Köhnə yataqların yeni həyatı

post-img

Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılmasına başlandığı ötən 180 ilə yaxın müddətdə quruda aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində çoxsaylı neft yataqları istismara daxil edilib. Ayrı-ayrı illərdə həmin yataqlarda neftçıxarmanın müxtəlif üsullarından, yeni texnologiyalardan istifadə edilərək on minlərlə quyu qazılıb. Bununla da, respublikanın neft sənayesinin sürətli inkişafı üçün etibarlı baza yaradılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin ortalarında açıq dənizdə hasilata başlanıldığı dövrədək çar Rusiyasının və keçmiş SSRİ-nin, eləcə də respublikamızın neft və neft məhsullarına olan tələbatının ödənilməsi məhz həmin quyular hesabına təmin edilib. 

Ölkəmizin qurudakı yataqları uzun illərdir istismar olunmasına baxmayaraq, buradakı neft-qaz ehtiyatları tükənməyib. Mütəxəssis­lərin rəyinə görə, köhnə yataqlarda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Bu səbəbdən də ha­zırda dünya neft sənayesinin ən mütərəqqi texnologiyalarının tət­biqi ilə həmin yataqların fəaliyyəti yenidən canlandırılır, müxtəlif illər­də fəaliyyəti dayandırılmış köhnə quyular bərpa olunaraq istismara qaytarılır. Eyni zamanda, köhnə ya­taqların məhsuldar laylarında olan qalıq ehtiyatlarının işlənməyə cəlb edilməsi məqsədilə yeni quyular qa­zılaraq istismara daxil edilir. 

Azərbaycanın ilk özəl ener­ji şirkəti olan GL-in fəaliyyəti bu baxımdan diqqət çəkir. Qeyd edək ki, şirkət hazırda Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna–Maşta­ğa”, “Qala” və “Zirə” olmaqla Azər­baycanın qurudakı 5 yatağında neft-qaz əməliyyatları həyata keçi­rir. Qurumun biznes portfelinə “Sal­yan Oil Limited”, “Taghiyev Opera­ting Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Servi­ces” MMC daxildir. 

2023-cü ildə qurumun tabeliyin­dəki “Taghiyev Operating Company” (TOC) əməliyyat şirkəti tərəfindən istismar edilən “Buzovna–Maştağa” yatağında 4 yeni quyunun qazılma­sı zamanı ölkəmizin neftçıxarma sənayesi üçün mühüm ilklərə imza atılıb. Bununla da, quruda qazma əməliyyatlarının yeni standartlarını müəyyənləşdirən şirkət istismarda olan yataqların bərpası strategiya­sına keyfiyyət etibarı ilə yeni yanaş­ma gətirib. Eyni zamanda, 2023-cü ildə TOC tərəfindən istismar edilən yataqlarda 15 faizdən artıq hasi­lat enməsinin qarşısı alınaraq ilin əvvəli ilə müqayisədə gündəlik ha­silatın 10 faizdən çox artırılması­na nail olunub. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, şirkətin “Buzovna–Maştağa” yatağında yeni quyuların qazılması zamanı əldə etdiyi nəticə, həqiqətən də, ölkəmizin neft-qaz sənayesi üçün önəmli hadisədir. Bu, bariz şəkildə göstərir ki, məsələyə kompleks yanaşmanın nəticəsi olaraq yeni texnologiyaların tətbiqi ilə quyuların qazılmasında, eləcə də mənimsənilməsində və layların neftveriminin artırılmasında yüksək nailiyyətlər əldə etmək mümkündür.

Bu yaxınlarda isə GL şirkəti mi­nimum məcburi iş proqramı çərçivə­sində “Buzovna–Maştağa”, “Qala” və “Zirə” neft yataqlarında planlaş­dırılan 6 yeni quyuda qazma işlərini təhlükəsiz, ətraf mühitə heç bir zərər vermədən ən qısa müddətdə uğurla başa çatdırıb. Bundan əlavə, GL-in daha bir şirkəti olan “Salyan Oil Li­mited” tərəfindən istismar edilən “Kürsəngi” və “Qarabağlı” neft ya­taqlarında 19 il ərzində müşahidə olunan hasilat enməsinin qarşısı alınıb. Bir müddət sonra isə həmin yataqlarda hətta artıma da nail olu­nub. Özü də bu uğurların hamısı böyük məbləğdə kapital investisiya edilmədən, yalnız səmərəli hasilat proqramlarının tətbiqi ilə əldə edilib.

2024-cü ildə GL şirkəti “Kür­səngi” və “Qarabağlı” yataqlarında dərinliyi 4 min metrdən çox olacaq 2 yeni quyunun və eyni sayda yan lülənin qazılması ilə bağlı tender elan etməyi planlaşdırır. Qeyd edək ki, özünün texniki xüsusiyyətlərinə görə bu quyular Xəzər regionun­da mövcud olan bir çox mürəkkəb quyudan geri qalmayacaq. Eyni zamanda, Salyan sahəsində plan­laşdırılan bu işlər həmin yataqlarda 13 il davam edən qazma fasiləsini aradan qaldırmağa imkan yarada­caq. Heç şübhəsiz, qısa müddətdə əldə olunan nailiyyətlər GL şirkətinin mükəmməlliyə və yüksək nəticələr göstərməyə sadiqliyinin təzahürü­dür. 

Yeri gəlmişkən, şirkət fəaliy­yətə başladığı qısa müddət ərzində Azərbaycanın quru ərazisində ilk dəfə olaraq “GeoTap” sistemindən istifadə edərək yatağın lay təzyiqi, neftlə doyumluluğu, məhsuldarlığı və neftin mobilliyi haqqında əhə­miyyətli texniki məlumatların əldə edilməsinə müvəffəq olub. Bu məlu­matlar qazma və tamamlama əmə­liyyatları zamanı yüksək dəqiqliklə qərarların qəbul edilməsi prosesini dəstəkləməklə hər mənimsənilən quyudan ilkin olaraq planlaşdırılan­dan iki dəfə çox hasilata nail olun­masına gətirib çıxarıb. Qeyd olunan məlumatlar yataqda quyuların əsas­lı təmiri və növbəti qazma əməliy­yatları zamanı görülən işlərin uğurla tamamlanmasına töhfə verəcək.

Bununla yanaşı, şirkət quruda 2 min metr dərinlikdə qazma əmə­liyyatını ən qısa müddətdə reallaş­dırmaqla da rekorda imza atıb. Belə ki, yüksək icra göstəricisi ilə qazma işləri ilk quyuda 28 günə, sonrakı iki quyunun hər birində 22 günə, dördüncü quyuda isə cəmi 18 günə tamamlanıb. Bununla da, “Buzovna–Maştağa” yatağında son 30 il ərzində ilk dəfə GL-in operatorluğu ilə Qırmaki altı lay dəstinin alt layla­rından neft əldə edilib.

Daha bir maraqlı məqam on­dan ibarətdir ki, yatağın tarixində ilk dəfə olaraq GL qazma zamanı 180 metr yana istiqamətləndirmə ilə maili qazma texnologiyasını tətbiq etməklə yanaşı, neft əsaslı məhluldan istifadə edib və qazma prosesini çınqıllı süzgəc üsulu ilə tamamlayıb. Şirkətdə hesab edirlər ki, səriştəli idarəetmə komandası, quyuların düzgün texniki-mühəndis layihələndirilməsi, müasir texnologi­yaların tətbiqi, dəqiq planlaşdırma və podratçılarla işin düzgün qurul­ması şirkətin üç ay əvvəl başladığı qazma layihəsinin uğurla və təh­lükəsiz başa çatdırılmasına töhfə verən əsas amillərdir.

Xatırladaq ki, GL International LTD ilə SOCAR arasında “Buzov­na–Maştağa, Qala və Zirə neft ya­taqlarının daxil olduğu blokun bər­pası və işlənməsi ilə əlaqədar” risk xidmət sazişi 2021-ci il dekabrın 14-də imzalanıb. Sazişə əsasən, hazırda yataqların bərpası və iş­lənməsi GL-in “Taghiyev Operating Company” əməliyyat şirkəti tərəfin­dən həyata keçirilir.

Göründüyü kimi, Azərbaycanın quruda yerləşən yataqlarının işlə­nilməsinin davam etdirilməsi ölkə­mizdə neft hasilatının artırılmasına əlavə imkanlar yarada bilər. Elə mütəxəssislər də bu yataqları hasi­latın sabit saxlanılması üçün sabit etibarlı mənbə hesab edirlər.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat