“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Korporativ sosial məsuliyyət çərçivəsində ətraf mühit layihələrinə dəstək olan ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən təqdim olunan nominasiyanı “AzerGold” QSC adından qurumun idarə heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev qəbul edib.
Təqdimat mərasimində, həmçinin ətraf mühitin sağlamlaşdırılması, biomüxtəliflik və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən digər sahibkarlıq subyektləri və qeyri-hökumət təşkilatları təltif edilib.
Qeyd edək ki, “AzerGold” QSC dağ-mədən sahəsində həyata keçirdiyi fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunda aparıcı yerlərdən birini tutan əsas ixracatçı dövlət şirkətlərindən biri kimi iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini də daim diqqətdə saxlayır, ətraf mühitin mühafizəsi tədbirlərinə ardıcıl və sistemli dəstək göstərir.
Xatırladaq ki, ötən il səhmdar cəmiyyəti tərəfindən Daşkəsən rayonunun ərazisində bitən, adları “Qırmızı kitab”a daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması, onların tarixən yetişdiyi ərazilərə reintroduksiyası layihəsi icra edilib. 2021-ci ildən icrasına başlanılan ekoloji layihə çərçivəsində Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədəni ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan bitkilər aşkarlanaraq toxumları yığılıb.
Ötən bir il ərzində həmin toxumların çeşidlənməsi və müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək təcrübə sahəsində yetişdirilib. Bunun da nəticəsində “Rosa zangezura Jarosch.” (Zəngəzur itburnusu), “Rosa nisami Sosn.” (Nizami itburnusu) və digər nadir bitkilərin tarixən yetişdiyi ərazilərdə çoxaldılması həyata keçirilib.
Yeri gəlmişkən, nadir bitkilərin mühafizəsi tədbirlərinə dair məlumatlar ötən il işıq üzü görmüş Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın yeni – 3-cü nəşrinə daxil edilib. Eyni zamanda, “AzerGold” QSC ötən il hasilat bölgələrində reallaşdırdığı ağacəkmə, yaşıllaşdırma və çaykənarı təmizlik aksiyaları ilə ətraf mühitin mühafizəsi tədbirlərinə önəmli töhfələr verib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 25-də imzaladığı sərəncamla 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sözügedən sənədə əsasən, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq hazırda ölkədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Ətraf mühitin və ekoloji tarazlığın qorunmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti də “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfələr verməyi planlaşdırır. Geoloji-kəşfiyyatla bağlı tədqiqatlarda innovativ texnologiyaların tətbiqinə üstünlük verən qurumun 2023-2024-cü illər üzrə hazırladığı strategiyaya uyğun olaraq ötən il Daşkəsən, Göygöl, Balakən, Kəlbəcər, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən sahələrdə aktiv geofiziki və geoloji tədqiqat işləri həyata keçirilib. Tədqiqat sahələrində perspektivli filizləşmə zonalarının müəyyənləşdirilməsi üçün axtarış-qiymətləndirmə işlərinin bu il də davam etdirilməsi nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC-yə dövlət sifarişi əsasında 2023-2024-cü illər ərzində ölkədə ümumi geoloji axtarış işlərinin bir hissəsinin icra edilməsi tapşırılıb. Bu məqsədlə Daşkəsən, Göygöl, Kəlbəcər rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ilə yanaşı, Goranboy, Ordubad və Şahbuz rayonlarında da geoloji tədqiqatların icrası nəzərdə tutulub. Sözügedən ərazilərdə qısa zamanda ilkin tədqiqat nəticələri əldə etmək üçün bu ildən innovativ texnologiyaların geniş tətbiqinə başlanılır. Belə ki, cari ildə tədqiqat işlərində qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri davam etdiriləcək, eləcə də helikopter və dronlar vasitəsilə aeroelektromaqnetik tədqiqatlar aparılacaq. Bu tədqiqat metodları yer səthində axtarış-qiymətləndirmə işlərinin növbəti mərhələsi üzrə perspektivli tədqiqat sahələrinin müəyyənləşdirilməsinə, beləliklə də, xeyli vəsait tələb edən buruqqazma işlərinin daha kiçik arealı əhatə edən koordinatlar üzrə aparılmasına imkan verəcək.
Dövlət başçısının məlum sərəncamında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması priorit məsələ kimi müəyyənləşdirilib. Fəaliyyətə başladığı dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına xüsusi diqqət ayıran “AzerGold” QSC bu istiqamətdə fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə əməkdaşlıq şəraitində həyata keçirir.
2022-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayan şirkət 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 kvadratkilometr ərazidə geoloji axtarış işləri həyata keçirib. “Yaşıl dünya naminə həmrəylik ili”ndə isə daha 32 kvadratkilometr sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub.
Bundan əlavə, ölkə Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. “AzerGold” 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə edilməsi istiqamətində Azərbaycan dövlətinin yürütdüyü siyasətə dəstəyini davam etdirir.
Mirbağır YAQUBZADƏ
XQ