Azərbaycan “Prodekspo-2024” sərgisində

post-img

Moskvanın “Exposentr” Mərkəzi Sərgi Kompleksində 31-ci Ərzaq Məhsulları, İçkilər və Onların İstehsalı üçün Xammal Beynəlxalq Sərgisi – “Prodekspo-2024” öz işini davam etdirir. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Rusiya Ticarət və Sənaye Palatasının himayəsi ilə təşkil olunan “Prodekspo” miqyasına görə dünyanın ən böyük 10 ərzaq sərgisindən biridir. Onu da qeyd edək ki, Rusiya paytaxtında keçirilən budəfəki sərgidə 40 ölkədən 2145 şirkət iştirak edir. Sərgidə, əsasən, qida, içkilər və onların istehsalı üçün lazım olan xammallar nümayiş etdirilir.

Azərbaycan şirkətləri də Moskvanın “Exposentr” Mərkəzi Sərgi Kompleksində keçirilən beynəlxalq tədbirdə fəal iştirakı ilə seçilir.  İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılının bildirdiyinə görə, sərgi kompleksinə gələnlər Azərbaycan stendinə böyük maraq göstərirlər. Ölkəmizin ənənəvi olaraq hər il sərgidə iştirak etdiyini vurğulayan direktor müavini bildirib ki, bu il ölkəmizin 28 şirkəti “Made in Azerbaijan” stendində öz məhsullarını nümayiş etdirir. Sərginin ilk saatlarından etibarən ziyarətçilərin Azərbaycan məhsullarına böyük maraq göstərdiklərini bildirən T.Hacılı onu da deyib ki, artıq təşkilatçılar və şirkətlərlə “Prodexpo” sərgisi ilə gələcək əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb, təşkilatçılarla aparılan danışıqlar nəticəsində növbəti illərdə Azərbaycanın üzümçülük məhsulları və alkoqollu içkilərin təqdim olunacağı ayrıca stendin yaradılması barədə razılıq əldə edilib.

“Bu il sərgidə fərqli sahələrdən olan - qida sənayesi, kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz, şərablar, qablaşdırma və digər məhsullar istehsal edən şirkətlər iştirak edir. Son illər Azərbaycanda qeyri-neft sektorunda artım müşahidə olunur. Ötən il bu sektorda əvvəlki illə müqayisədə 10 faizə yaxın, 3,3 milyard dollar həcmində artım qeydə alınıb. Bu il də biz Rusiya bazarına, eləcə də digər ölkələrə ixracın artımını gözləyirik”, – deyə o əlavə edib. 

İcraçı direktorunun müavini mediaya açıqlamasında, həmçinin bildirib ki, artıq bir neçə ildir, Azərbaycan şirkətləri məhsullarını “Made in Azerbaijan” stendində təqdim edirlər. Ölkəmizdə istehsal olunan məhsulların İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə nümayiş etdirildiyini diqqətə çatdıran Tural Hacılının dediyinə görə, Rusiyadan olan istehlakçılara qida sənayesi məhsulları, kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz, şərablar, meyvə şirələri, zeytun yağı, quru meyvələr və s. təqdim olunur: “Rusiyalı istehlakçılar Azərbaycan məhsullarının keyfiyyətinə çoxdan bələd olduqlarını söyləyiblər. Məhz bu səbəbdən də, alıcılar Rusiya bazarlarında Azərbaycan məhsullarını daha çox çeşiddə görmək istədiklərini bildiriblər”.

Yeri gəlmişkən, təşkilatçılar fevralın 9-dək davam edəcək “Prodexpo” beynəlxalq qida məhsulları sərgisinin iki ilə yaxındır sanksiyalar altında yaşayan Rusiyanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcəyinə ümid edirlər.

Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, ixracın artırılması üçün, ilk növbədə, Azərbaycanın brend olaraq tanıdılmasına ehtiyac var. Bu məqsədlə ölkə Prezidentinin 2016-cı il oktyabrın 5-də yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan fərman imzalayıb. Sözügedən sənəd “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir. Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir. 

“Made in Azerbaijan” ölkəmizin iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artmasına stimul verəcək önəmli təşəbbüs kimi diqqət çəkir. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sənədlər, sözügedən sahədə görülən bütün işlərin əsas məqsədi, ölkəmizin məhsullarını dünyada tanıtmaq, beynəlxalq bazarlara çıxış əldə etməkdir. Son illər Azərbaycanın brend olaraq tanıdılması isə nəticə etibarilə ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara çıxış imkanını xeyli artırıb. Ekspertlər hesab edirlər ki, “Made in Azerbaijan” brendinin tanıdılması üçün təbliğat və təşviqatla yanaşı, malların keyfiyyətinə və qablaşdırılmasına da xüsusi diqqət yetirilməlidir. Onların fikrincə, sahibkarlar dünya bazarlarına daha çox məhsul çıxarmaqla həm özləri qazanır, həm də ölkəyə valyuta axını güclənir. Eyni zamanda, Azərbaycan brendinin xarici bazarda tanıdılması və təşviq edilməsi qeyri-neft sektorunun daha da inkişafına, ölkənin ixrac imkanlarının artmasına səbəb olmaqla yanaşı, yerli biznes qurumlarına istehsal imkanlarını daha da genişləndirməyə imkan yaradır. 

Artıq Azərbaycanın yerli malları xarici bazarlarda rəqabət qabiliyyəti ilə də fərqlənir. Məhz bunun nəticəsidir ki, ixracda qeyri-neft məhsullarının xüsusi çəkisi ildən-ilə artır. Elə 2023-cü ildə ölkəmizin qeyri-neft sektoru üzrə ixracının 3,3 milyard dollara çatması da bunun bariz nümunəsidir. Sevindirici haldır ki, qeyri-neft məhsulları sırasında ərzaq malları üstünlük təşkil edir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayevin bildirdiyinə görə, ötən il Azərbaycandan ayrı-ayrı xarici ölkələrə 1 milyard 135 milyon dollar məbləğində aqrar və aqrar-sənaye məhsulları ixrac edilib. Onun sözlərinə görə, ümumi aqrar ixracının 878 milyon dolları emal edilməmiş kənd təsərrüfatı məhsullarının payına düşüb. İl ərzində ölkədən 127,2 milyon dollarlıq xurma, 119,6 milyon dollarlıq təmizlənmiş fındıq, 57,2 milyon dollarlıq alma, 51,5 milyon dollarlıq şaftalı və nektarin, 44,6 milyon dollarlıq  albalı və gilas, 30,6 milyon dollarlıq nar ixrac olunub. Əvvəlki illə müqayisədə xurma, təmizlənmiş fındıq, alma, şaftalı və nektarin, albalı və gilas ixraçında artım qeydə alınıb. Bununla yanaşı, ötən il ölkədən 257 milyon dollar məbləğində emal olunmuş kənd təsərrüfatı məhsulları ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına əsasən, keçən il Rusiya Federasiyasına 1,1 milyard dollar, Türkiyəyə 783,9 milyon dollar, Gürcüstana 332,5 milyon dollar, İsveçrə Konfederasiyasına 175,3 milyon dollar, Qazaxıstana isə 95 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub. 

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat