Azərbaycan regionun gəmiqayırma ölkəsidir

post-img

Son illər regionun gəmi istehsal edən dövləti kimi tanınan Azərbaycanın bu sahədə uğurları getdikcə artır. Təqribən 10 il əvvəl istifadəyə verilmiş Bakı Gəmiqayırma Zavodunda indi müxtəlif təyinatlı su nəqliyyatı vasitələrinin inşası ilə yanaşı, istismarda olan gəmilərin təmiri də həyata keçirilir. Müəssisənin ötən müddətdə qazandığı uğurlar xarici ölkələrin də diqqətini cəlb edib. Bu səbəbdən də zavodun beynəlxalq sifarişləri getdikcə artır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Müşahidə Şura­sının qəbul etdiyi “Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planı”na uyğun olaraq neft-qaz sənayesində göstərilən dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən donanmanın yenilənməsi işləri də diqqətdə saxlanılır. Ötən müddətdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə bu is­tiqamətdə mühüm addımlar atılıb, dənizdə neft-qaz hasilatında işləmək üçün nəzərdə tutulan müxtəlif tipli gəmilər alınaraq müvəffəqiyyətlə istismara verilib.

ASCO-dan verilən məlumata görə, SOCAR-la uğurlu əməkdaşlı­ğın davamı olaraq yaxın illərdə 3-ü sərnişin və 4-ü dalğıc gəmisi olmaq­la, ümumilikdə, 7 yeni gəminin tikin­tisi barədə qərar verilib. Razılaşmaya əsasən, bu gəmilərin inşası Bakı Gə­miqayırma Zavodunda (BGZ) həya­ta keçiriləcək. Artıq yeni gəmilərdən 4-nün tikintisinə dair ASCO ilə sözü­gedən müəssisə arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Bakı Gəmiqayırma Zavodu 18-24 ay ərzin­də ASCO-nun sifarişinə uyğun olaraq hər biri 50 nəfər tutuma malik 3 ədəd sərnişin və dənizin 60 metr dərinliyin­də işləmək üçün nəzərdə tutulan 1 ədəd hibrid mühərrikli dalğıc gəmisini inşa edərək təhvil verəcək.

Beynəlxalq standartların tələb­lərinə uyğun tikiləcək gəmilər geniş texniki imkanlara malik olacaq və ölkəmizin neft-qaz hasilatı istiqamə­tində görülən işlərdə dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da ar­tırılmasında mühüm rol oynayacaq.

Yeni gəmilərin tikintisi ilə bağlı keçirilən imzalanma mərasimində bildirilib ki, sərnişin gəmiləri aparıcı dizayn şirkəti tərəfindən layihələn­dirilib. Dalğıc gəmisinin inşası isə “ASCO Mühəndislik” MMC-nin təq­dim etdiyi layihə əsasında həyata keçiriləcək və bu gəmi Xəzər dəni­zində üzən ilk hibrid mühərrikli dal­ğıc gəmisi olacaq. ASCO-nun ekoloji siyasətinə, eləcə də Beynəlxalq Də­nizçilik Təşkilatının və bir sıra digər təsnifat cəmiyyətlərinin emissiyaların azaldılması ilə bağlı tələblərinə uy­ğun inşa ediləcək bu gəmi, həm də Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə verəcək.

Yeri gəlmişkən, Bakı Gəmiqayır­ma Zavodu Xəzər dənizi hövzəsində fəaliyyət göstərən bu tip ən böyük müəssisədir. Zavodun tikintisinə 2010-cu ilin mart ayında başlanı­lıb. Müəssisənin inşası və istismarı işlərinin həyata keçirilməsi məqsə­dilə Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı Gə­miqayırma Zavodu” Məhdud Məsu­liyyətli Cəmiyyəti birgə müəssisəsi yaradılıb. 2010-cu il dekabrın 10-da təsisçilər arasında imzalanmış ra­zılaşmaya əsasən, SOCAR, AİŞ və “Keppel” şirkəti zavodun nizam­namə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz pay əldə ediblər. 

“Azərbaycan İnvestisiya Şirkə­ti”, SOCAR və Sinqapurun “Keppel” şirkətinin birgə fəaliyyətinin nəticəsi olan müəssisə 2013-cü ilin sonla­rında istifadəyə verilib. Azərbaycan hökuməti tərəfində ayrılmış 470 mil­yon dollar vəsait hesabına istismara verilən zavodun istehsal gücü ildə 25 min ton metal konstruksiya təşkil edir. Bu da il ərzində 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker və eyni sayda təchizat gəmi­sinin istehsalına imkan yaradır. 

Bakı Gəmiqayırma Zavodunun ilk sifarişi isə “Caspian Drilling Com­pany LTD” tərəfindən verilən ya­rımqazma qurğusu – DSS 38M olub. Qurğunun pantonunun göyərtəsi, eyni zamanda, yuxarı göyərtə məhz burada hazırlanıb. Bütövlükdə isə, ötən 10 il ərzində burada 12 yeni gəmi inşa olunub. Müəssisənin is­tehsalı olan gəmilər hazırda təkcə Xəzərdə deyil, həm də Qara dənizin sularında üzür. 

ASCO-nun sifarişi ilə “Bakı Gə­miqayırma Zavodu” MMC və “Baku Shipyard” MMC-də inşa olunan ilk milli “Ro-Pax” tipli “Azərbaycan” gə­mi-bərəsi istismara verildiyi ötən 3 il ərzində uğurlu fəaliyyəti ilə seçilib. Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin “Significant Ship 2021” reytinqinə əsasən, dünyanın ən yaxşı 50 dəniz nəqliyyatı siyahısına daxil edilmiş bu gəmi-bərə ilə ötən müddətdə həyata keçirilmiş çoxsaylı reyslərlə müxtəlif təyinatlı yüklər da­şınıb.

Zavodda neft məhsulları daşıyan iri həcmli tankerlərin istehsalı da hə­yata keçirilir. “Laçın”, “Kəlbəcər” və “Akademik Xoşbəxt Yusifzadə” tan­kerləri müəssisənin son illər reallaş­dırdığı mühüm layihələr kimi diqqət çəkir. Əvvəlki 2 tankerdən fərqli ola­raq “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məh­sulların daşınması mümkündür. 

Ölkəmizdə ilk dəfə olaraq dib­dərinləşdirən gəminin istehsalı da məhz burada həyata keçiriləcək. Mə­lum olduğu kimi, ötən ilin iyun ayında Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Li­manı” QSC və Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb. Sənədə əsasən, Bakı Gəmiqayırma Zavodunda Ni­derland şirkəti ilə birgə istehsal olu­nacaq dibdərinləşdirən gəmi Xəzər dənizinin səviyyəsinin aşağı düşmə­si nəticəsində limanlarda yaranan maneələrin aradan qaldırılmasına kömək edəcək. 

Hazırda istehsal prosesində me­talkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur. Eyni zamanda, za­vodda il ərzində 80-100 ədəd müxtə­lif təyinatlı gəminin təmirini həyata keçirmək məqsədilə yüksək texnoloji şərait yaradılıb. Məhz bunun nəticə­sidir ki, ötən müddətdə müəssisədə 180-ə yaxın tərsanə təmiri və digər işlər həyata keçirilib.

Göründüyü kimi, Bakı Gəmiqa­yırma Zavodunun ölkəmiz üçün iqtisadi əhəmiyyəti olduqca yüksək­dir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığı aradan qaldırmaqla yanaşı, Xəzər donanmasını müasirləşdirməyə də mühüm töhfələr verir. 

Gələcəkdə Xəzər dənizindəki yükdaşımaların həcminin artırılması nəzərə alınaraq daha irihəcmli tan­kerlərə ehtiyac olduqda zavodda 60-70 min ton yükgötürmə qabiliyyətinə malik tankerlərin inşası da həyata ke­çirilə bilər. Hazırda müəssisədə 1200 nəfər çalışır ki, bunun da, demək olar ki, hamısı yerli vətəndaşlardır. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat