Ukrayna Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyev dünən səfirlikdə keçirilən brifinqdə söyləyib. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini vurğulayan səfir deyib ki, Azərbaycan 2022-ci ildən bu günədək Ukraynanın enerji sisteminə 9 milyon dollar yardım edib.
“Bunun nəticəsində enerji sahəsində yaranan problemləri müəyyən dərəcədə kompensasiya etmək mümkün olub. Azərbaycanla Ukrayna iqtisadiyyatın bütün sahələrində əməkdaşlıqda maraqlı olduğunu təsdiq edir. Azərbaycanın ölkəmizin enerji sektoruna yardımları nəticəsində bu sahədə yaranan problemləri müəyyən dərəcədə kompensasiya etmək mümkün olub”,– deyə səfir əlavə edib.
Səfir rəsmi Kiyevin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməsini dəstəklədiyini vurğulayaraq deyib ki, bu məsələ ötən həftə Ukraynanın ekologiya nazirinin Azərbaycana səfəri zamanı da diqqət mərkəzində olub.