Dünən Bakıda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransda “İqlim dəyişikliyinə kosmosdan baxış” adlı elektron platformanın təqdimatı keçirilib. Tədbir çərçivəsində, rəqəmsal iqlim hesabatı ilə yanaşı, “Azərkosmos”un “Yaşıl siyasət” sənədi də təqdim olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi idarə heyətinin sədri Saməddin Əsədov bildirib ki, ötən ildən BMT-nin “Qlobal Saziş” təşəbbüslərinə qoşulan “Azərkosmos” öz əməliyyatlarında kosmik aparatların inkişafı, buraxılışı, orbitdəki fəaliyyətini və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir. Diqqətə çatdırılıb ki, iqlim dəyişikliyi ilə bağlı “Climate Change from Space” platformasında 5 istiqamət üzrə 19 layihə öz əksini tapıb. İki dildə hazırlanmış platformanın əsas məlumat mənbəyinin “Azersky” peyki olduğunu diqqətə çatdıran qurum rəhbərinin sözlərinə görə, sənəddə göstərilən məlumatlar iqlim dəyişikliyi barədə məlumatlılıq səviyyəsinin artmasına töhfə verəcək.
Qeyd olunub ki, 2040-cı ilədək qlobal quraqlıq risklərinə məruz qalacaq ölkələrdən biri də Azərbaycandır. S. Əsədovun dediyinə görə, Azərbaycanda quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, ölkə ərazisinin 15 faizi çox yüksək quraqlıq riski altındadır. “Azərkosmos” rəhbəri Gəncə-Daşkəsən bölgəsində vəziyyətin bu baxımdan daha təhlükəli olduğunu diqqətə çatdırıb. O deyib ki, peyk təsvirlərinin təhlilinə əsasən, son 7 ildə Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında buzlaq sahələrində orta hesabla 18 faiz azalma müşahidə olunub.
“Azərkosmos” sədri daha sonra bildirib ki, son 100 ildə Azərbaycanda orta illik temperatur artıb ki, bunun da nəticəsində ötən 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb. Bunun isə 1,5 metri son 5 ilə təsadüf edib. Bununla yanaşı, son tədqiqatlar nəticəsində məlum olub ki, Qızılağac Dövlət Qoruğunun ərazisindəki su hövzəsinin 40 faizi, bataqlıqların isə 52 faizi itirilib. Qurum rəhbərinin dediyinə görə, ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə əsasən, ötən il, ümumilikdə, 10 min 563 hektar ərazinin yandığı müşahidə edilib. Bununla yanaşı, atmosferin tərkibini dəyişdirən zərərli qazların həcmi də ilbəil artıb. “Bu gün hər kəs artıq iqlim dəyişikliyinin şahidi olur. Bunun üçün Xəzərin sahilinə getmək kifayət edir. Kosmik texnologiyalar iqlim dəyişikliyinin monitorinqinin ən mühüm vasitələrindən birinə çevrilib”, – deyə “Azərkosmos” sədri əlavə edib.
Təqdimat mərasimində Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt da açıqlanıb. Bu barədə məlumat verən “Azərkosmos” rəhbəri deyib ki, ölkəmizin növbəti optik müşahidə peykinin 2026-cı ildə orbitə buraxılması nəzərdə tutulur. Yeri gəlmişkən, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
S. Əsədov onu da qeyd edib ki, “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar, yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparılacaq. Bu zaman “IAI” proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə olunması və istismarı üzrə bütün lazımi yerüstü sistemlər təmin ediləcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcəyini bildirən S. Əsədovun sözlərinə görə, 2026-cı və 2028-ci illər ərzində peykləri orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.
“Hazırda peyk məlumatları iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi və daşqınların proqnozlaşdırılmasında önəmli informasiya mənbəyinə çevrilib”. Bu fikri isə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva tədbirdə çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, bu məlumatların xüsusilə iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, daşqınların proqnozlaşdırılması, meşə yanğınlarının izlənilməsi, toz fırtınalarının mənbələrinin müəyyən olunması və proqnozların verilməsində mühüm rolu var. U.Tağıyeva əlavə edib ki, dünyanın qapalı su hövzələrində olan vəziyyət, gözlənilən risklər Azərbaycanda keçiriləcək COP29-da da əsas mövzulardan biri kimi müəyyən olunub.
Konfransda, həmçinin “Azərkosmos”un Coğrafi informasiya sistemləri mərkəzinin direktoru İsmət Baxışov, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin ölkə ofisi üzrə meneceri Samir Məmmədov çıxış edərək Azərbaycanda iqlim dəyişikliyinin dinamikası və təsirləri ilə bağlı fikir və mülahizələrini səsləndiriblər.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfrans peyk təsvirlərindən dinamik şəkildə istifadə olunmasına dair fəal müzakirələrlə davam edib.
Mirbağır YAQUBZADƏ
XQ