“Azərpoçt”un illik mənfəəti 4,6 milyon manata çatıb

post-img

2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əməliyyat mənfəəti 11,5 milyon manat, xalis mənfəəti isə 4,6 milyon manat təşkil edib. İl ərzində qurumun gəlirləri və xərcləri, təxminən, 10 faiz artaraq müvafiq olaraq 72,3 milyon manata və 67,5 milyon manata çatıb. Xərclərin artımının əsas hissəsi əməkhaqqı ödənişlərinin payına düşüb. Bu da 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17 faiz artırılması ilə bağlıdır. Bu və digər məsələlər barədə “Azərpoçt” MMC-nin ötən ilin yekunları ilə bağlı hesabat tədbirində qurumun idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev məlumat verib. 

Qeyd olunub ki, “Azərpoçt” rəqəmsal çatdırma hesab olunan ilk poçtamatını da AZ1000 indeksli mərkəzi poçt məntəqə­sində müştərilərinin istifadəsinə verib. İnsan əməyi olmadan, avtomatlaşdırıl­mış şəkildə özünəxidmət funksiyalı poçt qutuları həftənin bütün günlərində 24 saat ərzində fəaliyyət göstərərək müş­tərilərin məmnunluğunu tam təmin edir. “Azərpoçt”un quraşdırdığı poçtamatların əsas üstünlüyü ondan ibarətdir ki, tam avtomatlaşdırılmış rejimdə, mərkəz sis­temlə birbaşa inteqrasiyalı şəkildə işləyir. İ.Mustafayevin dediyinə görə, bu zaman poçtamata yaxınlaşan müştəri özünə məxsus kodu yığaraq açılan qutudan heç kəslə onlayn və ya fiziki şəkildə təmasda olmadan bağlamasını götürə bilir. Ötən il Azərbaycana gətirilən bu tip qurğular qısa müddətdə hipermarketlərdə də quraşdırı­lacaq. 

Bundan əlavə, “Azərpoçt” yalnız on­layn sifarişlərin çatdırılması üçün nəzər­də tutulan, xüsusi xidmət nöqtələri olan PUDO məntəqələrini də istifadəyə ve­rib. Hazırda 50-yə yaxın bu tip məntəqə səhər 9:00-dan etibarən 12 saat ərzində əhaliyə xidmət göstərir. “20 mindən çox müştəri bazası olan, Türkiyədən onlayn məhsulların sifarişini çatdıran “Postcargo” bu gün 1113 şöbədə vətəndaşlara xidmət göstərir. Hazırda ABŞ-dən test rejimin­də bağlamaların çatdırılmasını icra edir, yaxın zamanda xidmətin tam istifadəyə veriləcəyi planlaşdırılır”, – deyə İ.Musta­fayev bildirib.

Qeyd olunub ki, “Azərpoçt" MMC-nin məlumat sistemi ötən 20 il ərzində mütə­madi olaraq yenilənsə də, bu istiqamətdə əsaslı işlər son dövrlərdə aparılıb. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlə­rin nəticəsi olaraq 2022–2023-cü illərdə “Azərpoçt”un IT sistemi tam yenilənib. Hazırda isə ölkənin baş poçtunun internet bankinq sistemi üzərində işlər davam et­dirilir. Bu məqsədlə “AzIntelecom” MMC tərəfindən sistem yoxlanılır. Yaxın günlər­də isə internet bankinq sisteminin təqdi­matı keçiriləcək. 

İşğaldan azad olunmuş ərazilərdə də poçt xidmətlərinin təşkili ilə bağlı la­zımi işlərin görüldüyünü diqqətə çatdı­ran İ.Mustafayev bildirib ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlı­da poçt şöbələri yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda “Azərpoçt”un Xankəndi Poçt Fi­lialının yaradıldığını bildirən sədr vəzifə­sinin icra edən İsi Mustafayevin sözlərinə görə, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində də poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən olunması ilə bağlı işlər davam etdirilir. 

Yeri gəlmişkən, son zamanlar “Azərpoçt” MMC-nin adından əhaliyə sax­ta mesajlar göndərilir. Xüsusən də 2023-cü ildən başlayaraq bu cür xoşagəlməz halların sayında artım müşahidə olunur. Belə bir narahatedici məqama toxunan İ. Mustafayev deyib ki, ölkəmizdə hətta bir sıra maliyyə qurumları da belə hallarla üzləşirlər. Bildirilib ki, “Azərpoçt” MMC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Elektron Təhlükəsizliyi Xidməti tərəfindən bu istiqamətdə müntəzəm təd­birlər görülür, əhali arasında maarifləndir­mə işləri aparılır.

“Azərpoçt” MMC-də istifadə olunan mövcud proqramın 20 ildir ki, fəaliyyət göstərdiyini vurğulayan qurum rəhbərinin sözlərinə görə, köhnəlmiş proqram səbə­bindən sistemdə müəyyən problemlər yara­nır. O deyib ki, “Azərpoçt” Məhdud Məsuliy­yətli Cəmiyyətinin sistemlərində ləngimənin baş verməsinin səbəbi də məhz onun köh­nə olması ilə bağlıdır. Sistem ləngiməsinin aradan qaldırılması üçün müvafiq prose­durların davamlı olaraq həyata keçiriləcə­yini bildirən İ.Mustafayev onu da deyib ki, köhnə sistemin yenilənməsi üçün avadan­lıqların və cihazların hər birinin dəyişdiril­məsi lazımdır. “Bununla bağlı 2023-cü ildə xeyli iş görülüb. Amma bu gün məsələnin tam həlli mümkün deyil. Bu problem tədri­cən öz həllini tapacaq ki, bu da ayrıca bir layihədir. Təəssüf ki, bunun üçün il yarıma­dək vaxt lazımdır”, – deyə İ.Mustafayev əlavə edib. Yeri gəlmişkən, bəzi hallarda vətəndaşlar bağlamaların itməsi ilə yanaşı, onların vaxtında çatdırılmamasından nara­zılıqlarını bildirirlər. Məsələyə aydınlıq gə­tirən İsi Mustafayevin dediyinə görə, bağ­lamaların gec çatdırılmasının əsas səbəbi ünvanın göstərilməməsi və ya səhv qeyd olunmasıdır. 

2024-cü ili mənfəətlə başa vurmaq üçün imkanların səfərbər olunduğunu vurğulayan qurum rəhbəri qeyd edib ki, il ərzində ölkə ərazisində yeni çeşidləmə mərkəzləri tikiləcək, IT infrastrukturu mo­dernləşdiriləcək. Bununla yanaşı, cari ildə “Azərpoçt” MMC-nin inzibati binaları təmir olunacaq, müştəri loyallığı indeksinin artı­rılması məqsədilə lazımi tədbirlər həyata keçiriləcək. Azərbaycanda universal poçt xidmətləri üzrə tariflərin qaldırılması ilə bağlı hər hansı təklifin olmadığını deyən qurum rəhbərinin sözlərinə görə, mini­mum əməkhaqqının artırılması ilə bağlı ehtimal edilən qərarlar poçt xidmətlərinin maya dəyərinə təsir etsə də, bu sahədə hər hansı dəyişiklik gözlənilmir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat