“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev Brüsseldə keçirilən Avropa İttifaqı – Mərkəzi Asiya Nəqliyyat Əlaqəsi üzrə İnvestorlar Forumunda şəffaf qiymət siyasətinin müəyyənləşdirilməsi, infrastruktur üzrə məhdudiyyətlərin aradan qaldırılması, yüklərin vaxtında və təhlükəsiz çatdırılması üçün beynəlxalq dəhlizlərin iştirakçıları arasında fəal əməkdaşlığın zəruriliyini diqqətə çatdırıb.
A.Ağayev Azərbaycanın Orta Dəhliz üzrə ən vacib ölkələrdən biri olduğunu və nəqliyyat infrastrukturunun inkişafına iri investisiyalar qoyduğunu bildirib. O, eyni zamanda, Orta Dəhlizin iştirakçıları arasında əsas və strateji yüklər üçün məlumat mübadiləsini qurmaq və proqnozlaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolları arasında ortamüddətli planlama xidməti qurulduğunu da xatırladıb. A.Ağayev belə bir xidmətin dəhliz vasitəsilə daşımaların həcminin artması zamanı qovşaqlar arasında tranzit axınların bərabər paylamağa imkan verdiyini vurğulayıb.
ADY sədrinin müşaviri əlavə edib ki, Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu qurumları tərəfindən birgə müəssisə yaradılıb.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Avropa ilə Mərkəzi Asiya arasında multimodal, müasir, rəqabətqabiliyyətli, rəqəmsal və daha sürətli marşruta çevirmək, Orta Dəhliz üzrə fəaliyyəti və investisiyaları koordinasiya etməklə regionda nəqliyyat əlaqəsini gücləndirməkdir.
XQ