Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

post-img

Aprelin 17-18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası keçiriləcək.

AZƏRTAC-ın Əbu-Dabiyə ezam olunmuş müxbiri xəbər verir ki, “COP28-in nəticələri: bərpaolunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması və enerji keçidinin sürətləndirilməsi üçün infrastruktur, strategiyalar və bacarıqlar” mövzusuna həsr olunmuş tədbirdə 144 ölkədən 1300-dən çox nümayəndənin, o cümlədən nazirlərin və şirkət rəhbərlərinin iştirakı gözlənilir.

Sessiyada enerji keçidinin prioritetləri və bərpaolunan enerji mənbələrinin gücünün 2030-cu ilədək azı 11 teravat (TVT) səviyyəsinə çatdırılması üçün zəruri tədbirlər nəzərdən keçiriləcək.

“Artan bərabərsizliyi aradan qaldırmaq üçün təcili qlobal kursun düzəlişinə ehtiyacımız var, əks halda, 2030-cu ilədək bərpaolunan enerji gücünü üç dəfə artırmaq üçün ümumi hədəfimizin, sadəcə, əlçatmaz olma riski yarana bilər. Tərəqqiyə mane olan struktur və sistem maneələrini aradan qaldırmaq üçün kollektiv fəaliyyətimizin prioritetlərrini müəyyənləşdirmək və konkretləşdirmək imkanımız mövcuddur”, – deyə Agentliyin baş direktoru Françesco La Kamera qeyd edib.

IRENA Assambleyasının 14-cü sessiyasının prezidenti, Ruandanın infrastruktur naziri Cimmi Qasore öz növbəsində bildirib ki, iqlim məqsədlərinə çatmaq enerji keçidinin yalnız texnoloji dəyişiklik deyil, həm də bərabərlik və ədalətin təmin olunmasının vacibliyini kollektiv şəkildə qəbul etməyi tələb edir.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) Azərbaycan da daxil olmaqla, 168 iştirakçı ölkədən ibarət hökumətlərarası təşkilatdır. Bu agentlik ölkələrin gələcəkdə dayanıqlı enerjiyə keçməsinə kömək edir və beynəlxalq əməkdaşlığın əsas platformalarından biridir.

İqtisadiyyat