“Azərişıq” ASC-dən aldığımız məlumata görə, qurum investisiya layihəsi çərçivəsində Gədəbəyin elektrik şəbəkəsini təzələyir, sovet dövründən qalma köhnə elektrik xətlərini tamamilə müasir standartlara uyğun şəkildə yeniləri ilə əvəzləyir.
350 abonenti olan Xar-xar kəndində 0,4 kV-luq yeni kabel xətləri çəkilib və dayaqlar basdırılıb. Həmçinin müasir standartlara cavab verən yeni tipli sayğac qutuları və 250 KVa-lıq transformator quraşdırılıb.
Rayonun Arısu kəndində yenidənqurma işləri yekunlaşıb. Burada sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün özünüdaşıyan izoliyasiyalı kabel xətləri çəkilib, dayaqlar basdırılıb.
Arıqıran və Zəhmət kəndlərində isə elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Yeni elektrik xətlərinin keçdiyi ərazilərdə dayaqlar basdırılır.
“Azərişıq” İnvestisiya Proqramına uyğun olaraq paralel şəkildə bütün regionlarda yenidənqurma və əsaslı təmir işlərini davam etdirir. Bölgələrdə elektrik təsərrüfatının yenilənməsi abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, habelə elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.
XQ