İyulun 19-20-də Aktauda Qazaxıstan Respublikası Baş nazirinin müavini Serik Jumanqarinin sədrliyi ilə birinci “Şimal–Cənub” ticarət-ixracat forumu keçirilib. Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, son təyinat məntəqəsi Fars körfəzinin limanları və daha sonra Hindistana çıxışı olan “Şimal–Cənub” nəqliyyat dəhlizi geniş perspektivlər açır və iqtisadi inkişafın mühərriklərindən birinə çevrilə bilər. “Bu marşrutun inkişafı üçün bu gün İran, Türkmənistan və Rusiya ilə “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunun potensialının 20242025-ci illər üçün sinxron inkişafı üzrə “Yol xəritəsi” imzalanıb”, – deyə məlumatda bildirilib. Qeyd olunub ki, bu sənədin həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin ötürücülük imkanlarını ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdıracaq.
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin dediyinə görə, ölkəsi 2030cu ilə qədər yük axınlarının artımı üçün yüksək potensiala malik olan və Hind okeanına ən qısa tranzit üçün ən təhlükəsiz marşrut kimi görünən “Şimal–Cənub” dəhlizinin şərq qolunun inkişafında fəal iştirakını davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, Qazaxıstan, Rusiya, Türkmənistan və İran ərazilərindən keçən “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunun potensialının sinxron inkişafı üçün bu gün imzalanan “Yol xəritəsi”nin praktiki icrasına başlamaq lazımdır.
Qeyd edək ki, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas aktorlarının iştirakı ilə dəmir yollarının, avtomobil yollarının, limanların inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi üçün platforma rolunu oynayan forumda Azərbaycan, Rusiya, Belarus, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İran, zbəkistan və bir sıra digər ölkələrdən 440-dan çox təmsilçi, İqtisadi Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.
Yeri gəlmişkən, son illər Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya və Avropanı nəqliyyat baxımından birləşdirən bu nəhəng nəqliyyat-logistika infrastrukturunun funksionallığının artması müşahidə olunur. Hazırda sözügedən nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 10 milyon tonu keçməsi də bunu sübut edir. Hazırda bu istiqamətdə yükdaşımaları artırmaq məqsədilə bir sıra işlər həyata keçirilir. Bu ilin mayında Azərbaycanın Astara rayonunda yük terminalının yenilənərək istifadəyə verilməsi nəticəsində yükaşırma potensialının ilin sonuna qədər 1 milyon tona qədər artırılması planlaşdırılır.
Xatırladaq ki, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli 2000ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. tən müddətdə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. Yeri gəlmişkən, hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. Beynəlxalq nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması isə bu müddətin iki dəfə azalmasına səbəb olacaq.
Sözügedən nəqliyyat marşrutunun formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində ötən müddətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakı Dəniz Ticarəti Limanı xüsusi əhəmiyyət daşıyır. Son illər limanın yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər onun beynəlxalq statusunu xeyli gücləndirir. Bundan əlavə, Ələt-Astara avtomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub.
Bütövlükdə isə, Prezident İlham Əliyevin “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol və avtomobil körpüləri inşa olunub, buradan İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Dəhliz çərçivəsində nəzərdə tutulmuş infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.
Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə ölkəmizin Avrasiya materikinin cənubu ilə şimalını birləşdirən bu marşrutun inkişafında mühüm rol oynadığını vurğulayaraq deyib: “Şimal–Cənub” dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.
Yaxın gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin illik gəliri 20 milyard dollara çatacaq. Eyni zamanda, dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ekspertlər hesab edirlər ki, ölkəmiz bu nəqliyyat dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar qazanacaq.
XQ