Elektrik avtomobillərinə “yaşıl kart” verilir

post-img

Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün “yaşıl kart” qiymətləri (sığorta haqları) müəyyənləşib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının kollegiyası “Yaşıl kart” sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və “yaşıl kart” hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək haqlarının müəyyən edilməsi barədə qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycandan Türkiyə və İrana gedən elektromobillər üçün sığorta haqqı 1 aylıq 15 manat, 3 aylıq 40 manat, 6 aylıq 60 manat və bir illik 80 manat müəyyən edilib. Be­larus, Moldova, Rusiya və Ukraynaya gedən elektromobillər üçün 1 aylıq sı­ğorta haqqı 12 manat, 3 aylıq 35 manat, 6 aylıq 60 manat, bir illik sığorta haqqı 70 manat, digər ölkələrə gedən elektro­mobillər üçün isə 1 aylıq sığorta haqqı 35 manat, 3 aylıq 60 manat, 6 aylıq 80 manat, bir illik sığorta haqqı 150 manat müəyyən edilib.

Bundan əlavə, texnoloji nəqliyyat va­sitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri üçün "Yaşıl kart"ın müddətdən asılı olaraq qiy­mətləri (sığorta haqları) müəyyənləşib. Belə ki, Türkiyə və İrana gedən nəqliy­yat vasitələri üçün 1 aylıq sığorta haqqı 25 manat, 3 aylıq 45 manat, 6 aylıq 75 manat, bir illik sığorta haqqı 100 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən nəqliyyat vasitələri üçün 1 aylıq sı­ğorta haqqı 20 manat, 3 aylıq 40 manat, 6 aylıq 60 manat, bir illik sığorta haqqı 80 manat, digər ölkələrə gedən nəqliyyat vasitələri üçün isə 1 aylıq sığorta haqqı 60 manat, 3 aylıq 110 manat, 6 aylıq 180 manat, bir illik sığorta haqqı 250 manat müəyyən edilib.

Yeri gəlmişkən, son illər dünyanın avtomobil bazarında elektriklə işləyən nəqliyyat vasitələrinə tələbatın get­dikcə artması müşahidə olunur. Artıq dünyanın nəhəng avtomobil istehsalçı­ları ənənəvi yanacaqla işləyən nəqliy­yat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədilə hibrid av­tomobillərlə yanaşı, elektromobillərin də istehsalını ildən-ilə genişləndirirlər. Beynəlxalq Enerji Agentliyi (İEA) anali­tiklərinin hesablamalarına görə, 2020-ci ildə elektrik avtomobillərinin bazarda payı 4 faiz təşkil etdiyi halda, ötən il bu rəqəm 18 faizə çatıb. Başqa sözlə, ötən il dünyada satılan hər 5 avtomobildən 1-i elektromobillərin və hibridlərin pa­yına düşüb. 

Azərbaycanda da elektriklə işləyən avtomobillərdən istifadənin genişləndi­rilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inki­şafa dair Milli Prioritetlər”də təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkə­sinə çevrilmək kimi hədəflər müəyyən­ləşdirilib. Adıçəkilən sənəddə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün də bir sıra tədbirlər nəzərdə tutulur. 

Artıq həmin tədbirlərin reallaşdırıl­ması istiqamətində mühüm addımlar atılır. Belə ki, 2022-ci ildən elektromo­billər və onlar üçün 2-ci və 3-cü səviy­yə elektrik enerji doldurucularının idxalı və satışı əlavə dəyər vergisindən azad edilib. Bununla yanaşı, ötən ildən za­vod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərin idxa­lına gömrük rüsumunun tətbiqi dayan­dırılıb. Eyni zamanda, elektrikdoldurma məntəqələrinin yaradılmasında istifadə olunan cihaz və avadanlıqların idxalının da gömrük rüsumlardan azad edilməsi müsbət məqamlarından biri kimi diqqət çəkir. Bütün bunların nəticəsidir ki, ha­zırda Azərbaycanda elektriklə işləyən avtomobillərə maraq xeyli artıb. Elə ölkəyə elektromobil idxalının ildən-ilə çoxalması da bunu deməyə əsas verir. Statistikaya əsasən, 2023-cü ildə Azər­baycana 125 milyon 268 min ABŞ dol­ları dəyərində 3102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur. 

Bununla belə, ekspertlər hesab edirlər ki, elektromobillərdən istifadənin təşviqi üçün təkcə idxal və satış qiymət­lərinin azaldılması deyil, əlverişli infrast­rukturun yaradılması da vacib məsələ­dir. Yəni ölkədə elektromobillərin kifayət sayda şarj məntəqələri, ehtiyat hissələri anbarları olmalı, onlara keyfiyyətli ser­vis xidməti göstərilməlidir. 

Azərbaycan Avtomobil Dilerləri As­sosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, artıq rəsmi dilerlər elektromobil alanları lazımi ehtiyat his­sələri ilə də təmin edirlər. Onun sözlə­rinə görə, 2023-cü ildə bir neçə rəsmi diler, xüsusən də Çindən elektromobil gətirənlər öz əməkdaşlarını ixtisasar­tırma məqsədilə bu ölkənin istehsalçı zavodlarına ezam ediblər. Onlar həmin zavodlarda təlimlərdə iştirak etməklə yanaşı, Çində istehsal edilən Avro­pa modelləri üzrə də təlimatlar alıblar. Elektromobillərə texniki xidmət göstə­rilməsi ənənəvi mühərrikli avtomobil­lərdən tamamilə fərqli olduğunu deyən E. Əliyev, həmçinin deyib ki, artıq ölkə­mizdə elektromobillərin usta problemlə­ri də tədricən həll olunur. 

Bununla belə, ölkəmizdə elektro­mobillərin istifadəsi artdıqca onları şarj edən məntəqələrin sayının geniş­ləndirilməsinə böyük ehtiyac olduğu­nu bildirən Eyyub Əliyevin sözlərinə görə, paytaxtda onların sayı kifayət qədər olsa da, bölgələrdə bu sahədə problemlər mövcuddur. “Rəsmi dilerlər ölkənin müxtəlif yerlərində öz avtomo­billəri üçün məhdud sayda pulsuz şarj məntəqələri yerləşdirib. Amma ekoloji avtomobillərin sayını artırmaq istəyirik­sə, bu say kifayət deyil. Ümid edirəm ki, ilin 2-ci və ya 3-cü rübündən son­ra bu məsələ həllini tapar. Prosesin içində olan bir adam kimi demək istə­yirəm ki, bu il ərzində elektromobillərin şarj məntəqələri probleminin müəyyən hissəsi həll olunacaq”, – deyə o əlavə edib. 

Avtomobil nəqliyyatı üzrə eks­pert Eldəniz Cəfərov isə hesab edir ki, qanunvericilikdə elektrik doldurma məntəqələri yaradan sahibkarın elekt­rik enerjisini dövlətdən alaraq istehlak­çıya satmasını təmin edən dəyişikliklər edilməlidir. Onun sözlərinə görə, ölkə ərazisində şarj məntəqələrinin sayının artırılması ilə yanaşı, elektrik avtomo­billərini idxal edən şirkətlər onların ser­visini qurmalı, vətəndaşları həmin avto­mobillərin ehtiyat hissələri və ustalarla təmin etməlidirlər.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat