Strateji valyuta ehtiyatlarımız 66,5 milyard dollara çatıb

post-img

2023-cü ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 29,1 faiz artaraq 11,6 milyard dollara çatıb. Bütövlükdə isə, ötən ilin sonlarında Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin yekunu ilə müqayisədə 17 faiz çoxdur. Bu və digər məsələlər barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı dünən keçirdiyi mətbuat konfransında ətraflı məlumat verib. 

Azərbaycan Mərkəzi Bankının 2024-cü ildə ölkədə iqtisadi artımın, təxminən, 3,5 faiz səviyyəsində proqnozlaşdırdığı­nı diqqətə çatdıran T.Kazımov bildirib ki, gələn il isə ümumi daxili məhsulun artı­mı 3-4 faiz səviyyəsində nəzərdə tutu­lur. Qeyd olunub ki, ötən ilin yekunlarına əsasən, Azərbaycanın cari əməliyyatlar balansının profisiti 10 milyard ABŞ dol­larına yaxın olacaq. Mərkəzi Bank səd­rinin sözlərinə görə, ortamüddətli dövrdə –2024–2025-ci illərdə isə bu göstərici 7 milyard dollar səviyyəsində proqnozlaş­dırılır. 

2024-cü ildə inflyasiya proqnozunun dəyişməz saxlanıldığını vurğulayan T.Kazımov deyib ki, keçən ilin oktyabrında olduğu kimi, bu ilin yanvar proqnozlarına görə də, illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir. Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb. “2023-cü ildə 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı his­səsində formalaşıb. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. Belə ki, illik ər­zaq inflyasiyası 0,8 faiz, qeyri-ərzaq inf­lyasiyası 2,7 faiz, xidmətlər inflyasiyası isə 3,7 faiz təşkil edib. Faktiki inflyasiya­nın dinamikası inflyasiya gözləntilərinə də təsir edib”, – deyə Taleh Kazımov əlavə edib.

İdxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amilə toxunan Mərkəzi Bankın sədri deyib ki, ötən il valyuta ba­zarında tarazlıq inflyasiya idxalının məh­dudlaşmasında xüsusi rol oynayıb. Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankı ölkəmizdə inflyasiyaya təsir edə biləcək risklərin mövcudluğu ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, geosiyasi gərgin­liklərin davam etməsi dünya bazarında müxtəlif əmtəələr üzrə qiymətlərin yeni­dən artmasına səbəb ola bilər. Belə ki, son vaxtlar Qırmızı dəniz ətrafında ya­ranmış vəziyyət qlobal təchizat zəncirinə ciddi təsir göstərir. “Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozları­nı yüksək saxlayırlar. İqlim dəyişiklikləri də ərzaq qiymətlərinə təsir göstərməkdə davam edir. Lakin qlobal iqtisadi aktivliyin zəifliyi və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması qlobal inflya­siya proseslərinə azaldıcı təsir göstərə bilər”,–deyə açıqlamada bildirilir.

Mətbuat konfransında qeyd olunub ki, 2023-cü ildə Mərkəzi Bankda keçiril­miş valyuta hərracının 92 faizində təklif tələbi üstələyib. Hesabat ilində manatın nominal effektiv məzənnəsinin 19,3 faiz bahalaşdığını vurğulayan Mərkəzi Ban­kın sədrinin sözlərinə görə, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amildir. 

2023-cü ildə Mərkəzi Bankın valyu­ta bazarında alışyönlü müdaxiləsinin həcmi 2,1 milyard dollar olub. Bankın büdcə xərclərinin dinamikasını və kredit aktivliyini daxili tələb faktorları kimi daim diqqətlə izlədiyini deyən T.Kazımovun bildirdiyinə görə, valyuta alışları bank sistemində likvidliyin artmasına şərait yaradıb. O, həmçinin qeyd edib ki, son 2 ildə olduğu kimi, 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alış­yönlü ola bilər. 

Manatla pul bazasına gəldikdə isə, ümumilikdə, 2023-cü ildə bu göstərici üzrə 19,6 faiz artım qeydə alınıb ki, bu­nun da 14,6 faiz bəndi dekabr ayında baş verib. Diqqətə çatdırılıb ki, pul siyasəti alətləri pul siyasətindən kənar olan avto­nom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına və faiz ötürücülü­yünün gücləndirilməsinə xidmət edib. Taleh Kazımovun bildirdiyinə görə, dai­mi imkan və açıq bazar əməliyyatlarının aparılması pul bazarında milli valyutada banklar arasında həm təminatlı, həm də təminatsız bağlanan əqdlərin orta çəki­li faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi ilə eyni istiqamətdə hərəkətini təmin edib. Ümumilikdə isə, pul siyasə­ti ilə bağlı görülən işlərin əsas məqsədi banklararası uzunmüddətli kredit və de­pozitlərə təsirlə bağlıdır: “Biz yumuşal­ma siyasəti aparırıq. Biz uçot dərəcəsi­ni azaldırıq. Növbəti məqsəd bu faizlər banklarda depozitlərə təsir etsin. Cari hesablara ödənilən faizlərə olan təsiri gö­rürük, Repo Bazarına təsir edir. Mərkəzi Bankın açıqladığı indekslərə baxmanızı tövsiyə edirəm. Orda pul siyasətimizin banklar arasında və korporativ bazarlara olan təsirini görəcəksiniz”.

Azərbaycan Mərkəzi Bankı bu ildən yerli bankları da broker (vasitəçi) xidmət­lərinə cəlb etmək niyyətindədir. Ölkədə fəaliyyət göstərən bankların geniş fili­al şəbəkəsinə malik olduğunu diqqətə çatdıran Taleh Kazımovun fikrincə, bu addım kapital bazarının daha da geniş­lənməsinə şərait yaradacaq. “Bu sahədə kifayət qədər, əsasən infrastruktur baxı­mından planlarımız var ki, kapital bazarı effektiv işləsin. Bundan başqa, bazarda rəqəmsallaşmaya dair planlarımız var. Sözsüz ki, maarifləndirmə istiqamətində də işlər aparılacaq ki, həm investor, həm də emitentlərin biliklərini artıraq”, – deyə o qeyd edib.

Sığortalanma məsələsində müəyyən limitlərin olacağını bildirən Mərkəzi Ban­kın sədri deyib ki, bu məqsədlə sığorta şirkətlərinə yeni korporativ idarəetmə strategiyası təqdim ediləcək. Azərbaycan Mərkəzi Bankının korporativ istiqrazların sığortalanması istiqamətində, əsasən, qeyri-neft sektoru üzrə fəaliyyət göstərən şirkətlərini istiqrazlarına fokuslandığını vurğulayan Taleh Kazımovun fikrincə, bu zaman, əsasən, manatla olan istiqrazlara diqqət yetirilir. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat