Son illərdə bu ölkə ilə münasibətlərimiz genişlənir, əlaqələrimiz möhkəmlənir
Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirmək üçün son illər bir sıra layihələr gerçəkləşdirilib. İnvestisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib.
İnvestisiya mühitinin yaxşılaşdırılması və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə Prezident İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Rəqəmsal transformasiyaya uyğun olaraq ölkədə xarici investorların biznes fəaliyyətinə başlaması elektronlaşdırılaraq sadələşdirilib.
Azərbaycana yatırılan investisiyalarda əcnəbi sərmayədarların səmərəli fəaliyyəti xüsusi diqqət çəkir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) respublikamızla sıx əməkdaşlığı fonunda bu, aydın nəzərə çarpır.
Qeyd edək ki, 2024-cü ilin I rübündə BƏƏ-nin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 190 milyon 686 min dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 343 min dollar çox olub.
Cari ilin I rübündə Azərbaycandan BƏƏ-nin iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 65 milyon 787 min dollar təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1 milyard 508 milyon dollar, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi isə 330 milyon 451 min dollar təşkil edib.
Azərbaycan hazırda zəngin bərpaolunan enerji potensialı hesabına iri layihələr həyata keçirir və 1000 MVt gücündə bərpaolunan enerji stansiyalarının təməlinin qoyulması respublikamızın “yaşıl enerji” sahəsində bir ilkdir. Bu sahədə BƏƏ-nin şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir.
Yeri gəlmişkən, cari il iyunun 4-də BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala Günəş elektrik stansiyalarının və 240 MVt gücündə Abşeron–Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyulub. Bakı Enerji Həftəsində təməli qoyulan bu layihələr hesabına illik 2 milyard 305 milyon kVt/saat elektrik enerjisinin istehsalı gözlənilir ki, bununla da 496 milyon kubmetr təbii qaza qənaət olunacaq. Adları çəkilən stansiyaların işə salınması ilə 1 milyon tona yaxın karbon emissiyasının qarşısı alınacaq və yeni iş yerləri yaradılacaq.
Prezident İlham Əliyev stansiyaların tikintisi ilə bağlı bildirib ki, böyük həcmdə xarici sərmayənin Azərbaycanın qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərdən biridir: “Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları, həm də elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır”.
Azərbaycanla “Masdar” şirkəti arasında bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üzrə indiyədək dörd anlaşma memorandumu imzalanıb. İmzalanan sənədlər çərçivəsində Qaradağ rayonunda Günəş Elektrik Stansiyasının tikintisi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da “yaşıl” və təmiz enerji mənbələrinin işlənməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev iyunun 21-də “Euronews” televiziyasına müsahibəsində də bu barədə ətraflı bəhs edib. Ölkə rəhbəri “Masdar”ı Azərbaycanın bərpaedilən enerji sahəsində strateji tərəfdaşı adlandırıb və BƏƏ-nin bu şirkəti ilə sıx əməkdaşlıq yaradıldığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı hələ bu il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışında da bu barədə ətraflı bəhs edərək ölkəmizin “yaşıl enerji” potensialının uğurla reallaşdırdığını, bu istiqamətdə mühüm uğurlara nail olduğunu bildirib. Ölkə rəhbəri daha sonra “Yaşıl dünya naminə həmrəylik ili”ndə bərpaolunan enerji ilə əlaqədar geniş tədbirlər həyata keçirildiyini, bu layihələr arasında keçən ilin oktyabr ayında 230 meqavatlıq gücə malik ilk böyük Günəş Elektrik Stansiyasının açılışının gerçəkləşdiyini qeyd edib: “Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub. İmzalanan müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək Azərbaycanda 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal edilməsi planlaşdırılıb”.
Mütəxəssislərin fikrincə, 240 MVt gücündə Xızı–Abşeron Külək Elektrik Stansiyası, Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası, həmçinin ilk bərpaolunan enerji hərracı nəticəsində tikiləcək 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası Azərbaycanın “yaşıl enerji” gündəliyində yer alan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdir. 2027-ci ilin sonuna qədər reallaşacaq 2 QVt-dək “yaşıl” güclər hesabına isə ümumi elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının isə 33 faizə yüksələcəyi gözlənilir.
Beləliklə, təməli qoyulan külək və günəş elektrik stansiyaları layihələri ölkəmizin yaşıl gündəliyinin məqsədlərinə uyğun olmaqla, davamlı inkişafın təmin olunmasına əvəzsiz töhfə verəcək.
Burada iki ölkəni daha da yaxınlaşdıran bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti BƏƏ-nin SARB və “Umm Lulu” yataqlarında 3 faizlik iştirak payı əldə edib. Bununla bağlı cari il mayın 30-da Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə SOCAR arasında saziş imzalanıb. Bu, SOCAR-ın 32 illik fəaliyyəti dövründə Azərbaycandan kənarda sahib olduğu ilk hasilat payıdır.
SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə BƏƏ arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin
SOCAR–ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bu xüsusda ADNOC tərəfindən “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi də qeyd olunub.
Göründüyü kimi, son zamanlar BƏƏ və Azərbaycan arasında sıx təmaslar hiss olunmaqdadır. Bu münasibətlər onu göstərir ki, Prezident İlham Əliyev xarici ölkələrlə bərabərhüquqlu və ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Əlbəttə, BƏƏ həm zəngin enerji yataqlarına, həm də maliyyə vəziyyətinə görə dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Ölkələrimiz arasında əməkdaşlıq isə getdikcə inkişaf edir. BƏƏ tərəfindən Azərbaycana yatırılan investisiyaların da sayı artmaqdadır.