Azərbaycan neftinin dünya marşrutu

post-img

Bakı–Tbilisi–Ceyhan kəməri Xəzər regionuna da xidmət edir

Xəzər regionundan dünyaya qapı açan Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri Azərbaycanla yanaşı, bir sıra ölkələrin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Ölkəmizi Cənubi Qafqaz regionunun liderinə çevirən bu nəhəng enerji dəhlizi 18 ilə yaxındır ki, sabit və ahəngdar rejimdə fəaliyyət göstərərək xam nefti dünya bazarlarına çatdırır. 

Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri əvvəlki dövrlərdə olduğu kimi, 2023-cü ildə də fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin ötən ilin nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 120 milyon dollar, əsaslı məsrəflərinə isə 46 milyon dollar xərclənib. 

İl ərzində BTC vasitəsilə 30 milyon ton (təxminən 227 milyon barel) xam neft və kondensat Türkiyənin Ceyhan şəhə­ri yaxınlığındakı eyni adlı terminala nəql olunub. Xam neft və kondensat Türkiyə­nin Aralıq dənizi sahilində yerləşən Cey­han limanında 313 tankerə yüklənərək dünya bazarına yola salınıb. 

Qeyd edək ki, XXI əsrin nəhəng ixrac marşrutlarından sayılan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə bağlı əməliyyatlara “BTC Ko.” şirkəti rəhbərlik edir. “BTC Ko.” nun səhmdarları: BP (30,1 faiz), SOCAR (25 faiz), MOL (8,9 faiz), Ekvinor (8,71 faiz), TPAO (6,53 faiz), Eni (5 faiz), TotalEnergies (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), EksonMo­bil (2,5 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir. 

2022-ci ildə “BTC Ko.” şirkətinin səhmdarları əlamətdar bir hadisəni qeyd ediblər. Belə ki, həmin il mart ayının 23-də Ceyhan limanından Azərbaycan nefti yüklənmiş 5000-ci tanker yola salı­nıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti ilə bağlı daha bir yaddaqalan hadisə isə ötən ilin ilk ayında baş verib. Belə ki, layihənin səhmdarları yanvar ayının 18-də kəmərlə 4 milyard barel neft ixracını bəyan ediblər. Bütöv­lükdə isə, istismara verildiyi 2006-cı ilin iyun ayından 2023-cü ilin sonunadək bu boru kəməri vasitəsilə 561 milyon tondan çox (təqribən 4,2 milyard barel) xam neft nəql edilib. Həmin neft həcmləri Ceyhan limanında 5557 tankerə yüklənərək dün­ya bazarına göndərilib. Bu da ümummilli lider Heydər Əliyevin adını daşıyan Ba­kı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri­nin uğurlu fəaliyyətinin məntiqi nəticəsidir. 

Hazırda BTC, əsasən, Xəzər dəni­zinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən xam neftin və “Şahdəniz” ya­tağından çıxarılan kondensatın nəqlini həyata keçirir. Bundan əlavə, kəmər va­sitəsilə Xəzərin o tayında yerləşən Qa­zaxıstan və Türkmənistanın xam neft və kondensat həcmləri də nəql olunur. Qa­zaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında imzalan­mış 5 illik müqavilə çərçivəsində həyata keçirilir. Həmin müqaviləyə əsasən, bu ölkənin “Tengiz” yatağında hasil edilən neftin 1,5 milyon tonu il ərzində BTC ilə nəql olunmalıdır. SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin ye­nilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr, həm də BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. Bütövlükdə isə, ötən il Azərbaycan ərazisindən 1 milyon 392 min ton Qa­zaxıstan nefti nəql olunub.

Yeri gəlmişkən, “Üç dənizin əfsanəsi” adlandırılan bu nəhəng ixrac marşrutu Azərbaycanın yeni neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin mühüm istiqamətlərindən birini də Xəzə­rin Azərbaycan sektorunda xarici şirkət­lərlə bilikdə hasil olunan neftin dünya ba­zarına ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyatı infrastrtukturunun yaradıl­ması təşkil edirdi. Müqavilə imzalanarkən bu məsələ ətrafında gedən müzakirələr zamanı xam neftin ixracı üçün ilkin olaraq Bakı–Novorossiysk və Bakı–Supsa boru kəmərləri marşrutları seçildi. 

Buna baxmayaraq, gələcəkdə neft hasilatının artması ilə əsas ixrac boru kəmərinə ehtiyac duyulurdu. Ümummilli liderimiz bu vacib məsələdə qətiyyət nü­mayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarına çıxa­racaq Bakı–Tbilisi–Ceyhan boru kəmə­ri ideyasını irəli sürdü. Həmin ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cidd-cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin nəticəsi olaraq bu layihə hə­yata vəsiqə aldı. Bunun davamı olaraq ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən sammiti zamanı Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə im­zalandı. Beləliklə, minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan bu layihə­nin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Bundan sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilmə­si ilə bağlı çoxsaylı müzakirələr aparıldı. 

Bütün bu məsələlər öz praktiki həl­lini tapdıqdan sonra layihə üzrə fəaliy­yət əməliyyatlara start verildi. 2002-ci il sentyabr ayının 18-də Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycan, Gür­cüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Kəmərin inşası üçün tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin fevral ayında tikinti işlərinə başlanıl­dı. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində misli görünməmiş tikinti-qu­raşdırma işlərinin eyni anda aparılması layihənin icrasını xeyli sürətləndirdi. Nə­hayət, 2004-cü ilin oktyabr ayında kəmə­rin Azərbaycan və Gürcüstan hissələri birləşdirildi. 

Ulu öndərin qalibiyyətli neft strategi­yasının ardıcıl şəkildə həyata keçirilməsi üçün misilsiz xidmətlər göstərən Azərbay­can Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən eti­barən layihənin gedişi ilə şəxsən maraq­lanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci il may ayının 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulmasına başlanıldı. Bu mü­nasibətlə Azərbaycan, Gürcüstan və Tür­kiyənin dövlət başçılarının iştirakı ilə mə­rasim keçirildi. Terminalda quraşdırılmış xüsusi qurğudakı sürgü аçıldıqdan sonra kəmərlə ilkin neft axmağa başladı. 

2006-ci il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də buradan xam neftlə yüklənmiş ilk tan­ker yola salındı. Həmin ayın 13-də isə Türkiyənin Ceyhan şəhərində BTC-nin təntənəli açılış mərasimi keçirildi. Bunun­la da, “Üç dənizin əfsanəsi” adlandırılan nəhəng enerji layihəsi real fəaliyyət sahə­sinə çevrildi. 

Göründüyü kimi, Ulu öndərin adını da­şıyan Bakı–Tbilisi–Ceyhan boru kəməri uzun illərdir ki, uğurlu fəaliyyəti ilə ölkəmi­zin iqtisadi qüdrətinin və beynəlxalq nü­fuzunun artmasına mühüm töhfələr verir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat