Azərbaycanın qlobal iqlim təhlükəsizliyinə töhfələri

post-img

Bakıda keçirilən beynəlxalq Forumda ölkəmizin alternativ enerji təşəbbüsləri diqqət mərkəzində oldu. Bu ilin noyabr ayında respublikamızda BMT-nin dün­yada ən irimiqyaslı tədbirlərindən biri hesab olunan İqlim Dəyişikliyi üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70–80 minə yaxın xa­rici qonağı qəbul edəcək. Bununla da ölkəmiz həm COP29-a evsahibliyi etməsi, həm də enerji siyasətindəki uğurları və proseslərə diplomatik yanaşması ilə bir daha böhrandan həllə gedən yolda mühüm rol oynayan dövlət adını alması faktını təsdiqləyəcək.

Ümumiyyətlə, ölkəmizin COP29-a evsahibliyi etməsi respublikamızın bey­nəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır, baş verən proseslərə müşahidə­çi yox, iştirakçı kimi qoşulduğumuzu dün­yaya bir daha nümayiş etdirir. Əlbəttə, bununla bağlı məsuliyyətli məsələləri də Azərbaycan uğurla həll etməyə qadirdir.

Bütün bunlar barədə dünən Bakıda keçirilən “Ambisiyaların artılması və fəa­liyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda ətraflı danışılıb. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biz­nesin İnkişafı Agentliyinin (KOBİA) “yaşıl” biznes layihələrinin dəstəklənməsi və təş­viq edilməsi üçün olan qrant proqramı çər­çivəsində ümumi büdcəsi 200 min manat olan 11 layihə maliyyələşdirilib.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova çıxışında önəmli bir məqama toxunub: “Hazırda Azərbaycanın əsas vəzifələrindən biri bərpaolunan enerji resurslarını inkişaf etdirməkdir. Ölkənin əhəmiyyətli günəş və külək resursları enerji sektorunun dekarbonizasiyasına təkan verir və gələcəkdə “yaşıl enerji” ixracı üçün şərait yaradacaq. Həmçinin istilik və nəqliyyat kimi sektorların dekar­bonizasiyasını da dəstəkləyəcək”. 

A.Əzimovanın sözlərinə görə, bütün istehlakçı sektorları üzrə enerji səmərəli­liyini dəstəkləmək prioritet istiqamət kimi qəbul edilməli, ənənəvi biznes modeli ilə müqayisədə 2030-cu ilə qədər yekun enerji tələbində 5 faiz, 2050-ci ilə qədər isə 15 faizə qədər azalmaya nail olmaq əsas vəzifə kimi diqqətdə saxlanılmalıdır.

Xatırladaq ki, Dünya Bankı və IFC-nin dəstəyi ilə Azərbaycan üçün “Dənizdə külək enerjisi üzrə Yol xəritəsi” hazırlanıb. Yol xəritəsi respublikamızda dekarboni­zasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektiv­də infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7,2 QVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq poten­sialının olduğunu göstərir. Bununla belə, sənəddə aşağı artım ssenarisinə də baxılır ki, bu ssenari üzrə potensial 1,5 QVt həcmində qiymətləndirilir.

Forumda bildirilib ki, Azərbaycan COP29-a evsahibliyi etməklə qlobal iq­lim dəyişikliyi istiqamətində dünyaya önəmli töhfələr verməyi, davamlı inkişaf məqsədlərinə nail olmağl qarşıya mü­hüm vəzifə kimi qoyub. Bir sözlə, enerji siyasətindəki uğurları, bərpaolunan ener­ji resurslarına sərmayə qoymaq istəyi və iqlim dəyişikliyi ilə mübarizə əzmi respub­likamızın davamlı gələcək üçün atdığı addımların təzahürüdür. Beynəlxalq aləm Azərbaycanın bu platformada liderliyi gerçəkləşdirməsi ilə dünyada iqlim dəyi­şikliyi ilə mübarizədə birgə səylərin yara­dılmasına töhfə verəcəyinə də əmindir. 

Qeyd edilib ki, Azərbaycanın “yaşıl in­kişaf”ına nail olmaq məqsədilə qısa müd­dətdə enerji sahəsində yeni qanunverici­lik bazası yaradılıb, elektrik enerjisində bərpaolunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdı­rılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyi nəzərdə tutulub. Eyni zaman­da, Xəzər dənizinin 157 qiqavat külək enerjisi potensialı əsasında “yaşıl elektrik enerjisi” və “yaşıl qaz”ların ixracı məqsə­dilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi”nin icrasına başlanılıb. ABŞ ilə bu enerji dəhlizi üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

“Ambisiyaların artılması və fəaliy­yətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda qeyd edilib ki, Azərbaycan Respublikası ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması­na xüsusi əhəmiyyət verir. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eyni za­manda, Naxçıvan Muxtar Respublikası­nın “yaşıl enerji” zonası elan olunması bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

Tədbirdə Azərbaycanın COP29-un əsas mövzusu olan enerji keçidində ma­liyyələşdirmə mexanizmlərinin təmin edilməsi məqsədilə bütün maraqlı tərəf­lərlə işləməyə hazır olduğu da diqqətə çatdırılıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, bey­nəlxalq maliyyə təşkilatları bu məsələdə mühüm tərəfdaşlardır: “Bununla yanaşı, prosesə özəl sərmayənin cəlb edilməsi­nin təşviqi əsas prioritetlərdəndir. Azər­baycan hökümətinin Milli Prioritetləri və 2022–20226-cı illərdə sosial-iqtisadi in­kişaf Strategiyası ilə qarşıya qoyduğu hədəflərin dünyanın “yaşıl” gündəliyi ilə uyğunluq təşkil etməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin fəaliyyətinə əlavə stimul verir”. 

S.Məmmədov bildirib ki, Azərbay­canın bərpaolunan enerji mənbələrinin potensialından səmərəli şəkildə istifadə olunması məqsədilə respublikamızın qanunvericiliyi müntəzəm olaraq qlobal mühitin dinamik iqtisadi tendensiyaları­na uyğunlaşdırılır: “Ölkə iqtisadiyyatına yeni texnologiyaların və innovasiyaların cəlb edilməsi, əlverişli investisiya mü­hitinin yaradılması, investorların hüquq və qanuni mənafelərinin müdafiəsi və digər mühüm məsələlər effektiv şəkildə tənzimlənir. Bundan əlavə, “Dövlət-özəl tərəfdaşlığı haqqında” və “Elektrik ener­jisi istehsalında bərpaolunan enerji mən­bələrindən istifadə haqqında” qanunların qəbulu müvafiq sahələrə investisiyaların cəlbi üçün mühüm önəm daşıyır”. 

Forumda “yaşıl iqtisadiyyat”ın sti­mullaşdırılmasında vergi siyasətinin rolu nəzərə alınaraq, bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun, elə­cə də istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılması­na yönələn siyasətin vergi alətləri vasitə­silə dəstəklənməsi məsələsinin də daim diqqətdə olduğu vurğulanıb. 

Xatırladaq ki, ölkəmizdə tətbiq olunan şəffaf vergi rejimi, sahibkarlara imtiyazla­rın təklif olunması, eləcə də müxtəlif təş­viq mexanizmləri, o cümlədən qurulan müasir infrastruktur hesabına formala­şan əlverişli biznes mühiti çərçivəsində beynəlxalq tərəfdaşlarımızın artması ilə yanaşı, yerli şirkətlər də inkişaf edir və bununla “yaşıl iqtisadiyyat”ın böyümə­sinə töhfə verilir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat