Qarabağ ölkənin “polad magistral” şəbəkəsinə qoşulur

post-img

Bərdə–Ağdam dəmir yolunun tikintisi sona yaxınlaşır. Artıq yolun Ağdam şəhərinin mərkəzinə qədər olan hissəsinin tikintisi başa çatdırılıb. Ümumilikdə isə, layihə üzrə işlərin 90 faizi tamamlanıb. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat katibliyi şöbəsinin müdiri Sənubər Nəzərovanın bildirdiyinə görə, yola saldığımız 2023-cü il Qarabağda də­mir yolu infrastrukturunun qurulması baxı­mından əlamətdar olub. İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrast­rukturunun yenidən qurulmasına 2020-ci ildən başlanıldığını xatırladan şöbə müdi­ri Bərdə, Təzəkənd və Köçərli stansiya­larının tikintisi üzrə işlərin tamamlanmaq ərəfəsində olduğunu diqqətə çatdırıb. O deyib ki, 47,1 kilometr uzunluğunda olan dəmir yolu xəttinin inşası tədricən sona yaxınlaşır. Ümumilikdə isə, təsərrüfat obyektləri, yeni yardımçı infrastruktur tamamlandıqdan sonra layihə tam hazır olacaq.

Bu il ərzində dəmir yolu və avtovağzal kompleksinin yeni vahid nəqliyyat qov­şağı şəklində tikintisinə start veriləcəyini vurğulayan S.Nəzərova, həmçinin qeyd edib ki, hazırda Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Qarabağ qolu hesab olunan Yevlax–Bərdə yolunun layihələndirilməsi aparılır. Onun sözlərinə görə, bütün bu işlərin görülməsində əsas məqsəd ölkə boyu dəmir yolu infrastrukturunun, xüsu­silə də işğaldan azad edilmiş ərazilərdə yenidən qurulmasına və sağlamlaşdırıl­masına mərhələli şəkildə nail olunmasın­dan ibarətdir. 

XQ

İqtisadiyyat