçə dəfə fikir bildirmişdir. İndiki mərhələdə Azərbaycanın enerji siyasəti çoxlu sayda dövlətin də milli təhlükəsizliyinə töhfə verməkdədir.
Deməli, strateji inkişaf kursu daxilində sosial-iqtisadi-mədəni inkişaf-elm-milli təhlükəsizlik bağlantısının mövcudluğu müasir dövrün tələbidir. O başqa məsələdir ki, hər bir dövlət onu bacardığı və təsəvvür etdiyi səviyyədə həyata keçirməyə çalışır.
Bu baxımdan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” Qanununda strateji inkişafın təmin edilməsi ilə bağlı milli maraqların gözlənilməsi aspektində bir sıra məqamlar mövcuddur.
Qanunda yazılmışdır: “Azərbaycan Respublikasının milli maraqları – Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur”. Aydındır ki, bunun üçün dövlətin və cəmiyyətin fundamental dəyərləri qorunmalı və inkişaf etdirilməlidir. İqtisadi potensialın artırılması bu prosesdə ayrıca önəm kəsb edir. O sırada elm, mədəniyyət və təhsil də xüsusi yer tutur.
Bu aspektdə təhsilin səviyyəsinin aşağı salınması, “Azərbaycanın tarixinə, dilinə, mədəni irsi və mənəvi sərvətlərinə qəsd edilməsi, onların xarici və daxili təzyiqlərə məruz qalması” milli təhlükəsizliyə təhdid kimi qəbul edilir. İnformasiya təhlükəsizliyinin təmini də, burada təbii ki, ayrıca yer tutur.
İnkişaf strategiyası və zaman
Əlbəttə, ölkənin inkişaf strategiya kursunun milli təhlükəsizliklə sıx bağlı olmasının ümumi müddəaları məlumdursa və o, açıqdırsa, onda prosesin reallaşmasının mərhələləri ayrıca maraq kəsb edir. Azərbaycanda strateji inkişafın zamandan asılı olaraq dinamik həyata keçirildiyi müşahidə edilir. Burada başlıca məqam ondan ibarətdir ki, sürətlə dəyişən regional və qlobal situasiyaya Azərbaycan Prezidenti strateji inkişaf kursunun davamlı reallaşması və bu aspektdə milli təhlükəsizliyin etibarlı təmin edilməsi kontekstində yanaşır. Buna görə də, indiki zamanda Azərbaycan Prezidentinin müşahidə edilən regional və qlobal geosiyasi proseslərə reaksiyası çox əhəmiyyətlidir. Buna aydınlıq gətirmək üçün öncə, indi baş verən geosiyasi proseslərə ümumi nəzər salaq.
Risk və təhdidlərin miqyası
Rusiya–Ukrayna və İsrail–Fələstin münaqişələri geniş bir geosiyasi məkanda vəziyyəti çox gərginləşdirmişdir və bu proses davam edir. Proseslərin müxəlif inkişaf ssenarilərindən bəhs edirlər. Əsas olaraq da regional miqyasda müharibənin yaranması ehtimalından danışırlar. Reallıqda bu qənaətə əsas verən faktlar vardır. Hiss olunur ki, Yaxın Şərqi və ona yaxın olan Qafqazı bir neçə dövlətin toqquşma meydanına çevirməyə çalışırlar.
Belə bir şəraitdə ölkə daxilində sabitliyi təmin etmək və xarici təhdidləri, riskləri neytrallaşdırmaq mürəkkəb bir vəzifəyə çevrilir. Burada regionun böyük dövlətləri ilə münasibətlərdə balansı saxlamaq daha da aktuallaşır. Çünki yeni şərait meydana yeni şərtlər çıxara bilir. Onların bütövlükdə milli maraqları qorumağa mane olmaması üçün məharətli və fəal, uğura hesablanmış siyasi-diplomatik addımlar atmaq lazım gəlir. Azərbaycan Prezidenti bu istiqamətdə də kifayət qədər sanballı və nəticəverici fəaliyyət göstərməkdədir.
Onu vurğulayaq ki, hazırda qlobal və regional miqyasda olan risklər və təhdidlərin bir-biri ilə kəsişməsi müşahidə edilir. Müxtəlif böyük qüvvələr (əsasən ABŞ, Rusiya və İran) iddialı danışırlar. Onlar aktiv surətdə siyasi, diplomatik və hərbi ritorikanı sinxronlaşdırırlar. Bunun nəticəsində müəyyən nöqtələrdə qlobal təhlükələr və risklərlə regional təhlükə və risklər oxşar məzmun almış olur.
Geosiyasi mühitdə bu cür “ikilik” kifayət qədər qeyri-müəyyən vəziyyət yaradır. Bu situasiyda uğurlu olmağın nəticəverici modelini tapmaq ayrıca vəzifəyə çevrilir.
