Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və “Smartnatıon” insan inkişaf platforması arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb.
Agentliyin bu barədə yaydığı məlumatda bildirilib ki, memorandum BOEMDA-nın direktoru Cavid Abdullayev və “Smartnatıon” insan inkişaf platformasının təsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova tərəfindən imzalanıb.
Sənədə əsasən, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişmələri və “yaşıl artım”, maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması istiqamətlərində birgə əməkdaşlıq və fəaliyyət həyata keçiriləcək. Əməkdaşlıq memorandumu “Made in Azerbaijan” istiqamətində yerli “yaşıl texnologiya”ların, məhsul və xidmətlərin yaradılması və bu məqsədlə “yaşıl texnologiya”ların tətbiqinin genişləndirilməsinin təşviqinə dəstək tədbirlərini ehtiva edir.
Tədbirlərin dövlət-özəl, elmi-tədqiqat müəssisələrinin birgə əməkdaşlıq və dialoq prinsipləri ilə həyata keçirilməsi nəzərdə tutulur.