“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti regionlarda yenidənqurma işlərini davam etdirir. Hazırda qurum tərəfindən Bərdə şəhərinin elektrik təsərrüfatında bir sıra yenidənqurma işləri aparılır.
“Azərişıq”dan XQ-yə verilən məlumata görə, aparılan yenidənqurma işləri çərçivəsində rayonun mərkəzi küçə və məhəllələri ilə yanaşı, kəndlərdə də köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəzlənir. Ötən müddətdə rayonun Mustafaağalı, Arabaçılar, Qaratəpə kəndlərində yeni sayğaclar quraşdırılıb, müasir standartlara cavab verən 60 kilometrə yaxın izolyasiyalı elektrik xətti çəkilib.
Bununla yanaşı, adı çəkilən kəndlərdə 0,4 və 10 kV-luq köhnə dayaqlar yeni metal dayaqlarla əvəz edilib. Abonentlərin fasiləsiz və davamlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Mustafaağalı, Arabaçılar və Qaratəpə kəndlərində yeni 16 ədəd transformator da quraşdırılıb.
Qeyd edək ki, sözügedən kəndlərdə elektrik xətləri ötən əsrin 50-60-cı illərindən istismar edildiyi üçün elektrik enerjisinin verilişində bir sıra çətinliklər yaranırdı. Mustafaağalı, Arabaçılar və Qaratəpə kəndlərində yenidənqurma işləri başa çatdıqdan sonra, ümumilikdə, 1000-ə qədər abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
XQ