Seçim anı
Kənardan gələn ciddi təhlükələr fonunda dövlət başçısının hansı paradiqmanı seçəcəyi əsas şərtdir. Bu zaman ya inkişaf paradiqmasına davam olmalıdır, ya da müharibə paradiqmasına keçid baş verməlidir. Bunların heç birini etməmək daha təhlükəlidir.
İndi Ermənistanın məhz fəaliyyətsiz dayandığını görürük. Bu ölkə regional miqyasda meydana gələn təhlükə və riskləri nəinki neytrallaşdırmaq üçün addımlar atır, hətta bir sıra təxribatçı davranışı ilə vəziyyəti daha da gərginləşdirir. Rəsmi İrəvan xarici güclərin regiona müdaxiləsi üçün imkanlar yaratmaqda davam edir. Onun bundan kənarda hansısa müstəqil addım atdığı görünmür.
Bir sıra KİV-də hətta Ermənistanın region üçün ciddi təhlükələr yaradacaq gedişlər etdiyi ilə bağlı informasiyalar gedir. Məsələn, hansısa uzaq dövlətin Ermənistan ərazisində başqa ad altında hərbi kontingent yerləşdirdiyi ilə əlaqədar informasiyalar yayılmışdır. Əgər bu doğrudursa, indki şəraitdə kifayət qədər riskli vəziyyətə yol açıla bilər.
Bütün hallarda İsrail–İran münasibətlərinin gərginləşdiyi bir vaxtda rəsmi İrəvanın passivliyi mənfi haldır. Təəssüf ki, rəsmi Tbilisi də hansısa fəallıq göstərmir. Gürcüstan tamamilə daxili problemlərinə istiqamətlənmişdir.
Regionun üç dövlətindən ikisinin yaranmış situasiyaya bu cür passiv və xeyli laqeyd münasibəti ümumilikdə təhlükəsizliyin təminatı baxımından münbit olmayan şərait yaradır. Belə şərtlər daxilində rəsmi Bakının fəallığı buna görə olduqca ciddi əhəmiyyət kəsb edir və strateji inkişafla milli təhlükəsizliyin qarşılıqlı əlaqəsinin məzmunu ön plana çıxır.
Burada rəsmi Bakı iki funksiyanı eksklüziv və paralel yerinə yetirməli olur. Onlardan biri ölkənin milli təhlükəsizliyini strateji inkişaf kursuna uyğun təmin etməkdən ibarətdir. Çünki əgər bu şərt ödənməsə, inkişaf paradiqmasının özü zərər görmüş olar ki, bu da Azərbaycan üçün heç bir halda sərfəli deyildir. Digər funksiya isə regional təhlükəsizliyi təmin etməklə bağlıdır. Bunu yerli dövlət kimi faktiki olaraq təkbaşına etməlidir. Digər iki region dövlətindən hansınınsa tutarlı addım atacağını gözləmək çox çətindir. Hər iki funksiya da öz növbəsində mürəkkəb xarakterli vəzifələrin öhdəsindən gəlməyi tələb edir.
Milli təhlükəsizlik və strateji inkişaf
Etiraf etmək lazımdır ki, bu, asan məsələ deyildir. Çünki, eyni zamanda, iki istiqaməti uyğunlaşdırmaq gərəkdir. Bir tərəfdən, strateji inkişaf paradiqmasının ruhu və ona nail olmağın fəaliyyət istiqamətləri saxlanmalıdır. Digər tərəfdən isə real olaraq dövlətin və ölkənin təhlükəsizliyi təmin edilməlidir. Burada inkişaf kursunu milli təhlükəsizliklə bağlamamaq mümkün deyildir. Çünki elə vəziyyət yaranmışdır ki, ölkədə durumun balansı pozula bilər və cəmiyyətin inkişafa istiqamətlənməsində sosial-psixoloji problemlər yaranar. Burada həlledici rolu böyük geosiyasi güclərin regional təsirlərini Azərbaycanın milli maraqlarına görə balanslaşdırmaq oynayır. Burada söhbət əsasən Qərb, Rusiya, İran və Türkiyədən gedir. Bu güclərin hər birinin regional situasiyaya təsirləri İsrail–Fələstin böhranı və son zamanlar İsrail–İran qarşıdurması fonunda fərqlidir.
Türkiyə bu qüvvələrin hər birindən fərqlənir. Ankara regionda Şuşa Bəyannaməsi əsasında Azərbaycanın strateji müttəfiqi kimi çıxış edir. Bugünədək Türkiyə–Azərbaycan strateji müttəfiqliyi regionun təhlükəsizliyinin təmininə xidmət etmişdir. Ankara bu prosesdə Azərbaycanın aparıcı rolunu qəbul edir. Deməli, indiki mərhələdə İsrail–İran münasibətlərinin daha da kəskinləşməsi şəraitində Azərbaycan-Türkiyə tandemi regionda öz konstruktuv funksiyasını yerinə yetirməkdə davam edəcək. Burada, şübhəsiz ki, Azərbaycanın milli təhlükəsizliyinin strateji inkişaf kursuna uyğun təminatı başlıca yer tutur.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru