Qlobal ekoloji böhran və iqlim maliyyələşməsi

post-img

Ölkəmizin bu yöndə təşəbbüsləri önəmli platforma yaradır

Azərbaycan COP29-un növbəti uğur hekayəsinə çevrilmə­si üçün ciddi səylər göstərir. Bu çərçivədə həll edilməli məsələlərdən biri olan iqlimin maliyyələşdirilməsi proble­mi üzərində fəal iş aparır. Bunun üçün həmrəylik prinsipinə əsaslanılaraq beynəlxalq birlik üzvləri tərəfindən səsləndi­rilən müxtəlif fikirlər arasındakı fərqlər aradan qaldırılma­ğa çalışılır. Avropa İttifaqı artıq ev sahibi ölkə kimi Azər­baycanla sıx qarşılıqlı əlaqədə olmağa hazır olduğunu və istəyini ifadə edir. Bu beynəlxalq qurum Bakıda keçiriləcək COP29-un uğurla təşkil olunması üçün ən yüksək səviyyədə dəstək verəcəyini diqqətə çatdırır. 

Ekspertlərin fikrincə, Azər­baycan COP29-a sədrliyi za­manı dəstəyə ehtiyac duyan inkişaf etməkdə olan ölkələ­rin problemlərini həll etməklə Qlobal Cənubun səsi olmaq istəyir. Mühüm önəm daşıyan digər bir amil isə, həqiqətən, “yaşıl enerji” gündəminin təş­viqi ilə məşğul olan neft hasil edən ölkə kimi Azərbaycanın artıq alternativ enerji layihələ­rinə başlamasıdır. 

Azərbaycan Günəş və külək enerjisi baxımından böyük potensiala malikdir. İndiyədək imzalanan müqa­vilələr artıq yaxın illərdə bər­paolunan enerji və ya “yaşıl enerji”nin istehsalını 5 GVt-a çatdıracaq. Xəzər dənizində külək enerjisi də daxil olmaqla 150 GVt potensial mövcuddur.

Ölkəmiz Qara dənizdə sualtı kabel vasitəsilə elektrik enerjisini ixrac etməyi plan­laşdırır. Bu, Azərbaycan, Gür­cüstan, Rumıniya, Bolqarıstan və Macarıstanı birləşdirən bir layihədir. Respublikamız hidrogen ixracı barədə də müəyyən planlara malikdir. Bütün bunlar isə təkcə Avro­paya enerji ixracını şaxələn­dirən layihələr deyil, eyni za­manda, ölkə daxilində yaşıl enerjiyə keçidi gerçəkləşdirən layihələrdir. Ümumiyyətlə, COP29 “yaşıl enerji”yə doğru irəliləmək və başqalarına nü­munə olmaq üçün Azərbayca­nın yaxşı şansının olduğunu nümayiş etdirmək baxımından əlverişli fürsətdir. 

Azərbaycan bu gün iqli­min maliyyələşdirilməsi prob­leminin həllini də diqqətdə saxlayıb. Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Pe­tersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentin­də iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində bununla əlaqədar müəyyən məqamlara aydınlıq gətirib. Dövlətimizin başçısı vurğula­yıb: “Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yarat­maq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. He­sab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öh­dəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımı­zın ayrılmaz hissəsidir”.

Yeri gəlmişkən, Azərbay­canın COP29-da sədrliyi ən mühüm mövzuya – iqlimin maliyyələşdirilməsinə həsr olunub. İtki və Zərərlərin Ödə­nilməsi Beynəlxalq Fondu sənaye güclərinin inkişaf et­məkdə olan ölkələrə yardım göstərməsinə imkan yaratmaq üçün kompensasiya mexaniz­mi təqdim edib. Bununla belə, fond indiyədək cəmi 429 mil­yon ABŞ dolları toplayıb ki, bu da həmin ölkələrə dəymiş zərərdən xeyli az olub. Buna görə də ekspertlər tərəfindən Bakıda keçiriləcək COP29-a iqlim maliyyəsinin ədalətli bö­lüşdürülməsi platforması kimi yanaşılıb. 

Dünya İqtisadi Forumunun məlumatına görə, 2023-cü ildən etibarən dünyada bər­paolunan enerji potensialının artımı müşahidə edilir. Bu he­sabata əsasən, 2024-cü ildə 473 GVt bərpaolunan enerji gücü əlavə edilib ki, bu da ötən illə müqayisədə 36 faiz çoxdur, lakin iqlim məqsədlə­rinə çatmaq üçün kifayət deyil. Bərpaolunan enerjiyə ümumi qlobal sərmayə 2023-cü ildə 8,1 faiz artaraq 623 milyard dollara çatıb. İqlimlə bağlı ar­zuedilən məqsədlərə nail ol­maq üçün isə hər il təxminən 1,3 trilyon dollar tələb olunur.

Ötən il BƏƏ-də keçirilən COP28 konfransında inki­şaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, iqlimin ma­liyyələşdirilməsi üçün müza­kirələr davam etdirildi. COP29 çərçivəsində isə 2030-cu ilə qədər bərpaolunan qlobal enerji potensialının üç dəfə, enerji səmərəliliyinin ikiqat ar­tırılması və mədən yanacaq­larından “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi üzrə öhdəliklər müzakirə ediləcək.

Azərbaycan qlobal istiləş­məni 1,5°C ilə məhdudlaş­dırmaq yolları ilə bağlı bey­nəlxalq konsensus yaratmağa davam edəcək. COP29-da tərəflərin iqlim maliyyəsi üçün yeni kollektiv kəmiyyət məqsədi (NCQG) üzrə razı­lığa gəlmələri, həmçinin 6-cı maddə və ədalətli keçid gün­dəliyi çərçivəsində işlərini da­vam etdirmələri gözlənilir. 

Nəhayət, Azərbaycan COP29 konfransına evsahib­liyi etməyə hazırlaşarkən bər­paolunan enerji mənbələrinin payını artırmağı, eləcə də bu sahəyə özəl investisiyalar va­sitəsilə “yaşıl enerji” potensia­lını açmağı öhdəsinə götürüb. Ötən ay Səudiyyə Ərəbistanı və Azərbaycan davamlı və da­yanıqlı qlobal enerji keçidi is­tiqamətində enerji sektorunda ikitərəfli əlaqələrin gücləndiril­məsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Azərbay­canın energetika naziri Pərviz Şahbazov qlobal neft bazarın­da sabitliyin qorunması üçün OPEC+ və digər birgə təşəb­büslər çərçivəsində əmək­daşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üçün balanslaş­dırılmış və inklüziv fəaliyyətin zəruriliyi barədə razılığa gəlib­lər. Azərbaycanın “yaşıl enerji” sahəsində tərəfdaş ölkələrlə fəal əməkdaşlığa diqqət yetir­məsi özünü yalnız neft və qaz təchizatçısı kimi deyil, həm də “yaşıl enerji” təchizatçısı kimi göstərmək istəyini nümayiş etdirir.

İqtisadiyyat