Milli İxrac Strategiyasının yeni hədəfləri

post-img

Ticarətdə qeyri-tarif maneələri aradan qaldırılır

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin (BTM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə respublikamızın gerçəkləşdirdiyi ticarət prosesində nəzərə çarpan qeyri-tarif maneələrinin aradan qaldırılması istiqamətində interaktiv müzakirələr aparılıb. 

AZPROMO-nun icraçı direktor müavini Tural Hacılı layihənin ixraca dəstək baxımından əhəmiyyətini qeyd edərək bunun Azərbaycan məhsulları­nın Aİ ölkələrinə ixracı zamanı üzləşilən problemlərin həlli yollarının tapılması­na mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, mövcud çətinliklərin aradan qaldırılması istiqamətində hazırda in­tensiv işlər aparıldığını və bu müstəvidə dövlət-özəl tərəfdaşlığı, eləcə də təs­diqlənməsi gözlənilən Milli İxrac Strate­giyasının yerli sahibkarlar üçün ticarətin asanlaşdırılması perspektivləri haqqın­da bəhs edib.

BMT-nin rezident əlaqələndiricisi Vla­danka Andreyeva isə müəyyənləşdirilən ticarət maneələrinə son qoyulmasının və istifadə olunmayan imkanların araşdırıl­masının zəruriliyini vurğulayıb. V. And­reyeva, həm də layihəni Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini ar­tırmaq üçün dialoqun və praktik həllərin təşviqində oynadığı rola görə yüksək qiy­mətləndirib.

Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xid­məti, Kiçik və Orta Biznesin İnkişafı Agent­liyi (KOBİA), eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin AZEXPORT xidməti, həmçinin Azərbay­canda Qadın Sahibkarlığın İnkişafı Asso­siasiyasının nümayəndələrinin iştirakı ilə keçirilən birinci “dəyirmi masa”da ticarət­də daxili qaydaların sadələşdirilməsi, ti­carət prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.

İkinci “dəyirmi masa” çərçivəsində isə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsər­rüfatı Nazirliyi, o cümlədən Fındıq, Nar və Azərbaycan Meyvə və Tərəvəz İstehsal­çıları və İxracatçıları assosiasiyalarının təmsilçiləri ticarətdə texniki tələblər, key­fiyyət standartları və qiymətləndirmələrə uyğunluğun təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirdə hazırlanan Milli İxrac Strategiyasında qısa və orta, həmçi­nin uzunmüddətli perspektivdə möv­cud məhsulların yeni bazarlara ixracının hədəfləndiyi vurğulanıb. Eyni zamanda 2021-ci illə müqayisədə 2026-cı ildə Azər­baycanın qeyri-neft ixracının 85 faiz artı­rılmasının, yəni təxminən 5 milyard ABŞ dollarına çatdırılmasının nəzərdə tutuldu­ğu diqqətə çatdırılıb. Qarşıdakı 5 ildə res­publikamızın qeyri-neft ixracının dəyərini isə hər il 1 milyard ABŞ dollarından çox artırmaq mümkünlüyü də xatırladılıb. 

Müzakirədə bildirilib ki, Beynəlxalq Ticarət Mərkəzi (BTM) Azərbaycanın ix­racının artmasına, Aİ və Şərq Tərəfdaş­lığının digər ölkələri ilə daha sıx ticarət inteqrasiyasına dəstək vermək öhdəliyinə sadiqdir. Vurğulanıb ki, BTM Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyidir, inkişaf et­məkdə olan ölkələrə ticarət sahəsində texniki yardım göstərməkdə demək olar ki, 60 illik təcrübəyə malikdir, fəaliyyətini KOB-ların inkişafına tam həsr etmiş ye­ganə çoxtərəfli qurumdur, həmçinin Azər­baycana dəstək verməyi qarşıya mühüm vəzifə kimi qoyur. 

Tədbirdə AZPROMO-nun bu ilin so­nunadək ticarət informasiya portalını isti­fadəyə verəcəyi də qeyd edilib. Bununla da “madeinazerbaijan.gov.az” elektron platforması vasitəsilə ixracatçılara daha yüksək və keyfiyyətli xidmətlər göstə­riləcək. Portalda ticarət iştirakçıları göm­rük prosedurları və sertifikatlaşdırma ilə bağlı mühüm məlumatlar əldə edəcək­lər. Azərbaycanda dövlət qurumlarının rəqəmsallaşdırılması üçün nəzərdə tu­tulan “Rəqəmsal körpü” layihəsinin icra­sı demək olar ki, başa çatıb. Xatırladaq ki, rəqəmsallıqla bağlı bu layihə əsasən, dövlət qurumlarının rəqəmsallaşdırılma­sı ilə bağlıdır. Bundan əlavə, hazırda KOB-ların rəqəmsallaşdırılması ilə bağlı layihə üzərində iş gedir. 

Yeri gəlmişkən, BMT-nin Ticarət və İn­kişaf üzrə Konfransının 2006- ci ildə apar­dığı araşdırmaya əsasən, bir ticari prose­durun 30-a qədər tərəfi, 40-a yaxın sənədi və 200-ə qədər fərqli məlumat bazası var. Bütün bu məlumatların 70 faizini ən azı bir dəfə yoxlamaq tələb olunur. Bu isə ar­tıq vaxt itkisidir. Dünya Bankının 2010-ci ildə Effektiv Loqistika İndeksi sənədinə görə, beynəlxalq səviyyədə ticarəti asan­laşdıraraq onun həcmini yarıbayarı artır­maq iqtisadiyyatda 377 milyard dollar (9,7 faiz) məbləğində böyüməyə səbəb ola bilər. Eyni sənəddə qeyd olunan başqa bir məlumatda bildirilir ki, sadəcə gömrük prosedurlarının asanlaşdırılması isə dün­ya miqyasında iqtisadiyyatda 33 milyard dollarlıq böyüməni şərtləndirir. 

Müzakirədə səsləndirilən bir fikri də diqqətə çatdırmaq istərdik. Bildirilib ki, Azərbaycanın informasiya texnologiyaları (IT) məhsulları hazırda 30-dan çox ölkəyə ixrac edilir. Bu, respublikada İT sekto­runun son illər inkişafından xəbər verir. Halbuki əvvəl ölkədə bu sahədə məhdud sayda şirkət var idi. İndi isə onların sayı çoxdur. İT sahəsində tətbiq edilən güzəşt­lər bu sahədə yeni imkanlar yaradır, ixracı artırır. Azərbaycan şirkətləri xarici bazar­lara sürətlə yönəlir.

İnnovasiyalar sahəsində ixracdan əldə edilən qlobal gəlirlər barədə də araş­dırma aparılıb. Məlum olub ki, ötən il İsrail İT məhsullarının ixracından 45 milyard dollar, Belarus 3 milyard dollar gəlir əldə edib. Azərbaycanın isə isə bu sahədə gəliri 500 milyon ABŞ dollara yaxınla­şır. Düzdür, bu, adları çəkilən ölkələrin müvafiq göstəriciləri ilə müqayisədə çox aşağıdır. Amma həyata keçirilən layihələ­rin sürətli icrası yaxın perspektivdə ölkə­mizdə İT məhsullarının ixracında müsbət dəyişikliyin olacağını deməyə əsas verir. 

Tədbirdə yuxarıda sadalananlarla bərabər, bildirilib ki, artıq Azərbaycan Mərkəzi Bankında (AMB) sahibkarlara li­senziyaların elektron platforma üzərindən – onlayn şəkildə verilməsi qərara alınıb. Qeyd edək ki, bu ildən iqtisadiyyatın bir sıra sektorlarında fəaliyyət göstərən sahi­bkarların AMB ilə işinin asanlaşdırılması üçün elektron platformalar yaradılıb. Li­senziyaların elektron verilməsi üçün plat­formadan istifadə olunması istiqamətdə işlərə başlanılıb. 

Həmin platforma istifadəyə verildik­dən sonra kağız daşıyıcılarda əməliyyat aparılması ilə bağlı zərurət qalmayacaq. Çünki həmin platformaya bir sıra dövlət qurumlarının informasiya sistemləri inteq­rasiya olunacaq.

Hazırda AMB-nin elektron müraciət sistemi səmərəli fəaliyyət göstərir. İstə­nilən sahibkar quruma müraciət edib rəs­mi şəkildə cavab ala bilir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat